Gülhüseyn Hüseynoğlu - "Köhnə kişilər" silsiləsindən - Vaqif YUSİFLİ yazır
- Ana Səhifə
- Gülhüseyn Hüseynoğlu - "Köhnə kişilər" silsiləsindən - Vaqif YUSİFLİ yazır
Gülhüseyn Hüseynoğlu - "Köhnə kişilər" silsiləsindən - Vaqif YUSİFLİ yazır
90 il yaşadı Gülhüseyn Hüseynoğlu. Onun ömür yolunu bir-birindən fərqli üç zamana sığışdırmaq olar.
Birincisi - uşaqlıq, gənclik illəri, tələbəlik həyatı. Və bu dövrdə, tələbə olarkən Gülhüseyn Hüseynoğlu özü kimi millətini sevən, lakin onu Qırmızı İmperiyanın əsarətində görmək istəməyən bir neçə əməl dostu ilə gizli bir təşkilatda fəaliyyət göstərir. 1948-ci ildə "İldırım" adlanan həmin təşkilat üzvləri həbs olunur, xeyli dindirmələrdən sonra 1949-cu ildə Gülhüseyn Hüseynoğlu 25 il azadlıqdan məhrum edilir. Həbs olunana qədər o, BDU-da aspiranturaya qəbul olunmuşdu.
İkincisi - səkkiz illik sürgün həyatı. 1956-cı ildə ona tam bəraət verilir, Bakıya qayıdıb aspiranturaya bərpa olunur.
Üçüncüsü - Gülhüseyn Hüseynoğlunun yazıçı kimi ədəbi prosesdə, alim kimi elm aləmində, müəllim kimi BDU-da səmərəli fəaliyyət illəri. Qısaca olaraq Gülhüseyn müəllimin keçdiyi ömür yolunu antisovet fəaliyyəti, məhbus həyatı və yazıçı-alim-pedaqoq kimi səciyyələndirmək olar.
Hələ tələbə ikən Gülhüseyn Hüseynoğlu ədəbi fəaliyyətə başlayır, 1944-cü ildə qələmə aldığı "Ana" adlı ilk hekayəsini çap etdirir. Bu hekayə Səməd Vurğunun da xoşuna gəlmişdi. 1946-cı ildə isə onun "Bənövşə əfsanəsi" mənsur şeiri çap olunur və Gülhüseyn Hüseynoğlu həm hekayə və povestlər, həm də mənsur şeirlər müəllifi kimi yaradıcılığın bu iki sahəsində yoluna davam edir.
Mən Gülhüseyn müəllimlə dəfələrlə bir yerdə olmuşam, aramızda səmimi bir münasibət yaranmışdı. Tanışlığımız isə belə baş vermişdi: Mənim "Müasir Azərbaycan nəsrində konflikt və xarakter" mövzusunda namizədlik işim BDU-ya, filologiya fakültəsinə əlavə rəyə göndərilmişdi. Kafedrada bu iş müzakirə olundu və əsasən razılıqla qarşılandı. Amma o iclasda Gülhüseyn müəllim çıxış eləyib dedi ki, sənin dissertasiyanda Gülhüseyn Hüseynoğlunun "Nigarançılığın sonu" adlı hekayəsinin heç adı çəkilməyib. Oxumusan onu? Doğrusu, cavab verə bilmədim, amma hekayəni oxumuşdum, o, haqlı idi. Gülhüseyn müəllim bunu özünə görə deyil, hekayəsinə görə deyirdi. Bu hekayə təkcə G.Hüseynoğlunun yaradıcılığında deyil, ümumən, Azərbaycan nəsrində ən gözəl nəsr əsərlərindən biri idi.
Sonralar mən "Azərbaycan" jurnalında işləyəndə Gülhüseyn müəllimi hərdən Yazıçılar İttifaqında da görürdüm və günlərin bir günü ona yaxınlaşıb dedim ki, Gülhüseyn müəllim, mən də Masallıdanam (o, Masallının Mollaoba kəndindən idi, 3-4 yaşından ailəsi ilə birgə Bakıya köçmüşdü), dedi ki, gözlərim aydın, mən yerlipərəst deyiləm. Küskün halda ondan ayrılmaq istəyirdim ki, qolumdan tutdu, gülümsünüb dedi ki, yaxşı, sən Masallıdansan, bunu bildim, Masallıda kino idarəsinin rəisi Qubad Nəsirovu tanıyırsanmı? "Əlbəttə, tanıyıram" dedim, Qubad Nəsirov Sosialist Əməyi Qəhrəmanıdır, onunla bir neçə dəfə oturub çay da içmişəm. Biz şair Oqtay Rza da iştirak eləməklə "soobrazim" üsuluyla bir yeməkxanada kababladıq. Yeməkdən sonra Gülhüseyn müəllim mənə dedi ki, haçan rayona getsən, Qubad Nəsirovu tap, ona mənim salamımı yetir.
