Ana - Hekayə

Ana - Hekayə

Image
  • 17 Mart 2023

Mən onun tez-tez tənha guşələrə çəkilərək ağladığını eşidirdim. Bir dəfə özüm də bunun şahidi olmuş, ona təsəlli vermək arzusu ilə yanına getmiş, lakin bir kəlmə də danışa bilməmişdim. Axı mən ona nə deyə bilərdim? Hamı "darıxma, ay Leyla xala, məktub gəlməyəndə nə olar, yəgin uzaq yerdədir, Allah qoysa özü gələr" dediyi halda, ona eyni sözlərlə mən də təsəlli verə bilərdimmi? Yox, əsla yox! Bəs onda həqiqəti bütün çılpaqlığı ilə ona necə danışmalı, onun gecə-gündüz sızlayan qəlbini nə sayaq ovutmalı idim? Bunları düşünəndə nitqim tutulur, ürəyim şiddətlə çırpınırdı.

Leyla xala bizim qonşuluğumuzda yaşayırdı. Yaralanıb cəbhədən qayıtdığım gündən o, həmişə bizə gəlib-gedər, mənimlə söhbət etməyi çox sevərdi. Mən isə onu hər dəfə görərkən dərdim təzələnər, bir anda başımın üstünü kədər buludları alardı. Leyla xala belə hallarda üzümə diqqətlə baxar, qüssəmin əsl səbəbini bilmədiyindən, incə və mehriban səsi ilə mənə təsəlli verərdi: 

- Ana sənin boyuna qurban, darıxma, igidin başına çox işlər gələr, oğul, şükür Allaha ki, sağ-salamat gəlib çıxmısan!...

Yaraların da sağalıb... bir az zəifsən, nə olar, o da düzələr, təki canın sağ olsun!...

Mən bəzən onun bu sözlərindən cəsarətə gələr, əhvalatı danışmağa və son borcumu verməyə çalışardım... Lakin...

Bir gün bağçamızdakı qoca palıd ağacının kölgəsində uzanıb kitab oxuyurdum. Birdən ürək odlayıcı, yanıqlı bir səs məni mütaliədən ayırdı. Qulaq asmağa başladım, kim isə ağlayır, həzin-həzin bayatı çağırırdı:

Əzizim balabanı,

Asta çal balabanı.

Hamının balası gəldi,

Bəs mənim balam hanı?..

Tüklərim ürpərdi, bədənimə yayılan üşütmə iliklərimə işlədi. Taleyindən için-için şikayət edən bu qadın sədası mənə tanış gəldi.  Ayağa durub qonşu həyətə baxdım; ağlayan o idi. Leyla xala. O, evlərinin qabağında oturmuşdu, toxuduğu corabı göz yaşları ilə isladırdı. Bu hal məni son dərəcə mütəəssir etdi. Onun yanına getmək istədim, elə bu vaxt bir sağsağan ucub, Leyla xala ilə bizim bağımızı ayıran xəndəyin üstündəki qarağaca qondu və qırıldamağa başladı. Qulağına quş səsi dəyən Leyla xala, qəflətən yuxudan ayılan adamlar kimi, tez başını qaldırdı və şad xəbərlər müjdəçisi sağsağanı görüb sevindi. O, ayağa durdu və çoxdan axtardığı quşa həyəcanla müraciət etdi:

- Ey nisgilli anların xoş müjdəçisi sağsağan, əgər balam gələcəksə, yerini dəyiş, sağsagan, yerini dəyiş...

Sağsağan yerindən tərpənmirdi.

Ana qəlbi daha səbr edə bilmir, bütün dərdlərini açıb ona söyləyirdi:

- Axı mən anayam, sağsağan, balam gələcəksə, yerini dəyiş, eşidirsənmi, yerini dəyiş...

Sağsağan heç nə aldırmadan qanadlarını oynadırdı. İntizar ana isə məhzun baxışlarını ondan çəkməyərək ümidlə gözləyirdi. Onun bu halı  və yalvarışı məni son dərəcə mütəəssir etdi. Ağır düşüncələr içərisində çırpınarkən, birdən-birə haradansa başıma bir fikir gəldi: sağsağanı ucurmaq. Elə bu məqsədlə də sürünə-sürünə qarağacın altına gəldim və yerdən kiçik bir daş götürüb atdım; quş uçdu. Bu an elə bil ananın da qəlbindən kədər uçdu, onun göz yaşları qurudu, rəngi açıldı, titrəyən dodaqlarına təbəssüm qondu...

Mən onun sevinclə "şükür" deyə evə gəldiyini görüb öz hərəkətimdən razı halda geri döndüm.

