Nizami Cəfərovun yazıçı Gülhüseyn Hüseynoğlu haqqında kitabı

  • Ana Səhifə
  • Nizami Cəfərovun yazıçı Gülhüseyn Hüseynoğlu haqqında kitabı

Nizami Cəfərovun yazıçı Gülhüseyn Hüseynoğlu haqqında kitabı

Image

GÜLHÜSEYN HÜSEYNOĞLU

Elmi redaktoru:  Cəlal Abdullayev

Filologiya elmləri doktoru, professor

Azərbaycan MEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun bu kitabı Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəyə görə böyük məhrumiyyətlərə məruz qalmış yazıçı Gülhüseyn Hüseynoğlunun həyatına, yaradıcılığına həsr olunmuşdur.

ÖN SÖZ

Gülhüseyn Hüseynoğlu!..

Bu ad Azərbaycan ədəbi-ictimai mühitinə 40-cı illərin ortalarında daxil olsa da, 50-ci illərin sonu 60-cı illərin əvvəllərindən məşhurlaşmağa başlamışdır. Gülhüseyn Hüseynoğlu görkəmli yazıçı, alim, müllimdir. O, Azərbaycan ədəbiyyatı üçün, demək olar ki, tamamilə yeni bir janrın – mənsur şeirin yara¬dıcısıdır. Və yarım əsrdən artıqdır ki, bu sahədə yorulmadan çalışır. Yalnız belə bir faktı xatırlamaq kifayətdir ki, Azərbaycanda mənsur şeirin poetikasını araşdıranlar hələ də ancaq Gülhüseyn Hüseynoğlunun yaradıcılığı ilə kifayətlənməli olurlar. Lakin bu, həmin araşdırmalara məhdudluq gətirmir, çünki görkəmli yazıçının mənsur şeirləri həm məzmun, həm də formaca zəngin olub Azərbaycan insanının (ümumən xalqının) mənəviyyatını, əhvali-ruhiyyəsini kifayət qədər dolğun əks etdirir.

Gülhüseyn Hüseynoğlu çox gənc yaşlarından Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış, milli siyasi-ideoloji baxışlarına görə sovet hakimiyyəti tərəfindən amansızcasına cəzalandırılmışdır. Lakin etiraf etmək lazımdır ki, Gülhüseyn Hüseynoğlunun (və onun həmfikirlərinin) mübarizəsi Azərbaycan ictimai təfəkkürünə müstəqillik hissləri aşılamış, 20-ci, 30-cu illərin milli mənlik duyğusunu 40-cı, 50-ci illərin «əqidəsizlik sükutu»ndan keçirib 60-cı, 70-ci illərə ötürmüşdür. Onun gənclik illərindən gələn mübarizliyi, daxili narahatlığı, üsyankarlığı yalnız mənsur şeirlərində deyil, yaradıcılığının bütün sahələrində təzahür edir. Gülhüseyn Hüseynoğlu neçə illərdir ki, Azərbaycan poeziyasının (yenə də sovet hakimiyyəti ideoloqları tərəfindən!) vaxtsız susdurulmuş bülbülü Mikayıl Müşfiq haqqında yazır... Sadəcə araşdırmalar aparmır, məhz yazır... Çünki onun xüsusi araşdırma aparmasına, bəlkə də, ehtiyac yoxdur – o, Müşfiqi duyur, hiss edir. Müşfiq onun heç zaman unuda bilmədiyi gəncliyidir... Gülhüseyn Hüseynoğlu Müşfiq haqqında yazanda da özünü yazır. Və yaza-yaza XX əsrin 20-ci, 30-cu illərindəki milli inqilabi (və canlı, coşqun!) yaradıcılıq ehtiraslarına haqq qazandırır, onları təsdiq edir (və onlarda təsdiq olunur).

... Gülhüseyn Hüseynoğlunun müəllimliyi onun yazıçılığının, alimliyinin davamıdır – bu, sadəcə müəllimlik deyil, insanlıqdır, on illər boyu qranit kimi möhkəm, büllur kimi saf saxladığı şəxsiyyətinin ifadəsidir. Gülhüseyn müəllim daxilinin, ruhunun müəllimidir...

Azərbaycan artıq on ildir ki, müstəqil dövlət quruculuğu yolu ilə inamla irəliləyir. Azərbaycan xalqı bütün dünyaya sübut edir ki, o, müstəqil olmağa, öz tarixi milli dəyərlərini – dilini, ədəbiyyatını, mədəniyyətini qorumağa qadirdir. Və müstəqilliyimizin on illiyini təntənə ilə qeyd etdiyimiz günlərdə keçmişdə aparıl¬mış milli azadlıq mübarizəsinin tarixini vərəqləməyə xüsusi ehtiyac vardır. Azər¬bay¬can prezidenti, Azərbaycan dövlətinin qurucusu və dünyanın müxtəlif ölkələ¬rin¬də yaşayan əlil milyona qədər azərbaycanlının lideri Heydər Əliyev dəfələrlə demişdir ki, Azərbaycan xalqının (və dövlətinin) müstəqilliyi uğrunda mübarizə aparmış insanlar böyük hörmətə, məhəbbətə layiqdirlər, çünki onlar Vətənin səadəti naminə öz həyatlarından, azadlıqlarından keçməyə həmişə hazır olmuşlar... Biz məhz belə bir İnsan haqqında söhbət açmağa ehtiyac duyuruq...

HƏYATI

Gülhüseyn Hüseynoğlu (Abdullayev) 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuş, kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçdüyündən uşaqlığı, gəncliyi 20-ci, 30-cu illərdə gah məntiqli, gah da məntiqsiz, lakin coşqun bir ictimai-siyasi, mədəni həyat yaşayan Bakıda keçmişdir.

...Bakının Azərbaycanın paytaxtı, Azərbaycan elminin, mədəniyyətinin, ictimai-siyasi fikrinin mərkəzi kimi formalaşması prosesi XIX əsrin sonu XX əsrin əvvəllərində başlasa da, həmin proses keyfiyyət həddinə 30-cu illərdə çatır. Belə ki, məhz həmin dövrdə «Sovet Azərbaycanı»nın hər yerindən müxtəlif xarakterli, dünyagörüşlü insanlar, xüsusilə gənclər Bakıya axışır, «beynəlmiləl»liyi ilə öyünən şəhərin xarakterini dəyişməyə, onu bir milli şəhərə çevirməyə çalışırlar. Bakı müqavimət göstərmir... Birinci ona görə ki, 20-ci, 30-cu illərdə Tarixə daha çox gənclik, stixiya, təcrübəsiz düşüncə hökm edirdi, ikincisi ona görə ki, Bakı həmin illərdə məhz gəncliyin, stixiyanın, təcrübəsizliyin şəhəri idi... Burada bir-birinin ardınca heç bir Tarixi (!) əsası olmayan inqilablar, üsyanlar baş vermişdi. Bakı kimlə döyüşdüyünün fərqinə varmadan döyüşmüşdü. Və məğlub olmuşdu... Bakının məğlub olduğunu yaşlanmaq imkanı əldə etmiş çox az adamlar (az olsalar da!) bilirdilər. Gənclər isə təcrübəsiz idilər...

Orta təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu II Dünya müharibəsinin şiddətli dövründə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Mənsub olduğu xalqın dilini, ədəbiyyatını, mədəniyyətini ürəkdən sevən gənc mövcud siyasi-ideoloji qadağalara, məhdudiyyətlərə, təqiblərə baxmayaraq universitetdə öz böyük müəllimlərindən milli təəssübkeşlik dərsi alır. Və iş o yerə çatır ki, yoldaşları İsmixan Rəhimov, Hacı Zeynalovla birlikdə millətçi «İldırım» təşkilatını yaradırlar. 1942-ci ildə yaradılan bu təşkilatın üzvləri o qədər də çox deyildi, məramı, məqsədi isə nə az, nə çox aşağıdakılardan ibarət idi:

1. Azərbaycan Respublikasını SSRİ-dən ayırıb müstəqil respublika elan etmək.

2. 20-ci, 30-cu illərdə, eləcə də sonralar həbs olunaraq məhv edilmiş Azərbaycan ziyalılarına bəraət verilməsi, onların üzərindəki «xalq düşməni» adının götürülməsi.

