Bənövşə əfsanəsi - Mənsur şeir

Bənövşə əfsanəsi - Mənsur şeir

Image
  • 16 Mart 2023

Baharın ilk günü idi. Biz bir neçə yoldaş bulaq başında oturub ətrafımızı bürüyən zərif güllərin, çiçəklərin, üstü şehlə örtülmüş yaşıl otların xoş ətri ilə nəfəs alır, dincəlirdik.

Bulaq başı söhbətsiz olmaz deyərlər. Biz də söhbət edirdik. Hərə bir söz deyir, bir söz danışır, məclis getdikcə qızışırdı...

Növbə bayaqdan bəri gözlərini orda-burda bitən tər bənövşələrə zilləyərək, fikrə getmiş dostuma çatdıqda, o bizə bir əhvalat danışacağını bildirdi və:

– Mənə bunu sinəsi qorxulu nağıllar, əfsanələr və qədim rəvayətlərlə dolu dünyagörmüş bir qoca nağıl etmişdir – deyərək sözünə başladı.

...Qədim zamanlar bu diyarda aslan ürəkli, bəbir biləkli bir cavan yaşardı. Onun adı Bahardı. Naxırçı oğlu Bahar...

O, hər səhər günəş hələ tülu etməmiş evdən çıxar və... hara getsə yaxşıdır? – deyə dostum yanında oturmuş qızların birinə müraciət etdi. Qız azacıq duruxdu, sonra birdən-birə:

– Bulaq başından yaxşı... Hara gedə bilər? – dedi.

Dostum davam etdi:

– Bəli, kəndin yaxınlığındakı bulaq başına gedər və orada tənha bir daş üzərində oturaraq kiminsə yolunu aramsız gözlərdi.

İlan kimi burularaq əsrarəngiz meşənin qəlbindən keçən bulağın ahəngdar şırıltısı, vüsal eşqi ilə çırpınan sevdalı bülbüllərin məlahətli nəğmələri, öz təravətləri ilə meşəni bihuş edən rəngarəng güllərin xoş rayihəsi, xəfif-xəfif əsən sabah mehinin həzin, olduqca həzin musiqisi, meşə ağaclarının necə, sehrli pıçıltıları onu burada vəcdə gətirər və o da papağını gözünün üstə aşırar, ən çox xoşladığı bir bayatını ahəstə-ahəstə deyərdi:

Əzizim bağda dara,

Zülfünü bağda dara. 

Bülbülü güldən ötrü

Çəkdilər bağda dara!

Bu onun həmişə oxuduğu bir bayatı idi. O, nədənsə hər səhər bu bayatını bulaq başında oxuyar və sevgisi üstə ölümə getmiş fədakar aşiqin dərin faciəsinə qəlbən acıyardı. Bahara elə gələrdi ki, sanki o bu mahnısı ilə dünyadan nakam getmiş biçarə aşiqi yenidən yaşadır, ona sadiq ürəklərdə əbədiyyət heykəli qurur, onu yad edirdi.

O, mahnısına başlar-başlamaz arxadan göylər pərisi ay qədər gözəl bir qız çiynində sənək zahir olar və bu həzin mahnını eşitmək üçün dayanar, onu dinlərdi. Günəş də elə bu zaman yaxındakı ağacların arxasından baş qaldırar və öz qızıl saçlarını Baharın nəğməsindən məst olmuş meşənin üzərinə sərər, ayna bulağın göz yaşı kimi şəffaf suyunu al-əlvan rənglərə boyayar... Bahar da mahnısını qurtarardı.

– Bülbülü güldən ötrü çəkdilər bağda dara... Hə? – qız arxadan səslənən, sənəyi çiynindən yerə qoyardı.

Bahar onun səsini eşidincə tez yanına qoşar:

– Bəli, mənim Bənövşəm, elədir – deyər və onu əyləşdiyi daşın yanına gətirərdi.

Onlar burada xeyli oturar, gələcək xoş günlərini göz önünə gətirər və o çağların xəyalı ilə deyib-gülərdilər.

Bənövşə nədənsə bu zamanlar sirri özünə də məlum olmayan bir həyəcanla:

– Görəsən həqiqi aşiqləri bu dünyada hansı qüvvə ayıra bilər əzizim – təkrar-təkrar Bahardan soruşardı.

Bahar həmən dəqiqə onun sualının əsl mənasını anlar və:

– Məhəbbət dünyada ən böyük qüvvədir, əzizim, ona sahib olanları heç bir şey ayıra bilməz – deyərək onun həyəcanını sakit etməyə çalışar, qəlbini ovundurardı.

– Bəs ölüm?!

– Sadiq ürəkləri o da ayıra bilməz!..

Bənövşə ayna bulaqdan sənəyini su ilə doldurub gəldiyi yolla qayıdar, Bahar sirli meşənin dərinliklərində yox olardı...

Onlar beləcə hər güq məlum bulaq başında görüşərdilər.