Sonralar bu yeməkxana əhvalatı bir neçə dəfə təkrar olundu və hiss elədim ki, Gülhüseyn müəllimlə mənimki tutur. Məni çox düşündürürdü ki, niyə Gülhüseyn müəllim öz sürgün həyatından yazı yazmır və günlərin bir günü ona bu sualı verdim. O, yalnız bir söz dedi: "Yazacağam". Amma yazmadı.
Akademik Ziya Bünyadovun 1920-1937-ci illərin sovet repressiyası zamanı Azərbaycan ziyalılarının faciəsinə həsr olunmuş "Qırmızı terror" kitabında Gülhüseyn Hüseynoğlunun antisovet fəaliyyəti də işıqlandırılıb, Dövlət siyasətinə qarşı çıxmaq o zamankı DTK-nın fikrincə, əsl antisovet fəaliyyəti idi. Amma bir həqiqəti gərək unutmayaq: Öz millətini, dilini, mədəniyyətini sevən bir gəncin içində, daxilində milli oyanış baş verirdi və Gülhüseyn Hüseynoğlu qəti əmin idi ki, bu yoldan geri çəkilmək olmaz O, BDU-nun tələbəsi İsmixan Rəhimovla və digər əməl dostları ilə birgə "İldırım" təşkilatının fəal üzvlərindən biri oldu. Hətta təşkilata "İldırım" adını da G.Hüseynoğlu təklif etmişdi.
Ziya müəllim istintaq materiallarını da təqdim edir və kitabının "İttiham" fəslində -"Hökm"də oxuyuruq: "Antisovet "İldırım" təşkilatının üzvləri sistematik olaraq növbə ilə, hər dəfə birinin evində yığıncaqlar təşkil edir və həmin yığıncaqlarda Sovet dövlətinə, xalqına qarşı cürbəcür əksinqilabi fəaliyyətdə olurlar. Yığıncaqların birində İsmixan Rəhimov tərəfindən tərtib edilmiş andın mətni oxunur və təsdiq edilməklə, tədriclə bütün antisovet təşkilatın üzvləri öz məqsədlərinə çatmağa, "mübarizə"lərini axıra kimi davam etdirəcəklərinə və bir-birinə sadiq qalacaqlarına and içirlər". Bu, sadəcə, DTK əməkdaşlarının bir neçə il ərzində "İldırım" üzvlərini izləmələrinin sübutu idi. Amma bu tələbələr nəyə və kimə qarşı mübarizə aparırdılar?
Azərbaycanı müstəqil bir respublika kimi görmək, onun Sovet İttifaqından çıxması, ana dilinin bütün idarə və müəssisələrdə işlənməsini təmin etmək, onu dövlət dili kimi elan etmək, hər bir Azərbaycan vətəndaşının maddi və mənəvi hüquqlarını bərpa etmək, Cənubi Azərbaycana gediş-gəliş üçün qadağaları aradan qaldırmaq... Bu, amansız sovet rejimində cəsarətli bir addım idi.
Gülhüseyn Hüseynoğlu təşkilatın ən fəal üzvü idi, O, İsmixan Rəhimovla birgə Səməd Vurğuna bir məktub da göndərmişdi. O məktubda Səməd Vurğunu xalqın böyük şairi kimi onlara dəstək olmağı arzulayırdılar. Amma bu məktub düz dörd ildən sonra DTK-nın əlinə düşdü. İstintaqda İsmixan Rəhimov etiraf edir ki, bu məktubu mən yoldaşım Gülhüseyn Abdullayevlə birlikdə onun evində yazmışam. Başqa bir "müqəssir" - Hacı Zeynalov istintaqda deyir ki, məni ilk dəfə Abdullayev Gülhüseyn antisovet ruhunda dilə tutmağa çalışmışdır. Mənimlə söhbətdə o, öz millətçi görüşləri haqqında danışaraq məni də bu işə cəlb etdi. Təşkilatın başqa bir üzvü Rzayev Kamil də söyləyir ki, "Biz AK(b)P katibinə məktub yazmaq və o məktubda soruşmaq istəyirdik Azərbaycan dili nə üçün dövlət dili kimi işlənmir: Məni bu antisovet təşkilata Abdullayev Gülhüseyn cəlb etdi. Fikrimcə, bu, əməl yoldaşını ələ vermək, günahı onun boynuna atmaq deyildi. Gülhüseyn Hüseynoğlu doğrudan da, ürəyində millət sevgisi olan tələbələri təşkilata cəlb edirdi. "Hökm"də oxuyuruq: "Abdullayev Gülhüseyn 1942-1945-ci illərdə antisovet təşkilatının başçılarından olmaqla Zeynalov Hacını və Rzayev Kamili təşkilata cəlb etmiş, həmin təşkilata "İldırım" adının verilməsinə nail olmuş, Sovet dövlətinə və ÜİK (b)P siyasətinə qarşı çıxmış və cürbəcür iftira və böhtanlar yaymışdır. Abdullayevin məqsədi Sovet Azərbaycanını SSRİ-dən ayırmaq və Azərbaycanda "burjua milli respublikası" yaratmaq olmuşdur".
