Əməyin bəhrəsi - Oçerk (sənədli hekayə)
- Ana Səhifə
- Əməyin bəhrəsi - Oçerk (sənədli hekayə)
Əməyin bəhrəsi - Oçerk (sənədli hekayə)
Onun atası evində də, ər evində də gördüyü işə, səliqə-səhmana söz yox idi. Özü də deyərdi ki, tənbəl arvad, suyu dağıdar, deyər: - Aydınlıqdır! Məncə, aydınlıq onda olur ki, arvad olan ev həmişə təmizliyiynən, səliqə-sahmanıynan par-par parıldayır.
Oğlu böydükcə atasının vaxtilə dediyi sözü xatırlayırdı: İşə getməyən oğlun olunca, cütə gedən öküzün olsun!
Düşünürdü, ürəyi açılırdı: " Maşallah, uşaq əməyə möhkəm bağlanır. Elə oğuldur ki, durub".
Övladın zəhmətsevərliyi valideyinə sevinc gətirir həmişə. Sevinirdi o da. "İlahi, kaş axıracan belə olaydı... Axıracan!..."
****
Evdə hamı səbirsizliklə onu gözləyirdi. Hərəsi onu birinci təbrik ekəməyi ürəyindən keçirir, tez-tez qapıya baxırdı. O bu ailənin nəyiydi ki?
Ailə onun anasından, arvadından, bacısından və üç uşağından ibarətdir. Böyüklərdən çox uşaqlar həyəcan keçirirdilər. Bəs necə? İndicə ataları gələcək, onu salamlayacaq, təbrik edəcəkdilər.
Anası Rövşən xala qollarını onun boynuna doladı, bütün ailənin fikrini ifadə edirmiş kimi dedi:
- Sağ ol, oğul, sağ ol... Oğulsan ki, oğul!
O, işarəni başa düşdü. Babasının anasına dediyi sözü o da bilirdi: İşə getməyən oğlun olunca, cütə gedən öküzün olsun!
Anasına baxdı, əməyə alqış yağırdı anasının gözlərindənş
Fikrət, Fərhad və Sevil atalarına sarıldılar...
Ailədə bu şadlığın səbəbi nəydi ki?
***
O, Hikmət Əfəndizadə 1926-ci ildə Şamaxı şəhərində müəllim ailəsində anadan olub. Şamaxıda 7 illik məktəbi qutarandan sonra 6 nömrəli üzümçülük sovxozunda işləməyə başlayıb. Böyük Vətən müharibəsi illərində hər kəs əlindən gələnə cəbhə üçün edirdi. Hikmət də öz borcunu yerinə yetirməyə calışırdı. Dəfələrlə təşəkkür almışdı.
1944-ci ildi, müharibə yeyirdi adamları. Neft Bakısının fəhləyə ehtiyacı vardı. Rayondan bir dəstə gənc neft sənayesində işləməyə göndərilirdi. Hikmət də o dəstədəydi. Anası onu yola salanda demişdi ki, oğul, boğazından kəsib bizə yollama, Necə olsa biz birtəhər dolanarıq. Təki sən bir yana çıxasan. Özündən muğayat ol, gözümün ışığı...
Hikmət Kirovneftin qazma kontorunda işə başlamışdı. Pillə-pillə dərəcəsi artırtdı. 1974-ci ildə artıq yeddinci dərəcəli qazmacı idi. 1949-cu ildə onu Suraxanıdakı 6 aylıq təkmiləşdirmə kursuna göndərdilər. 1951-ci ildən o, Stalinneftin qazma kontorunda çalışmağa başladı. 1955-ci ilin martından isə M.İ. Kalinin adına Bakı mexaniki-cihazqayırma zavodunda çilingərdir.
Özünün əməksevərliyi, bacarığı ilə fərqlənən Hikmətə nə var ki?! Üç "Əməkdə fərqlənməyə görə" medalı var, dəfələrlə tərifnamə, pil mükafatı alıb. Alacaq da. 1958-ci ilin istehsalat tapşırığını layiqincə yerinə yetirib. 59-cu ilin yanvar və fevral aylarının tapşırıqlarını artıqlaması ilə ödəyib. 6 nömrəli Fioletov seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd göstərilib...
Əməyin bəhrəsi!.. Zəhmət batmayanda sevincini yığıb-yığışdırmaq olmur. Rövşən xala demişkən, əməyə baş əyənin başı uca olur.
Mart, 1959