3. Azərbaycan dilinin dövlət dili olaraq hüquqlarının təmin edilməsi.

«İldırım»çılar öz məqsədlərini həyata keçirmək üçün, maraqlıdır ki, silahlı üsyan yolunu seçirlər. Bu yolu onlar yəqin ki, sosialist inqilabının klassik təcrübəsindən mənimsəmişdilər. Lakin məqsədlərinə nail ola bilmirlər... İsmixan Rəhimovun 1944-cü ilin mayında xüsusi üsulla (sol əllə çap hərfləri ilə) yazdığı məktub-məramnamə böyük şair Səməd Vurğuna göndərilir. Məktub-məram¬na¬mənin altında belə bir imza qoyulmuşdu: «Dönməzlər»... Çox istəyirdilər ki, xalqın nüfuzlu, böyük oğlu həmin mübarizədə onlara kömək göstərsin, ümumiyyətlə Azərbaycanın azadlığı uğrunda başladıqları mübarizəyə rəhbərlik etsin. Və məktub-məramnamə belə bir şərtlə bitirdi ki, əgər şair «dönməzlər»lə bilavasitə görüşmək istəyirsə «»Vətən ulduzları» adlı bir şeir yazıb mətbuatda çap etdirsin. Əlbəttə, bu gün demək çətindir ki, «İldırım»çıların məktub-məramnaməsi Səməd Vurğuna çatdı ya yox... Ola bilsin ki, çatsın və bu cür bilavasitə (!) müraciət onsuz da təqib olunan böyük şairi şübhələndirdiyindən bu barədə təhlükəsizlik orqanlarına məlumat versin. Üsyankar gənclikdən fərqli olaraq Səməd Vurğun 40-cı illərin ortalarında artıq yetkin bir «sovet vətəndaşı» idi. Həmin vətəndaşlığın hüdudlarından kənara çıxacaq milli hisslərini tamamilə cilovlaya bilmişdi.

...Təhlükəsizlik orqanları «İldırım» təşkilatının izinə düşürlər. 1948-ci ilin 23 oktyabrında təşkilatın üzvləri – İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu (Abdullayev), Hacı Zeynalov, Musa Abdullayev, Aydın Vahidov, Azər Ələsgərov, Kamal Əliyev həbs edilirlər. 1949-cu ilin Novruz bayramı günlərində SSRİ Cinayət Məcəlləsinin «Silahlı üsyana cəhd», «Qrup halında antisovet təbliğatı» maddələri ilə mühakimə edilən gənclərdən üçünə -  İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu (Abdullayev) və Hacı Zeynalova 25 il, digərlərinə 10 il, bir nəfərə isə 7 il iş kəsilir. Məsələ burasında idi ki, 25 il azadlıqdan məhrum edilənlər, əslində, güllələnməli idilər. Lakin bir az əvvəl Stalinin fərmanı ilə ölüm cəzası ləğv edildiyindən 25 il həbsə məhkum olunmuş üsyançıların bəxti gətirmişdi.

... Gülhüseyn Hüseynoğlu Sibirə 7№-li islah-əmək düşərgəsinə göndərilir – gəncliyinin ən gözəl illərini həbsxanada keçirən «dönməzlər»dən biri Bakıya bir də yeddi ildən sonra (1955-ci ildə) qayıdır. SSRİ-ni «xalqlar həbsxanası»na çevirmiş Stalin artıq bir neçə il idi ki, ölmüşdü, ölkədə yavaş-yavaş demokratik yumşalma başlamışdı. «Vaxtından qadaq» həbsdən buraxılan Gülhüseyn Hüseynoğlu özünün «günahkar» olduğunu həmişə etiraf edirdi. O, yaxşı bilirdi ki, xüsusi təşkilat yaradıb sovet rejiminə qarşı mübarizə aparan, hətta silahlı üsyana çağıran bir adamın aqibəti necə ola bilər. Yazıçı sonralar verdiyi müsahibələrinin birində demişdi ki, «mən özümü o rejimin düşməni hesab edirdim. Bu səbəbdən, həbsdə olduğum illərdə və sornralar da ruhdan düşməmişdim. Axı, məni nahaqdan tutmamışdılar...».

«Dönməzlər»in «qlavarı», böyük ingilis dili müəllimi, qeyri-adi şəxsiyyət İsmixan Rəhimov həbsdən sonrakı ilk günləri, həbs olunmalarında günahkar bildikləri Səməd Vurğunun qəbuluna getmələrini belə xatırlayır: «...Girdim onun yanına. Oturub belə... Danışdım. 1949-cu ildən, təşkilat yaradıb onu dəvət etməyimizdən, tutulub getməyimizdən... Nə başınızı ağrıdım, dedim, mənə iş lazımdır. Bilirəm ki, sizin əlinizdə bir dəqiqəlikdir. Götürüb telefonu, bircə kəlmə tapşırsan bəsdi. Elə ağzımı açmışdım, dedi, dayan, dayan, siz o aspirantlar tutulmuşdular ha, onlardansız? Dedim hə. Qayıt ki, hə, sən onların qlavarıydın? Elə toxundu bu söz ki. Dedim, böyük şair, üzr istəyirəm, qlavar oğru dəstəsində olur. Amma onu düz deyirsiz ki, mənim adım o siyahıda birinci yazılmışdı. Zəngi basıb bütün gözləyənləri çağırdı. Baxdım ki, Gülhüseyn də onların arasındadı. Mən də elə bilirəm bu gedib. Nə isə, o, şikayətini dedi, bu, şikayətini dedi, axıra qaldıq biz ikimiz. Səməd baxdı üzümüzə. Gülhüseyn qayıtdı ki, mən də İsmixanla gəlmişəm. Bu elə deyəndə kişi tutuldu. Dedi görürsüz, o yolla gedənlərin axırı yoxdu. Dedim, axı siz bu yolla gedib nə qazanmısız, millətə nə vermisiz? Dedi, niyə, əlifbadan «ц», «я»-nı çıxarmışıq, nailiyyətimiz böyükdü. Dedi, dinləyirəm. İş xahişini etdim. Elə bildim götürüb zəng vuracaq kimə lazımdı ora. Gördüm başladı ki, gedin sabah yox, o biri gün gələrsiz, görüm neynirəm, nə bilim nə. Durub çıxdıq. Gəldim evə. Elə bilirsiz iki gün sonra nəsə oldu? Yox. Heç nə onlar çağırdı, nə mən getdim. Bilirsiz necə toxunmuşdu mənə? Öz-özümə deyirəm ki, alə, İsmixan, sən heç Sibirdə o cür qatarlar dayanırdı, soldatlar əli silahlı başımızın üstündə, biz də ac-susuz elə işləyirik ki, ...Təsəvvür edin, adam vardı, sağ əlin, qoyurdu kötüyün üstünə, sol əliylə baltanı çalırdı, əlini kəsib atırdı ki, təki bir ay işləməsin. Mən o cür yerdə kiminsə qabağında əyilməmişdim. Sonra Kamal Talıbzadə məni gördü, dedi ki, adə, İsmixan gedmisən, kişi qorxub... Mən girmişəm, Gülhüseyn də gəlib. Səməd də elə bilib biz ondan haqq-hesab çəkməyə gəlmişik...»

Biz, əlbəttə, müasir Azərbaycan poeziyasının banisinə, azərbaycançılıq düşüncəsinin yaradıcılarından birinə (bəlkə də, birincisinə!) haqq qazandırmaq, daha doğrusu, onu müdafiə etmək fikrində deyilik. Səməd Vurğunun belə bir müdafiəyə ehtiyacı yoxdur. Və Azərbaycan prezidenti Heydər Əliyevin sözləri ilə desək, heç kim Səməd Vurğunun əvəzində heç kəsdən üzür istəməməlidir... Bununla belə qeyd etməliyik ki, üsyançı gənclərin – «dönməzlər»in böyük şairdən inciməyə haqları yox idi. Çünki məhz həmin illərdə (xüsusilə 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində!) Səməd Vurğun təqib edilirdi, az qalmışdı ki, növbəti «xalq düşməni»nə çevrilsin. Belə bir vaxtda o, aldığı məktubların hamısına «provakasiya» kimi baxa bilərdi. Hər tərəf təhlükəsizlik orqanın çuğulları ilə dolu idi... «İldırım»çı aspirantların şairlə son görüşlərinə gəldikdə isə, görünür, İsmixan Rəhimovun «üıyankar» (və bir qədər də ölçüsüz-biçisiz) müraciəti şairin xoşuna gəlməmişdi.

...Həbs olunana qədər G.Hüseynoğlu yalnız ali filoloji təhsil almaqla qalmamış, ilk əsərlərini çap etdirmiş, ədəbi-ictimai mühitdə tanınmışdı. Elmi tədqiqat qabiliyyətini nəzərə alaraq onu aspiranturaya saxlamışdılar... Həbs illəri G.Hüseynoğlunu nəinki sındırdı, əksinə, daha da möhkəmləndirdi, müdrikləşdirdi. Bakıya qayıdandan sonra aspiranturaya bərpa edildi, çox sevdiyi yaradıcılıq işi ilə özünəməxsus ehtirasla məşğul olmağa başladı... Və məşğul olduğu sahələrin hər birində dəfələrlə etiraf edilmiş uğurlar qazandı. Akademik M.Arif vaxtilə yaz¬mışdı: «Biz G.Hüseynoğlunun simasında yaxşı alim, gözəl yazıçı və qayğıkeş müəllim görürük».