Repressiya zamanı - istintaq prosesində neçə dindirmələr olur və əksər hallarda sonda hamı öz "günahını" boynuna alır və kimisə onu bu işə cəlb etməkdə təqsirləndirir. Amma Gülhüseyn Hüseynoğlunun kimlərisə bu təşkilata cəlb etməsini DTK-çılardan fərqli şəkildə düşünürəm. Müstəntiqlər yalnız bir şeyi anlamırdılar ki, bu, tələbələrdə mövcud sovet quruluşuna qarşı çıxmaq -müstəqil Azərbaycan ideyasını irəli sürmək yalnız və yalnız milli oyanışla bağlı idi. İstintaq materiallarında buna rast gəlmirik. Nəticədə, Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov, Hacı Zeynalov 25 il azadlıqdan məhrum edilir (digərləri 10 il).
Gülhüseyn Hüseynoğlu tam bəraət alandan sonra aspiranturaya bərpa olunur.Və bundan sonra onun sakit, dinc həyatı başlanır. Namizədlik işi Mikayıl Müşfiqdən idi. Onun Müşfiqə - bu ölməz şairə məhəbbəti intəhasız idi. Müşfiqin yaradıcılıq aləmi, onun özünəməxsus şair fərdiyyəti ilk dəfə Gülhüseyn müəllimin dissertasiyasında öz həllini tapdı. Sonrakı illərdə də Müşfiq haqqında məqalələr yazdı. O, Müşfiqin əsərlərinin nəşrinə də qayğısını əsirgəmədi. Müşfiq deyərdim ki, onun and yeri idi.
Gülhüseyn Hüseynoğlunun yaradıcılığı haqqında söz açan müəlliflərin əksəriyyəti belə yazırlar ki, o, Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısıdır. Yəni mənsur şeir yazmaq Gülhüseyn Hüseynoğludan başlayıb. Amma belə deyil. 1908-ci ildə Məhəmməd Hadinin "Firdovsi-ilhamat" kitabında (səh. 211-228) "Düşündüklərim" adlı bir yazı var, bu yazı ədəbiyyatımızda mənsur şeirin ilk nümunəsidir. Sonralar Abdulla Sur, T.Ş.Simurq, S.Hüseyn, N.Nərimanov, Y.V.Çəmənzəminli bu janrda qələmini sınayırlar. Sovet dövründə N.Rəfibəyli, H.Nəzərli, Ə.Tağızadə, A.Böyükzadə, Cəfər Bağır, Qərib Mehdi, İslam Ağayev də mənsur şeirə biganə qalmırlar (bu haqda ədəbiyyatşünas Hüseyn Həşimlinin tədqiqatı da var). Lakin Gülhüseyn Hüseynoğlu mənsur şeirin əsl ustası kimi şöhrət qazanır, bu janrı ədəbiyyatımızda populyarlaşdırır. Mənsur şeirə xas olan lirik və epik xüsusiyyətlərin vəhdəti, insanın daxili, hissi aləminin təbii, ritmik boyalarla təsviri, fərdi duyğuların izharı Gülhüseyn müəllimin mənsur şeirlərinin əsas qayəsini təşkil edir. SSRİ Yazıçılar İttifaqının sədri Konstantin Fedin yazırdı: "Öz vətənində çox yaxşı tanınan Azərbaycan yazıçısı Gülhüseyn Hüseynoğlu ilə bir təsadüf nəticəsində tanış oldum. O, nasirdir və mənsur şeir də yazır. Janr o qədər də yeni deyil. Ancaq bu qənaətə gəldim ki, bunlar, heç şübhəsiz, oxucuların hissinə, duyğusuna təsir edir. Onun "Mücrü" mənsur şeirində məcaz var, bu, canlı obraza çevrilir. Bu metamorfoza məni ovsunlamışdır". Məhz Fedinin təşəbbüsü ilə G.Hüseynoğlunun mənsur şeirləri "Drujba narodov" jurnalında dərc olunur.