*** 

Bənövşə ölkənin adlı-sanlı, bildər bir gözəli imiş. Bahar el-oba içərisində öz misilsiz igidliyə nə qədər tanınırmışsa, Bənövşə də bir o qədər öz cazibədar gözəlliyi ilə məşhurmuş. Onun adı dillərdə gəzir və dövlətinə, varına güvənən hər kəs... Hər kəs bu mələk təbiətli qıza sahib olmaq üçün çalışır, əlindən gələni əsirgəmirmiş. Onun sorağına ölkənin hər yerindən adlı-sanlı cavanlar axışıb gəlir, qapıları səhərdən-axşama qədər elçilərlə dolu olurmuş. Ona qucaq-qucaq qızıl hədiyyələr gətirilir, ona dünyalar vəd edilirmiş. Fəqət o, bunların heç birinə etina etmir, yalnız naxırçı oğlunu sevir, saf təmiz bir məhəbbətlə sevirmiş. Onun bütün arzuları Baharla gülür, Baharla da qanadlanırmış.

Lakin Bənövşə Baharı sevdiyini heç kəsə deyə bilmir, ona bir xətər yetirələcəyindən qorxurmuş. O, yaxşı bilirmiş ki, desə də, deməsə də – fərqi yoxdur – onu naxırçı oğluna verməyəcək, hələ bir üstəlik danlayacaqlar da...

Onunçun da Bənövşə adına gələn bütün elçiləri kor-peşman geri qaytarırkən xan babasına sadəcə heç kəsi sevmədiyini deyirmiş...

Fəqət çox yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Get-gedə Bahar ilə Bənövşənin məhəbbəti dillərə düşür, ölkənin hər tərəfinə yayılır. Hələ Bənövşədən gözlərini çəkməmiş varlı dəliqanlılar özlərini təhqir olunmuş hesab edir və Bahardan intiqam almaq fikrinə düşürlər... Və bir gün səhər erkən özlərini sıx kolların arxasına verib onu ölümcül yaralayırlar

Bahar o gün ilk dəfə olaraq sevimli Bənövşəsinin görüşünə gedə bilmir.

Bənövşə bulaq başında onu çox gözləyir, nəhayət gəlmədiyini görərək, qorxulu şübhələr içərisində geri qayıtdığı zaman onu iki yol ayrıcında qızıl qanlara bulanmış halda çiçəklər üzərində sərilib qalmış görür.

– Bahar can, de hansı namərd səni bu hala saldı, əzizim, - deyərək Bənövşə onun başını yerdən qaldırıb dizləri üstünə alır.

Bu zaman qulaqlarında səslənən fəradlarla dolu bir mahnı onun bütün vücudunu sarsıdır.

Bu kimin səsidir?..

Bənövşə Baharın dodaqlarına baxır, bayaqdan bəri açıla qalmış hərəkətsiz, solğun dodaqlar indi tərpənir və sanki tanış bir mahnının son dəfə təkrar edirdi:

Bülbülü güldən ötrü

Çəkdilər bağda dara! 

*** 

Baharın ölümündən sonra Bənövşə bir an ayağını bulaq başından kəsməz, qərib-qərib boynunu buraraq oradakı tənha daş ürəzində oturar... Baharın həzin mahnısını oxuyar, təkrarən oxuyardı.

Meşədən keçən hər bir kəs bu yanıqlı, həzin səsə qulaq kəsilər, onu dinləmədən ötə bilməzdi.

Bir gün bahar öz yaşıl örtüyünü yığıb meşəni tərk etdi. Elə bu gündən Bənövşənin də səsi eşidilməz oldu. Bütün kənd əhli axışıb bulaq başına gəldi. Hər yeri axtardılar. O yoxdu, sanki o da Baharla getmiş, meşəyə əlvida demişdi.

Payızın soyuq günləri başladı, qış gəldi. Ayna bulaq buz bağladı. Bənövşədən bir soraq olmadı. Lakin kəndlilər ondan yenə ümidlərini kəsmədilər. Onu bir daha görmək üçün gələn bahara bel bağladılar və səbirsizliklə onun gəlişini gözlədilər.

Nəhayət, bahar gəldi. Bütün kənd bulaq başına axışdı. Fəqət o, yenə yoxdu. Bənövşə gəlməmişdi.

Onlar tənha daşın yanına gəldilər və birdən-birə daşın böyründən hələ onlara məlum olmayan, boynu çiynində bitmiş bir zərif çiçəyin baş qaldırdığını gördülər... Və o gündən bu məsum çiçəyə bənövşə adı verdilər...

Dostum sözünü bitiriö mənalı nəzərlərlə bizə baxdı.

Biz, indi susur və məsum görkəmiylə yoldan keçənləri özünə cəlb edən bənövşə haqqında düşünürdük. Araya dərin bir sükut çökmüşdü.

Sükutu ancaq sakit-sakit axan bulağın həzin şırıltısı pozurdu.

 

10 yanvar, 1946