...G.Hüseynoğlunu bu və ya digər dərəcədə tanıyanlar yaxşı bilirlər ki, o, əqidəli, iradəli, özünə qarşı yüksək tələbkarlığı olan insan, tədris etdiyi fənni, tələbələrini ürəkdən sevən müəllimdir. Onun professoru olduğu Müasir Azər-bay¬can ədəbiyyatı kafedrasının müdiri, professor Cəlal Abdullayev yazır: «G.Hü¬seynoğlu elə şəxsiyyətlərdəndir ki, onun istər ədəbi-bədii fəaliyyəti, istər müəl¬limliyi və istərsə də bir insan kimi mənəvi-fərdi keyfiyyətləri, mübaliğəsiz demək olar ki, gəncliyimiz üçün bir nümunə, bir örnək sayılmağa layiqdir».

G.Hüseynoğlu öz həqiqəti uğrunda mübarizə aparmaqdan yorulub usanmayan insandır – dostları, tələbələri, qələm yoldaşları G.Hüseynoğlunu nədənsə daha çox professor S.Əlizadənin dəqiq ifadəsi ilə desək, «müxtəlif mübahisələr əsnasında yuxarı qaldırdığı düyünlənmiş yumruğu» ilə təsəvvür edirlər. Mərhum akademik A.Aslanovla razılaşmamaq mümkün deyil ki, «Gülhüseyn Hüseynoğlunun əsərlərində irəli sürdüyü, təbliğ etdiyi fikirlərlə özünün şəxsiyyəti arasında tam bir uyğunluq vardır. İnsana hörmət, bütövlük, nəciblik və paklıq onun şəxsiyyətinin ən səciyyəvi xüsusiyətidir. Onun bir yazıçı kimi təbliğ fikirlərinin oxucuların qəlbinə dərhal yol tapmasında, bizcə, bunun da böyük rolu vardır».

...O hələ gənc yaşlarında milli hərəkata qoşulub, onun liderlərindən biri kimi amansız şəkildə cəzalandırılıb, ancaq öz həqiqətinə sadiq qalıb. Sonralar da heç kimin qarşısında baş əyməyib, həyatını mərdanə yaşayıb... Bakı Dövlət Universitetinin, xüsusilə filologiya fakültəsinin əməkdaşları, tələbələri Gülhüseyn müəllimi yalnız görkəmli bir yazıçı, yaxşı bir müəllim kimi deyil, həm də qeyri-adi bir insan, şəxsiyyət kimi qiymətləndirirlər. Öz veinin içində qeyri-adi adam olmaq çətindir, bu ancaq G.Hüseynoğlu kimi böyük təbiətli insanlar üçün mümkündür...

O, neçə illər bundan əvvəl mənsur şeirlərindən birində öz avtoportretini belə yaratmışdı:

Palıdım, palıdım – vüqarım!

Çinarım, çinarım – ucalığım!

Dəmirağacım-mətinliyim, iradəm!

Söyüdüm, söyüdüm-pərişanlığım, məftunluğum, kədərim!

Vüqarım da var, ucalığım da, mətinliyim, iradəm də.

Pərişanlığım da var, məftunluğum kədərim də.


G.Hüseynoğlu möhkəm xarakteri, paklığı, haqqın adamı olması ilə bizim ədəbi-ictimai təfəkkürümüzdə xüsusi bir obraza çevrilmişdir – bu obrazı Gülhüseyn müəllimin tələbələrindən gözəl şair Fikrət Sadığın aşağıdakı misraları yaxşı tamamlayır:

Ömrü enişli-yoxuşlu, gül-çiçəkli, qar-yağışlı,

Sevinc, kədər-qəm naxışlı müəllimim!

Dərs deməyi dinclik bilən, doğru sözü inci bilən,

Müşfiq kimi incidilən müəllimim!

Dözüb dövran dolandıqca, bərkiyib odda yandıqca, 

Cəsur bir gənc, müdrik qoca müəllimim!

...O səndin keçdin bu yolu, hələ qəlbin sözlə dolu,

Sadə, məğrur, düznəqulu müəllimim!

... G.Hüseynoğlu 75 yaşını ötüb keçdi – onlarla, yüzlərlə gözəl əsərləri, hər birinin qəlbində parlaq işıq yandırdığı yüzlərlə, minlərlə tələbələri... Və böyük şəxsiyyəti ilə...

Şair Oqtay Rza «Gülhüseyn Hüseynoğlu» adlı şeirində mənsur şeir ustasının, alimin, yazıçının hər şeydən əvvəl güclü şəxsiyyətini tərənnüm edir:

İlk əsər yazandan bəri,

Lənətləyir zülmü, şəri...

Gözəl alim, gözəl insan – 

Mənsur şeir cəngavəri,

Köksü daim nurla dolu

Gülhüseyn Hüseynoğlu.

...Qoşulmadan məqsədgüdən

Yaltaqların dəstəsinə

Dözüb Sibir soyuğunun,

Böyük Səhra istisinə...

Tanrı ona bəxş eləyib

Yanar ürək, isti sinə.

Gülhüseyn müəllim üçün ən çətin işlərdən biri özü, ailəsi, yaxın adamları haqqında danışmaqdır – daha doğrusu, o, bu barədə ümumiyyətlə danışan deyil... Lakin Gülhüseyn müəllimin gözəl ailəsi, istedadlı uşaqları var: ilk övladı Gülçin xanım riyaziyyatçıdır, Kibernetika İnstitutunda şöbə müdiridir... böyük oğlu Yalçın fizioloqdur, tanınmış mütəxəssisdir, əsasən beyin cərrahiyəsi problemləri ilə məşğul olur... ortancıl oğlu Toğrul diş həkimidir, istedadlı bir gəncdir... kiçik oğlu Uğur isə böyük riyaziyyatçıdır, elmlər doktoru, professordur... Və düzlük, doğruçuluq Gülhüseyn müəllimin özünü nə qədər xarakterizə edirsə, övladlarını da o qədər səciyyələndirir – belə də olmalıdır, çünki onun genini daşıyıb, onun bilavasitə təbiyəsindən çıxıb, ona oxşamamaq mümkün deyil.

...Gülhüseyn müəllim sadə, həqiqətpərəst, mərd adamdır. Və bu xüsusiyyətlər onun fəaliyyətində bəzən o qədər bariz təzahür edir ki, görkəmli yazıçının, müəllimin qeyri-adiliyi təsəvvürünü yaradır.

G.Hüseynoğlu haqqındakı «Dönməzlərdən biri» məqaləsinin müəllifi yazıçı-jurnalist Atababa İsmayıloğlu yazır:

«Bir dəfə, tanınmış şəxslərdən birinin yanında gileyləndim:

– İstiqlal uğrunda ölümün gözünə dik baxan Gülhüşeyn Hüseynoğlu, ordenləri alanlar isə başqalar...

Həmsöhbətim sözümü kəsdi:

– Günah özündədir. Mənim yanımda onu ordenə təqdim etmək istəyirdilər, amma razılaşmadı.

Ara-sıra Gülhüseyn Hüseynoğlu ilə ünsiyyətdə olan bir adam üçün bu imtina təəccüblü deyil. Çünki onlar azadlıq uğrunda mübarizə aparanda.. bu işə nə vaxtsa alacaqları mükafat naminə qoşulmamışdılar, bunu heç xəyallarına belə gətirməmişdilər. Onlar özləri bu iş üçün mükafat verməyə hazır idilər: ömürlərini, talelərini, canlarını....».

Məlum okimi, G.Hüseynoğlunun haqqında çoxlu şeirlər yazılıb... Onların hamısının qəhrəmanı qorxmaz, mərd, vətənpərvər, düzünəqulu» G.Hüseynoğludur. lakin bu şeirlərdən biri diqqəti daha çox cəlb edir – onu yazıçının tələbə yoldaşı, Bakıdakı 190 №-li orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sürəyya Mirabdullayeva yazıb:

Çıxmamışdır yadımdan qanlı-qadalı illər,

Səninlə keçirdiyim ötüb-keçən fəsillər.

İnstitut həyatı, tələbəlik illəri...

Gör neçə bahar keçir artıq o gündən bəri,

O zaman sən nə alim, nə də bir şair idin.

Öz sadə geyiminlə daha çox sevilirdin!