Bu hadisə eynilə sabahkı gün də davam etdi. Yazıq Leyla xala oğlunun sağ olduğuna inanır, daha ağlamırdı.

Ancaq mən onu aldatmağıma peşman olmuş, vicdan əzabı çəkməyə başlamışdım. Leyla xalanın günahı nə idi, niyə mən həqiqəti ondan gizlədirdim? Cəbhə dostumun xahişini, son sözlərini, vəsiyyətini yerinə yetirməməkdə mən haqlı idimmi? Bu suallar məni düşündürür, qəlbimi sıxır, əzirdi.

Sağsağanı ucurduğuma təəssüv edirdim. Ancaq nə etmək ki, artıq gec idi, quş vərdiş etdiyindən, Leyla xalanın nəvazişkar səsini eşidən kimi qanad çalıb fəzalara uçur, ana sevinir, mən isə qəhərlənirdim.

***

İsti avqust günlərindən biri idi. Həyətdə oturub söhbət edirdik. Bir necə qonum-qonşu, tanış-bilişimiz bizə toplanmışdı.

Leyla xala da burada idi. Bir qədər söhbətdən sonra əmim üzünü mənə tutub cəbhə həyatından danışmağa xahis etdi. Mən oturanları bir-bir nəzərimdən keçirib, daha çox Leyla xalaya baxdım. Onun daima yollar əsiri olmuş həsrətli baxışları bir anlığa mənə zilləndi. Mən nədənsə tərəddüd edir, danışmaq istəmirdim. O bunu duyduğundan, yavaş və titrək səslə dedi:

 - Danış, oğlum, danış, şirin söhbətinlə ana qəlbini dindir.

Mən:

- Əziz dostlar, qulaq asın, sizə qəhrəman bir ellimiz barəsində danışacağam, - deyərək sözə başladım...

Mən əvvəlcə, onunla ilk dəfə necı görüşdüyümdən, ciyin-ciyinə vuruşduğumuz döyüş meydanlarından, onun şücaətlərindən danışıb, sonra əsl mətləbə kecdim.

- Biz cəbhəyə getdiyimiz zaman bir-birimizdən ayrılmamağa and içmişdik. Lakin amansız əcəl bizi ayırdı. Odlu döyüşlərin birində dostum köksündən yaralandı və bir an içərisində ildırım vurmuş ağac kimi yerə sərildi. Mən cəld özümü ona yetirdim. Dostumu qan aparırdı. Tez başını yerdən qaldırıb dizlərimin üstünə aldım, əllərimlə sacını sığalladım: " Sən nə edirsən, dostum, qalx, yaranda qorxulası bir şey yoxdur, keçib gedər!"- dedim. "Yox... mənə təsəlli vermə... Dostum... Səndən bir xahişim var: vətənə dönsən, bizə gedib gözü yol çəkən anamın gözlərindən öpərsən... Deyərsən ki, vətən övladları evə dönəndə...o, kandar üstə durub məni görməyəndə..." Bəs mənim balam hanı...hanı?..."deyərək ağlamasın..."

Dostum bu sözləri deyib və bir daha danışmadı, şəfqət bacıları yetişənə qədər dizlərimin üstündə can verdi.

Biz onu hörmətlə dəfn etdik. Hissəmizin döyüşçüləri onun qanını yerdə qoymayacaqlarına and içdilər. Mən də onun cənazəsi qarşısında diz çökərək and içdim!

Sözümü qurtarıb Leyla xalaya baxdım. Onun gözləri yaşarmışdı, sinəsi aramsız qalxıb-enirdi. O, gözlərimin içinə baxır, odlu baxışları ilə məni sarsıdırdı. O baxışlar mənə nələr söyləmirdi! Mən Leyla xalanın gözlərindən qəlbini aydınca oxuyurdum. Buna görə də onun iztirabları önündə " o, sənin oğlundur, ana, icazə ver, gözlərindən öpüm" deyə bilmədim və üzümü əmimə tutub:

- Əmican, indi de görüm belə bir oğulun anası ağlayarmı? - soruşdum.

Əmim sualımın əsl mənasını duyub dərindən köks ötürdü, Leyla xalanı süzərək:

- Yox, oğlum, ağlamaz, heç vaxt ağlamaz! - cavabını verdi...

***

Bu əhvalatdan sonra hər gün Leyla xala ilə üz-üzə gəlirdim. O həmişə eyni nəzərlərlə mənə baxır, məhzun baxışları ilə "balam hanı?" deyirdisə də, soruşmağa dili gəlmir, cəsarəti tükənir qorxurdu!

Bəli, o qorxurdu...qorxurdu...çünki ana idi!

1944