"Mücrü" mənsur şeiri bir ananın fədakarlığını, övladları yolunda bütün həyatını - varlığını əsirgəməməsi təsvir olunur. İlk baxışda bu, kiməsə adi əhvalat təsiri bağışlaya bilər. Amma bu mənsur şeirdə bəlkə bir roman materialı var. Mənsur şeirə xas olan lirika və eyni zamanda epik təsvirin yığcamlığı, tez-tez səslənən təkrirlər və gərgin dramatizm "Mücrü"nü Azərbaycan nəsrinin çox uğurlu bir nümunəsinə çevirdi. "Ana oxşadı mücrünü. Oxşadı... Qızlıq çağları... Gəlin köçdüyü anlar, anasının dediyi "Gəlin mücrüsüz olmaz!" sözləri, amansız ehtiyacla dəhşətli vuruşmalar, uşaqları yatırandan sonra tökdüyü göz yaşları, boğuq hıçqırıqlar... göz qabağına gəldi. Mücrünü öz yerinə qoyanda anaya o indi ağır, əvvəlkindən qat-qat ağtır gəldi. Ana yanılmamışdı. O sərvət hara, bu sərvət hara?". Mən Gülhüseyn müəllimin əksər mənsur şeirləri haqda söz aça bilərəm - "Tar çalınır", "Gözəl", "Kişilik", "İki damla göz yaşı", "Gül ömrü", "Azərbaycan dili" və s. mənsur şeirlər janrın ən gözəl nümunələridir. Ümumiyyətlə, "mənsur şeir necə olmalıdır" sualı verilsə, birinci Gülhüseyn müəllimin adı çəkilməlidi.
Gülhüseyn Hüseynoğlu həm də istedalı bir nasir idi. Onun "Nigarançılığın sonu" hekayəsi, Aşıq Ələsgərin həyatına həsr etdiyi "Yana-yana" povesti, həmçinin "Qayıdacaqmı?!", "Problem №", "Vəzifə haqqında hekayət", "Vaxt keçirdi" hekayələri canlı obrazlarla, bir-birindən maraqlı hadisələrlə, psixoloji təsvirlərlə diqqəti cəlb edir.
Mən Gülhüseyn müəllimin xarakteri, insani keyfiyyətləri ilə bu hekayələr və mənsur şeirlər arasında üzvi bir yaxınlıq görürəm. O, həmişə halallığı, xeyirxahlığı, humanizmi, təmiz-saf məhəbbəti və vətənpərvərliyi təbliğ edib. Diqqət yetirmişəm ki, onun heç bir əsərində insan əxlaqına zidd bircə kəlmə də yoxdur. Diqqət yetirmişəm ki, Gülhüseyn müəllim o zamankı sovet ədəbiyyatının əsas mövzularından olan əmək qurucularının (əsasən neftçilərin) həyatını təsvir etsə də, onları sırf əməkçi deyil, insan kimi, bütün daxili aləminin çalarlarıyla təsvir edir. Diqqət yetirmişəm ki, Gülhüseyn müəllimin dili o qədər təmizdi ki, bu dilin potensial imkanları elə üzə çıxıb ki, necə yazmağı, dilə münasibəti Gülhüseyn Hüseynoğludan öyrənmək lazımdır qənaətinə gəlmişəm.
Köhnə kişi... O, köhnə, əsl kişilərə məxsus xarakterə malik idi. Heç kimə pislik eləmirdi, sözü vardısa üzə deyirdi, təltif, mükafat iştahında deyildi (xalq yazıçısı fəxri adını da halallıqla qazanmışdı), rüşvət deyilən bəla ondan uzaq idi, təmiz müəllim maaşı ilə dolanırdı. Həyatında çox sarsıntılarla rastlaşsa da, həmişə nikbin idi. Onunla dostluq eləmək, ünsiyyət qurmaq hər adamın işi deyildi, amma Gülhüseyn müəllim onun qədrini bilən, ona ehtiramla salam verən hər kəsə eyni səmimiyyətlə yanaşırdı. Azərbaycançılıq onun üçün quru söz deyildi, bu hiss onun qanında dövr edirdi.
Mənim xalq yazıçısı Gülhüseyn Hüseynoğlu haqqında sözüm bitmir, amma bu qədər yetər...