Biz sənin gözlərində dərin idrak görərdik,

Arxamızdı dayanan mətin dayaq görərdik!

«Gülü» deyib səslərdik ehtiramla səni biz,

Səni «Gülü» çağırır bu gün yenə qəlbimiz!

Yadımdadır, «Xalq», «Vətən» deyən dodaqlarında

Üfüqlərin günəşi, ulduzları yanardı,

Sözündə, söhbətində, alnının vüqarında

Şöhrəti dünya gəzən Azərbaycan durardı.

«Azərbaycan» deyəndə dodağın titrəyərdi,

Xalqımdan söz açanda qəlbim nəğmə deyərdi.

Əzablar da duydun sən sarılanda Vətənə,

O günlər üçün, dostum, baş əyirəm mən sənə!

...Gülhüseyn müəllim on il, iyirmi il, otuz il bundan əvvəl hansı həvəs, yaradıcılıq enerjisi ilə yaşayırdısa, bu gün də həmin həvəslə, enerji ilə yşaayır, yazıb yaradır, gənc filoloqlara ədəbiyyatın sirlərini öyrədir, müstəqil respublikanın ədəbi-ictimai həyatında özünəməxsus ehtirasla iştirak edir.

YARADICILIĞI

Müxtəlif janrlarda, növlərdə əsərlər yazan, lakin bir janrda daha çox müvəffəq olub tarixə düşən yazıçıların yaradıcılığı göstərir ki, müxtəlif janrlara müraciət, prinsip etibarilə, bu və ya digər (bir!) janrın ifadə-idrak, poetexnoloji imkanlarını genişləndirmək ehtiyacından irəli gəlir. Onlarla kitablar müəllifi, əlli ildən artıq kifayət qədər çoxplanlı yaradıcılıq təcrübəsi olan, həyatın hər üzünü görmüş Gülhüseyn Hüseynoğlu hekayələr, novellalar, oçerklər, povestlər, elmi əsərlər yazsa da, Azərbaycan ədəbi-ictimai mühiti onu birinci növbədə mənsur şeirlər ustası kimi tanıyır, sevir, qiymətləndirir. G.Hüseynoğlunun qələmindən çıxan nə varsa, hansı janrda yazılmasından asılı olmayaraq, məhz mənsur şeir kimi oxunur, dərk edilir. Çünki o nə düşünürsə mənsur şeir formasında, qəlbində, əndazəsində düşünür. Və G.Hüseynoğlunun görünüşündə, hərəkətlərində, ətraf aləmə münasibətində də bir mənsur şeir ədası var...

Akademik Aslan Aslanov G.Hüseynoğlunun ədəbiyyata gəlişi barədə yazmışdı: «O, elə ilk əsəri ilə özünü sevdirən, təkrarsızlığı, orijinallığı, yaradıcılıqn dəst-xətti, tazə-tərliyi ilə birdən-birə nəzərləri cəlb edən yazıçılarımızdan oldu. Onun 1944-cü ildə nəşr edilən «Ana» hekayəsinin doğurduğu emosional təsir gücünü kim unuda bilər? Hekayə hələ çap olunmamışdan qabaq müəllif onu Natəvan adına klubda keçirilən gənc yazıçıların yaradıcılıq gecəsində oxumuşdu. Müzakirə zamanı böyük şairimiz Səməd Vurğun həmin əsəri yüksək qiymətləndirmiş, onu əsl poeziya nümunəsi hesab etmişdi. Elə bu yaradıcılıq gecəsindən də «Gülhüseyn Hüseynoğlu» imzası ədəbi ictimaiyyətin yaddaşına həkk olunmuşdu». G.Hüseynoğlu isə xatırlayır ki, Səməd Vurğunun mənim ilk əsərim barədə dediyi sözlər məni sevindirməkdən daha çox hövllənedirdi, dəli elədi – mən həmin tərifdən sonra bir müddət əlimə qələm almaqdan qorxdum, qorxdum ki, bir də o səviyyədə yaza bilmərəm...

Gənc yazıçı nə yazmışdı ki, dövrün böyük sənətkarını yerindən oynatmışdı?..

...Yaralanıb cəbhədən qayıtmış bir əsgər müharibədə oğlu itkin düşmüş ana ilə qonşuluqda yaşayır. Ana bilmir ki, həmin əsgər məhz onun həlak olmuş oğlu ilə birlikdə vuruşub, onu öz əlləri ilə torpağa tapşırıb, qanını yerdə qoymayacağına and içib.

Ana oğul gözləyir, cəbhədən gəlmiş əsgər isə oğlunun həlak olduğunu ona deyə bilmir...

Müharibənin son aylarında yazılmış hekayənin ideya=estetik məramı barəsində akademik A.Aslanovun dəqiq təyinatını burada xatırlatmaq yerinə düşərdi: «...müharibə qurtaracaq, əsgərlərimiz qələbəyə geri dönəcəklər. Bəs onda həlak olan əsgərlərin anaları nə edəcək?! Onları kim və necə ovunduracaq?! Bu çox ciddi bir problemi o vaxt ortalığa atmaq, bu haqda düşünmək, onu əvvəldən qələmə almaq Gülhüseyn Hüseynoğlunun bədii dünyaduyum zənginliyinin nəticəsi, bədii kəşfi idi».

G.Hüseynoğlunun ikinci əsəri «Bənövşə əfsanəsi», əslində, xeyli vaxt – iki il keçəndən sonra 1946-cı ildə çap olundu. Və ilk illərdən öz yaradıcılığına məsuliyyətlə yanaşan yazıçının bu əsəri də ciddi ədəbi axtarışların, orijinal təfəkkürün məhsulu idi. «Bənövşə əfsanəsi» sübut etdi ki, böyük Səməd Vurğun tamamilə haqlı imiş – G.Hüseynoğlu nasir yox, daha çox şair imiş... «Bənövşə əfsanəsi»ndə müəllif böyük məhəbbətin mənəvi gücü barədəki mifoloji təsəvvürlərə, ümumiyyətlə, xalq ədəbiyyatına müraciət edir, bu günə milli bədii-estetik təfəkkürün «arxeologiya»sından gəlir...

Bahar adlı naxırçı oğlu ilə gözəl Bənövşə arasındakı dərin sevgi el-obaya yayılır – dövlətinə, varına güvənənlər qıza sahib olmaq üçün Baharı öldürürlər. Bənövşə yoxa çıxır... Müəllif davam edir: «Nəhayət, bahar gəldi. Bütün kənd bulaq başına axışdı. Fəqət o, yenə yoxdu. Bənövşə gəlməmişdi.

Onlar tənha daşın yanına gəldilər və birdən-birə daşın böyründən hələ onlara məlum olmayan, boynu çiynində bitmiş bir zərif çiçəyin baş qaldırdığını gördülər... Və o gündən bu məsum çiçəyə bənövşə adı verdilər».

Mənim qəti inamıma görə, G.Hüseynoğlunun ilk mətbu əsəri «Ana» ilə sonrakı «Bənövşə əfsanəvi» arasında janr tipologiyası baxımından əsaslı bir fərq yoxdur. Ona görə də G.Hüseynoğlunun yaradıcılığına həsr olunmuş məqalələrdə, oçerklərdə «Ana»nın məhz hekayə, «Bənövşə əfsanəsi»nin məhz mənsur şeir kimi təqdim edilməsi görə bilməmişdir...

Ustad Əkrəm Cəfər «Gülhüseyn Hüseynoğlunun mənsur şeirlərinin poetikası» məqaləsində yazır: «Əsrimizin iyirminci illərində mətbuatımızda adda-budda halda mənsur şeir yazmağı sınamış V.Hacıoğlu («Ah, bəlkə...»), Ə.Təqizadə («Zavallı mən»), Azəri Böyükzadə («Gecəmin biri»), Məhəmməd Əkrəm, yəni bu sətirlərin müəllifi (Ə.Cəfər özünü nəzərdə tutur – N.C.) («Rəsmin») və b. olmuşdur... Lakin bu yazılar ibtidai sınaq yazılar idi və onları bugünkü mənasında mənsur şeir adlandıra bilmərik». Müəllif davam edir: «Bu janrın ədəbiyyatımızda yaradılması, inkişafı görkəmli ədibimiz Gülhüseyn Hüseynoğlunun adı ilə bağlıdır. O çox doğru olaraq bizdə bu janrın banisi sayılır. Gülhüseynin mənsur şeir sahəsində rəqibsiz sənətkar olmasını istər respublikamızda və istərsə də Sovet İttifaqında bir sıra yazıçılar, alimlər, ədəbiyyatşünaslar, tənqidçilər etiraf və təsdiq etmişlər». Əkrəm Cəfər həmin məqaləsində G.Hüseynoğlunun mənsur şeirlərinin yığcamlığı, yüksək şeriyyəti, həyat həqiqətini olduğu kimi, yəni zədələmədən əks etdirməsi, fəlsəfi tutumu və s. Barədə müfəssəl söhbət açdıqdan sonra belə bir qərara gəlir ki, «bu mənsur şeirlərin müəllifi əsərlərini yazarkən nə pul, nə vəzifə, nə orden-medal, nə mənzil-yaylaq, nə şəxsi rifah, nə yuxarıdakıların gözünə girmək, nə yalanlar danışmaqla şöhrət qazanmaq, nə vicdanı qiymətdən salmaq... yoluyla getmişdir. O, böyük Hüseyn Cavidin dediyi yolla – xalqı düşünmək. Xalqı sevmək, xalqa xidmət etmək yoluyla getmişdir. Əsl yazıçının yolu da məhz bu yoldur».

Müasir rus ədəbiyyatının klassiklərindən Konstantin Fedin «Дружба народов» jurnalının redaktoru S.A.Baruzdinə 1 mart 1970-ci il tarixli məktubunda yazırdı:

 «Дорогой Сергей Алексеевич, случай познакомил меня с одним азербайджанским писателем, уже – по-видимому – знакомым очень хорошо на родине. Он прозаик и в прозе пишет стихи. Жанр... не слишком современный. Однако я прочитал 5 страниц, и 2 из них заслуживает того, чтобы напечатать все пять.

Это стихотворение – «Шкатулка», им замыкается небольшая рукопись. Она, «Шкатулка», интересна тем, что очень властно, хотя и мягко, переводит чувство читателя из прошлого в наше настоящее й заставляет увидеть наш новый мир в его самом идеальном существе!

Иносказание становится живым образом действительности. На меня это подействовало гипнотически. Не подумаете ли Вы о возможности на печать эти «стихи в прозе»? «Шкатулка» больше чем оправдывает мысль-познакомить русского читателя с нашим азербайджанским коллегой.

Ваш К. Федин»


Göründüyü kimi, böyük yazıçı bir neçə sətrdə G.Hüseynoğlunun mənsur şeirlərinin ideya-estetik xüsusiyyətləri barədə kifayət qədər aydın təsəvvür yaradır, xüsusilə «Mücrü» üzərində dayanır... Etiraf etmək lazımdır ki, «Mücrü» mənsur şeiri müasir Azərbaycan ədəbiyyatının ən gözəl əsərlərindən biridir, müəllifin həqiqi bədii kəşfidir. Həmin mənsur şeir əsasında çəkilmiş qısametrajlı film də ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

...Evə gəlin gəlir, cehizinin üstündə nənəsindən qalma bir mücrü də gətirir. Nişan şeylərini, uşaqların atasının alıb ona bağışladığı qiymətli hədiyyələri ana mücrüyə qoyur. Ata müharibəyə gedib qayıtmır. Ana mücrüyə yığdığı zinət şeylərini satıb uşaqlarını böyüdür.

Uşaqlar ali təhsil alırlar, əvvəl böyüyü, sonra o birilər hərə anaya bir diplom gətirir. Ana diplomları bir-bir mücrüyə yığır…

«Mücrü»nü, eləcə də G.Hüseynoğlunun onlarla gözəl mənsur şeirlərini oxuyərkən böyük yazıçı, ədəbiyyatşünas Mir Cəlalın aşağıdakı sözləri yada düşür: «Gülhüseyn özünə tələbkar, oxucusuna və ümumən ədəbiyyata hörmət bəsləyən, az yazmağı sevən yazıçıdır... qəhrəmanın kədər və məyusluğunu göstərməkdən qorxmur… Onun yazılarında süni effetk dapmaq çətindir».

G.Hüseynoğlunun mənsur şeirlərinin, bütövlükdə bədii yaradıcılığının əsas mövzusu mənəvi-əxlaqi məsələlər, problemlərdir. İlk əsərlərindən başlayaraq bugünə qədər o, qarşısıalınmaz bir ehtirasla, müasirimiz olan İnsanın mənəvi dünyasını tədqiq edir. «...Onun yaratdığı obrazlar öz boy-buxunu, üz-gözünün görünüşü, geyiminin növü və rəngi ilə yox, işi və əməl uğrunda mübarizəsi, hərəkat və davranışı, saf duyğu və düşüncələri, zəngin könül aləmi ilə yadda qalır» (S.Əlizadə).

G.Hüseynoğlu haqqında yazan demək olar ki, bütün tənqidçi-ədəbiyyatşünaslar onun güclü müşahidə qabiliyyətinin olduğunu qeyd etmişlər. Məmməd Arif yazır: «Müasirlərimizin psixologiyası ilə bağlı aktual məsələlələrin həlli də onun mənsur şeirlərində zəngin həyat matereialına əsaslanır». G.Hüseynoğlunun mükəmməl poetik formasını tapmamış əsəri ola bilər, ancaq onun həyatdan gəlməyən, bütün məzmun-mündəricəsi ilə həyata əsaslanmayan əsərini təsəvvür etmək mümkün deyil. Ən mücərrəd, ən emosional düşüncələrində də G.Hüseynoğlu realsitdir, bu dünyanın adamıdır...

«Ata», «Müjdəçi», «Ay nur çiləyəndə», «Ömür-gün», «Bir söz», «İstək», «İstəmirəm», «Axar su», «Səninlə neyləyim?», «Qartalların uçuşu», «Payız», «Özün kimi», «Azərbaycan gözəli» və s. və i. Mənsur şeirlərində realizm romantik sürət götürür, adi həyat mənzərələrinin poeziyası açılır.

G.Hüseynoğlunun bir sıra mənsur şeirləri Azərbaycan xalqının tarixinin keşməkeşli dövrlərinə, problemlərinə həsr olunmuşdur ki, bunlardan biri Azərbaycanın ikiyə (yalnız ikiyəmi?) bölünməsi məsələsidir. Azərbaycan ədəbiyyatında «ayrılıq» motivləri XX əsrin 30-cu illərindən görünsə də, II Dünya müharibəsindən sonra geniş yayılmış, bir sıra dəyərli əsərlərin yaranması üçün mənəvi-ideoloji mənbə olmuşdur. Ona qədər Azərbaycanın Şimali və Cənubi sosial-milli baxımdan demək olar ki, bir idi – Şimaldan Cənuba, Cənubdan Şimala gediş-gəliş üçün bir ciddi maneə olmurdu. Lakin 20-ci illərin əvvəllərindən etibarən Şimalda bir, Cənubda isə digər ideologiya, həyat tərzi qərarlaşdı ki, bu da mənəvi-ruhi sərhədi dərinləşdirməyə başladı.

II Dünya müharibəsi dövründə Azərbaycanın Şimali ilə Cənubu arasında beynəlxalq zərurətdən doğan ədəbi-mədəni əlaqə yarandı: sovet qoşunları irəlicədən bağlanmış müqavilə əsasında İrana daxil oldular ki, onların içərisində Şimaldan olan görkəmli yazıçılar, jurnalistlər, elm, mədəniyyət, incəsənət xadimləri var idi. Çox keçmədi ki, Təbrizdə həmin yaradıcı qüvvələrin gücünə ədəbi-mədəni mühit (hansı məzmunda olursa-olsun!) bərpa edildi. Və nəticə etibarilə, Azərbaycanın Cənubunda güclü milli demokratik hərəkat başladı. XX əsrin əvvəllərindəkindən fərqli olaraq 40-cı illərin hərəkatının önündə əsasən ziyalılar, xüsusilə ədəbiyyat adamları gedirdilər. Hərəkat özünün böyük liderini – S.C.Pişəvərini, yüzlərlə milli düşüncə, təfəkkür fədaisini yetirdi.

Ümumiyyətlə, 40-cı illərdə Azərbaycanın Cənubundakı, miqyası, keyfiyyəti etibarilə möhtəşəm ictimai-siyasi, mənəvi-ideoloji hərəkat lazımi nəticəni verməsə də, millətin tarixində ən azı aşağıdakı hadisələrlə əlamətdar oldu:

1. 20-30-cu illərdə Azərbaycanın Cənubunda söndürülmüş ədəbi-mədəni, ideoloji həyat yenidən canlandı, az yaşamasına baxmayaraq ilk milli dövlət yaradıldı;

2. Şimalda Cənuba maraq gücləndi, ədəbiyyatda Cənub mövzusunun miqyası genişləndi;

3. 40-cı illərin ikinci yarısında irticanın təqibindən qaçaraq Azərbaycanın Şimalına köçəri mühacirlər (onlar Cənubun görkəmli ideya, təfəkkür sahibləri, qələm əhli idilər) Şimalda Cənubun mənəvi-ədəbi obrazını təzələdilər.

Və 40-cı illərin sonu 50-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın Şimalında Cənub mövzusu, əsasən, «ayrılıq», «həsrət», «fəraq» motivi ilə diqqəti çəkir... Digər motivlər (Şimalla Cənubun birliyinə sosial-siyasi çağırış və s.) ya ikinci plana keçir, ya da faktiki olaraq unudulur. Və «ayrılıq», «həsrət», «fəraq»... motivi, nə qədər olsa da, Azərbaycanın Cənubunu Şimal üçün bir sıra hallarda ideallaşdırır ki, fikrimizcə, bunun aşağıdakı səbəbləri olmuşdur:

1.  Cənubdan Şimala mühacirət edən istedadlı ədəbiyyat, ictimai-siyasi fikir adamları (B.Azəroğlu, H.Billuri, M.Gülgün, Ə.Tudə, S.Tahir...) özlərini nə qədər doğma mühitdə hiss etsələr də, yenə Cənubun xiffətini çəkirlər;

2. Azərbaycanın Şimalında xüsusilə 50-ci illərin ortalrından başlayaraq «sovet ədəbiyyatı» (yəni bilavasitə sovet ideologiyasının təsdiqi, hökmü ilə yaranan ədəbiyyat) tədricən öz dövrünü başa vurur, milli ədəbiyyatda demokratik, humanist ideyalar qərarlaşır, gələ-gələ geniş miqyas alır;

3. Azərbaycanın Şimalı ilə Cənubu arasında müəyyənləşən kəskin sərhədlər Şimalda ədəbi-ictimai təfəkkürdə narahatlıq, bədbinlik hisslərini gücləndirir və s.

60-70-ci illərdə Azərbaycanın Şimalında elə bir yazıçı tapmaq mümkün deyil ki, Cənub mövzusuna (əslində Cənub həsrətinə!) bir və ya bir neçə əsər həsr etməsin. Həmin əsərlərdə Cənuba intəhasız bir məhəbbətin, hüdudsuz bir sevginin mövcudluğunu görürük.

«Arardın...

Qoynundan keçdiyin yurdun istəklisiydin, fərəhiydin. Yaraşığıydın.

Axardın...

Axar-baxarlıydın, sahillərin səni sevənlərlə, sevib-sevilənlərlə. Deyib gülüşənlərlə dolu olardı. Əzizlənərdin. Sevincinin sonu görünməzdi.

Axardın…

Mənsub olduğu torpağın, yurdun, ölkənin ortasından axmaq baş ucalığıdır çay üçün, bilirsən! Belə baş ucalığı sənə də qismət olmuşdu əzəldən. Missipi kimi, Volqa kimi, Nil, Qanq, Amazonka, Fərat, Niger, Menam, Yantzı, Hind, İravadi kimi!

Axardın…

Şadlana-şadlana, şövqlə, yan-yörəni gəzib dolaşanlara zövq aşılaya-aşılaya... Ancaq sən demə qılınc başının üstündəymiş... Doymazdı şahın gözü, sonsuzdu çarın iştahası, sevincin yoxa çıxdı, özün sərhədə çevrildin.

Axardın...

Gözlərin yol çəkir, fikirlisən, əsəbisən! Dözürsən, dözümünə özün də təəccüb edirsən...

Dünyanın qəribə işləri var, Arazım!»

Azərbaycanı Şimala və Cənuba bölmüş Araz müasir ədəbiyyatımızın böyük faciə obrazlarından biridir – G.Hüseynoğlu yuxarıdakı mənsur şeiri ilə həmin obrazı zənginləşdirir, yadımıza salır ki, bir vaxtlar Araz xoşbəxt idi, çünki bütöv bir ölkənin ortasından axırdı... İndi isə dünyanın qəribə işlərinin qurbanıdır-sərhəddir... Mənsur şeirdə qoyulmuş problem tarixi reallıqdır, lakin problemin qoyulma forması kifayət qədər romantikdir, emosionaldır...

G.Hüseynoğlunun əsərlərində, xüsusilə daha mükəmməl şəkildə mənsur şeirlərində, lirizmlə fəlsəfilik, üsyankarlıqla müdriklik birləşir:

«Nə sakitsən. Nə dinməzsən, nə yazıqsan, dəniz!

Yarıyuxulu, adamsız çöllər kimi qarşımda nə sərilib qalmısan, dəniz!

Dalğalan dəniz! Dənizliyin, gözəlliyin dalğalanmaqdadır.

Dalğalan dəniz! Gözəlliyini, dənizliyini göstər. Varlığını, nəyə qadir olduğunu, vüqarını göstər, gücünü göstər, özünü göstər, dəniz!

Dalğalan dəniz! Səni dalğasız, təlatümsüz, həyəcansız görmək istəmirəm. İstəmirəm, dəniz!».

G.Hüseynoğlu yalnız narahat yazıçı deyil, həm də narahatlıqdan zövq alan yazıçıdır – onun hər bir əsərində yüksək hiss-həyəcan, coşqun harmoniya, intəhasız çılğınlıq var. Həmin xüsusiyyətlər yazıçının bilavasitə xarakterindən irəli gəlir...

G.Hüseynoğlu müasir ədəbiyyatımızın nida cümləsidir!..

«Gün keçib gedir, sabahın yaxşı olacağını umur, ona bel bağlayırıq.

Sabah gəlir də, gedir də. Gözümüz yenə yolda qalır, yenə sabaha boylanırıq.

...Gəlirmi o gün, açılırmı o sabah?!

Təbiət qanununu poza bilməz. Sabah vaxtında açılır, gün gecikə bilməz...

Bəs gələn gün necə gəlir, necə olur?!

Atalar deyir: keçən günə gün çatmaz, calasan günü günə.

Çatmaz!

Bunu bilə-bilə yenə gözləyirik!

Gözləyirik!!!»

Yazıçının poetik sintaksisi zəngindir, müxtəlif üslubi fiqurlardan, konstruksiyalardan, nitq metaforalarından istifadə edir, lakin mənsur şeirlərində əsas ideya-estetik enerjini məhz nida cümlələri daşıyır. G.Hüseynoğlu, bir qayda olaraq, nida cümləsi ilə düşünür, nida cümləsi ilə danışır...

Yazıçının qəhrəmanları sırasına onun ətrafındakı insanlarla yanaşı, ədəbi-tarixi şəxsiyyətlər, Vətənimizin coğrafiyası və s. daxildir – M.Füzuli, A.Ələsgər, C.Cabbarlı, H.Cavid, Ü.Hacıbəyov, H.Z.Tağıyev, Q.Pirimov, M.Müşfiq, Şəhriyar; Bakı, Təbriz, Gəncə...

«Niyə səni çox sevirəm, Gəncə?! Heç özüm də bilmirəm.

Nizami kimi dahi vermisən cahana, ona görəmi?!

Göy göl kimi gözəllik bağışlamısan Azərbaycana, buna görəmi?!

İşğalçı imperiya qoşununa sinə gərən yurda bağlı şir ürəkli Cavad xana görəmi?!

Cavad xanın döyüşçüləri sırasında kişi paltarı geymiş və düşmənlə igidcəsinə vuruşan gözəl-göyçək qızlarına görəmi?!

Bütün Şərqdə ilk qaranquş kimi pərvazlanan Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı olduğuna görəmi?!

Nə deyim?!

Bəlkə özün deyəsən, niyə səni bu qədər sevirəm, Gəncə?!»

G.Hüseynoğlunun, necə deyərlər, şah əsərlərindən biri onun məşhur «Azərbaycan dili» mənsur şeiridir. 60-cı illərdə yazılmış bu gözəl əsəri, mən elə başa düşürəm ki, hər azərbaycanlı ana dili himni kimi əzbərdən bilməlidir:

«Anamın südündə, vətənimin havasında, çörəyimdə, suyumda səni duymuşam!

Torpağımda-daşımda, çölümdə-çəmənimdə, Kürümdə-Arazımda, Xəzərimdə-canımda səni görmüşəm!

Elimdə-günümdə, dərsimdə-kitabımda səni sevmişəm! Sevmişəm, a mənim tarixin eniş-yoxuşlarında xalqımın göz bəbəyi kimi qoruduğu dilim! Azərbaycan dilim!

...Sənsiz neyləyə bilərəm?! Nəyə gərəyəm?!

Varlığım varlığına bağlıdır. Adım adınla öyünər. Sevincim, səadətim qüdrətinlə yaranar, a mənim günüm, ilim, əsrim, qərinəm, nəhayətsizliyim, Azərbaycan dilim! Azərbaycan dilim!»

Yazıçı Azərbaycan dili barəsində həmn yaratmaqla kifyayətlənməmiş, öz mənsur şeirləri ilə ana dilinə gözəl bir abidə qoymuşdur - G.Hüseynoğlunun dili obrazlı, canlı, ehtiraslı bir dil olmaqla yanaşı, həm də yüksək ədəbiliyi ilə seçilən dildir.

Ümumiyyətlə, mənsur şeir yazıçıdan dilə daha çox həssaslıq, sözün ağır-yüngülünü ustalıqla seçmək, az sözlə böyük məna ifadə etmək qabiliyyəti tələb edir. G.Hüseynoğlunun mənsur şeirlərində adlıq cümlələr, sonu üç nöqtə ilə bitən cümlələr, yarımçıq cümlələr çoxdur... Bu isə o deməkdir ki, mənsur şeirin mətni hələ üzdə olan mətndir, mətləb isə daha əhatəlidir, daha genişdir, daha mürəkkəbdir.

Mənsur şeirin dili bu baxımdan daha çox şeir dilidir. Və mənsur şeir müəllifi daha çox şairdir.

Gülhüseyn Hüseynoğlu yaradıcılığının ən mühüm cəhətlərindən biri onun müasirliyidir: «Azərbaycan dili», «Gəncə», «Mücrü», «Ana torpaq», «Dünyanın qəribə işləri var», «Payım mənim»... kimi onlarla mənsur şeirlərində bunu görməmək, hiss etməmək, sadəcə olaraq, mümkün deyil... Bu mənsur şeirlər azərbaycanlı oxucunun ruhuna işləyir, onu səfərbər edir, hansı etnokulturoloji sistemin övladı olduğunu göstərir...

«Yer üzündə şəhərlər var. Mənzərəli, görünüşlü, cəlbedici, axar çaylı, coşqun dənizli, əzəmətli, izdihamlı şəhərlər.

Biri də mənim qismətimə düşüb bu şəhərlərdən. Coşqun dənizli şəhərlərdən. O şəhər sənsən, əzizim, canım-ciyərim, mehribanım! Üç-dörd yaşından qoynundayam, səninləyəm. Bakı, Bakım mənim!

İçərişəhərin var, Bayırşəhərin var, Qaraşəhər, Ağşəhərim var, ey ixtiyar şəhərim! Keçmişimizin, əcdadımızın səsi, nişanəsi İçərişəhər sənin kökündür. Bu kök üstündə boy atmısan, atırsan, atacaqsan, ey Bakı, Bakım mənim!...»

Yaxud:

«...Bəstəkar tar çalır...

Sevin, tar, sevin tar! Şöhrətin, qüdrətin yayılsın ellərə, sığmasın göylərə. Ucasan, bir az da ucal sən, gör səni kim çalır?! Harda «Şur» çalır?! Necə də ürəklə l çalır!

Bəstəkar tar çalır...

Dinləyir London, dinləyir İngiltərə, dinləyir dünya. O sarı simlərin lisanı, heyrətə salır dünyanı. Heyrətə salır.

Bəstəkar tar çalır...»

G.Hüseynoğlunun yaradıcılığı göstərir ki, müasirlik sənət əsərini heç də bəzilərinin düşündüyü kimi, ümumiləşdirmədən məhrum etmir, eyni zamanda ona əyanilik, müəyyənlik gətirir. Tanış adlar, tanış anlayışlar oxucunun hisslərinə, duyğularına böyük təsir göstərir, onu mənən, ruhən səfərbər edir... Azərbaycanın milli müstəqillik uğrunda mübarizə apardığı bir dövrdə, ədəbiyyatın milli mənəvi dəyərə daha çox çevrildiyi bizim günlərdə G.Hüseynoğlunun istər uşaqlar, istərsə də böyüklər üçün yazdığı əsərlərin əhəmiyyəti bir qədər də artmışdır.

Məlum olduğu kimi, son illərə qədər Azərbaycan ədəbi-ictimai təfəkküründə «Azərbaycan sovet ədəbiyyatı»na qarşı bir ideoloji hücum mövcud idi – bu ədəbiyyatın ən möhtəşəm nümayəndələri – C.Cabbarlı, S.Vurğun, S.Rüstəm, R.Rza, Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov... inkar edilirdi. Qeyd etmək lazımdır ki, bu cür inkarçılığın «metodoloji» əsaslarını heç də Azərbaycan milli-demokratik düşüncəsi deyil, 60-cı illərdən bütövlükdə sovet, o cümlədən Azərbaycan sovet ədəbiyyatında təzahür edən 69-cılar hərəkatı hazırlamışdı. Həmin hərəkat iddiasında olduğu «yeni ədəbiyyat» məhz «köhnə ədəbiyyat» (və ədəbiyyatçılarla!) mübarizə gedişində yaradırdı. «Yenilikçilər»in liderlərindən biri (bəlkə də, birincisi!) Əkrəm Əylisli baş redaktoru olduğu «Azərbaycan» jurnalında «köhnə ədəbiyyat»ın nümayəndələrinə qarşı hələ 80-ci illərdə həm birbaşa, həm də dolayısı ilə (yəni ədəbi tənqid vasitəsilə) bir neçə ilə ardıcıl «mübarizə» apardı... 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində milli-demokratik hərəkatın, Azərbaycanın azadlığı uğrunda mücadilənin gücləndiyi dövrdə isə ən ağır məğlubiyyətə məhz «yenilikçilər» uğradılar, əgər belə demək mümkünsə, daha onların «kitabı»nı oxuyan çox az oldu. Və bir neçə on il ərzində təbliğ etdikləri «benəlmiləl demokratiya» heç bir nəticə vermədən süqut etdi. Əksinə, sovet dövründə milli düşüncəni (və dili!) qoruyub inkişaf etdirmiş «köhnə» ənənvi ədəbiyyat kifayət qədər böyük nüfuz qazandı... Hətta etiraf etmək lazımdır ki, «yenilikçilər»in istedadlı (və artıq təcrübəli, bir qədər də «köhnəlmiş»!) nümayəndələrinin yaradıcılığı da ənənvi ədəbiyyatın tərkib hissəsinə çevrildi. 60-cılar özlərini novator elan edərkən (qeyd edək ki, onlar həqiqətən novator idilər) düşünməmişdilər ki, sərt şəkildə inkar etdikləri 30-cular, 50-cilər də ədəbiyyata məhz «yenilikçi» olaraq gəlmişdilər... Həmin tarixi yenilikçiliyin bir nümunəsi də G.Hüseynoğlunun yaradıcılığı idi.

Ümumiyyətlə yradıcılıq xarakteri (tiipologiyası) 50-ci illərdə formalaşan Azərbaycan yazıçılarını sözün klassik mənasında «sovet yazıçısı» adlandırmaq çətindir -  məsələn, İ.Şıxlının, İ.Hüseynovun, N.Xəzrinin, H.Arifin, Qabilin, H.Abbaszadənin... yaradıcılığında sosialist realizminin, sovet ideologiyasının təsiri olduqca üzdə, olduqca «dekorativ»dir. Bu yazıçılar «kommunizmin nurlu sabah»ına ürəklərində qətiyyən inanmırdılar, «partiya iclasları»nda isə daha çox sənət söhbətləri etməyə, milli-mənəvi dəyərlərdən danışmağa çalışırdılar... Həmin yazıçılar nəslindən olan G.Hüseynoğlu isə kommunizmə heç 40-cı illərdən inanmamış yuxarıda deyildiyi kimi, gəncliyinin ən gözəl illərini milli azadlıq uğrunda mübarizəyə həsr etmişdi. Ona görə də G.Hüseynoğlu sovet dövründə yaşayıb yaratsa da, yaradıcılığının xarakteri etibarilə sosializm realizminə mənsub deyil, o, daha çox milli demokrat, bir az da maarifçidir... Ümumiyyətlə, milli demokratizmlə maarifçilik Azərbaycan yazıçılarının yaradıclığında həmişə qarşılıqlı əlaqədə çıxış edir – C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, S.S.Axundov... kimi mütəfəkkir sənətkarların yaradıcılığı bunu təsdiq edir. Və görünür, milli demokratizmlə maarifçiliyin bu cür əlaqəsi Azərbaycanın ictimai reallığından irəli gəlmişdir.

Mir Cəlal G.Hüseynoğlu yaradıcılığının əhəmiyyətli tərəflərindən birinə diqqət yetirərək yazır: «Gülhüseyn Hüseynoğlu bədii ədəbiyyatı ictimai tərbiyənin, əxlaqın mühüm, kəsərli silahı kimi düşünür, buna görə də o yalnız böyüklərə yox, balaca dostlara da ürək sözünü və məsləhətini deyir. Yaxşı ki deyir! Balacaları unutmağa bizim heç birimizin haqqı yoxdur». Yazıçının «Balaca dostlarım üçün» silsiləsindən hekayələrində M.Füzuli, H.Cavid, M.Müşfiq, Ü.Hacıbəyov... haqqında uşaqların idrak səviyyəsinə uyğun maraqlı tərcümeyi-hal, yaradıcılıq məlumatları verilir – həmin məlumatlar obrazlılığı, mükəmməlliyi ilə azyaşlı oxucuların diqqətini çəkir, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin böyük şəxsiyyətləri barədə onlarda aydın təsəvvür yaradır.

G.Hüseynoğlunun 70-ci illərdə yazdığı mənsur şeirlərindən biri, nə qədər qəribə də olsa da, məhz özünün mənsur şeirləri barəsindədir:

«...Sevincə, kədərə ortaqsınız.

Yalandan, riyadan uzaqsınız.

Nə yaxşı ki, varsınız!

Varımsınız!.. Həyatmımsınız!

Belə həyatımdan sonrakı

Həyatımsınız, mənsur şeirlərim mənim!

Şair Hikmət Ziya da G.Hüseynoğlunu «nəsrin şairi» kimi tərənnüm edir.

Deyim ki, təzə bir sirr açmıram mən, - 

Şeirdə nasirlik, - bu, fəlakətdir.

Hər sətri şeir tək ürəyə girən

Nəsrdə şairlik, bu, məharətdir.

G.Hüseynoğlu artıq qeyd etdiyimiz kimi, hekayələr, povestlər, oçerklər, ssenarilər və s. müəllifidir – onun «Adam istəsə...», «Xəzərin qoynunda», «Yana-yana», «Yaşıl təpə döşündə» və s. povestləri yazıçının iri həcmli janrlarda düşünmək, özünü ifadə etmək istedadını kifayət qədər aydın şəkildə nümayiş etdirməklə yanaşı, yuxarıda söylədiyimiz belə bir fikri təsdiq edir ki, müəllif iri həcmli əsərlərində də birinci növbədə məhz mənsur şeir ustasıdır.

Müşahidələr göstərir ki, böyük lirika olmayan yerdə böyük satira yaranmır – böyük satirik təfəkkür böyük lirikanın antitezasıdır. Məsələn, Sabir ədəbiyyata Füzulidən əvvəl gələ bilməz... G.Hüseynoğlununlirikası onun satirasını qidalandırır... «İmtahan», «Xala nəvəsi», «Növbətçi təbəssüm», «Bəs bazar iqtisadiyyatını nəzərə almırsan?!», «Pedaqoji səhv» və s. hekayələrində olduğu kimi... Həmin əsərlərin əsas mövzusu müəllifə yaxşı tanış olan ali məktəb həyatıdır.

...Professor semestr imtahanı götürməyə hazırlaşır. Ona zəng edib nə qədər tələbə varsa, hamısını tapşırırlar ki, «əla» yazsın. Heç kimin üzündən keçə bilmir... Tək bir nəfər qalır. Professor əynini geyinib böyür-başına baxmadan fakültəyə gəlir ki, heç olmasa bir tələbədən imtahan götürüb ona özü «əla» yazsın. Ancaq qismət olmur. Axırıncı tələbəni də dekan tapşırır...

Əlbəttə, G.Hüseynoğlunun təfəkkürü, tipologiyası etibarilə, lirik təfəkkürdür, ancaq arada bir satirik düşünməyin nə ziyanı var?...

G.Hüseynoğlunun 50-ci illərin ortalarından başlayaraq (sürgündən qayıtdıqdan sonra) çıxan kitablarının sadəcə adlarını sadalamaq kifayətdir ki, yazıçının məhsuldarlığı barədə aydın təsəvvür yaransın: «Xəzərin qoynunda» (1957), «Bir ömrün çıraqları» (1958), «Etiraf» (1961), «Nigarançılığın sonu» (1963), «Mənsur şeirlər» (1964), «Yaşatmaq üçün» (1966), «İnsan» (1968), «Gözəl» (1970), «Mücrü» (1972), «Seçilmiş əsərləri» (1974), «Ömrümüz boyu» (1978), «İnsanlar və dalğalar» (1982), «Qatar gedir» (1983), «Yana-yana» (1986), «Kişi kimi» (1992), «Seçilmiş əsərləri»nin birinci cildi (1993), «Məhəbbətdirmi bu» (1996) və s. Yazıçının əsərləri yalnız Azərbaycanda yayılıb sevilməklə qalmamış, eyni zamanda dünyanın müxtəlif dillərinə tərcümə olunaraq müəllifə (və Azərbaycan ədəbiyyatına) şöhrət gətirmişdir.

G.Hüseynoğlu ədəbiyyatşünas-müşfiqşünasdır. Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə dair onlarla maraqlı məqalənin müəllifi olsa da, elmi-ədəbi ictimaiyyət onu daha çox görkəmli müşfiqşünas kimi tanıyır. O, böyük şairin indiyə qədər iyirmidən artıq kitabını tərtib, redaktə edib nəşr etdirmişdir. G.Hüseynoğlu M.Müşfiq haqqında ilk monoqrafiyanı yazmış, ilk disseratsiyanı müdafiə etmiş, ali məktəb tələbələri üçün ilk dərs vəsaitini hazırlayıb çap etdirmişdir. «Müşfiq» monoqrafiyası (Bakı, 1968) şair haqqında bu günə qədər əsas elmi mənbə olaraq qalmaqdadır. Həcmcə kiçik, ancaq məzmun-mündərəcə etibarilə böyük «Müşfiq» monoqrafiyası belə başlanır: «Böyük fitri istedad, coşqun ilham, böyük səmimiyyət, poeziyaya bütün varlığı ilə vurğun bir şəxsiyyət... Bəli, Müşfiq haqqında düşünməyə, yaxud yazmağa başlar-başlamaz öncə xəyalda bu keyfiyyətlər, bu sifətlər canlanır»... G.Hüseynoğlu həmin monoqrafiyada müasir Azərbaycan poeziyasının banilərindən biri olan Müşfiqin həyatı, yaradıcılığının əsas mərhələləri, lirikası, epik poeziyası, uşaqlar üçün yazdığı əsərlər barəsində yığcam bir şəkildə bəhs etmiş, kitabını metaforik olduğu qədər də real olan aşağıdakı sözlərlə bitirmişdir: «Müşfiqin şeiri də, özü də ürəklərdədir! Ürəklərdə!».

«Müşfiq» monoqrafiyasından sonra G.Hüseynoğlu böyük şairin yaradıcılığı üzərindəki tədqiqatını daha da genişləndirdi, onlarla məqalələr yazdı. Və nəhayət, «M.Müşfiqin yaradıcılıq yolu» dərs vəsaitini nəşr etdirdi. On ildən artıq ali məktəb tələbələrinin faydalandığı həmin əsər sadəcə dərs vəsaiti deyil, eyni zamanda dəyərli elmi tədqiqat əsəridir. Burada müşfiqşünaslığın problemləri, böyük şairin ədəbi-estetik görüşləri, əsərlərinin mətnşünaslığı və s. məsələlər ilk dəfə araşdırılmış, müəllif kifayət qədər əsaslı qənaətlərə gəlmişdir.

M.Müşfiqin əvəzolunmaz tədqiqatçısının M.Müşfiqlə əlaqədar apardığı araşdırmaların miqyasını (və mükəmməliyini) müəyyən etmək üçün onun yalnız bir cümləsinin məna tutumuna, siqlətinə diqqət yetirmək kifayətdir: «Şairi ürəklərdə yaşadan, zəngin ədəbi irsini xalqa sevdirən, şeirlərini oxucuların dilinin əzbəri edən poeziyasının xəlqiliyi, vətənpərvərliyi, müasirliyi, humanizmidir, yüksək sənətkarlığıdır, orijinallığı, novatorluğudur». Burada Müşfiqin yaradıcılığı barədə işlədilmiş hər bir təyinin arxasında böyük tədqiqatçı zəhməti, ətraflı araşdırmalar, elmi-ictimai məsuliyyət dayanır. Xüsusilə buradakı məsuliyyət anlayışı üzərində dayanmaq istərdik... G.Hüseynoğlu ümumiyyətlə məsuliyyətli tədqiqatçıdır, lakin M.Müşfiqə, onun yaradıcılığına münasibətdə o daha böyük məsuliyyət hiss edir, şairin hər sözü üzərində zərgər dəqiqliyi ilə işləyir.

Müasir Azərbaycan ədəbiyyatınının müxtəlif problemlərinə, ayrı-ayrı görkəmli sənətkarların (S.M.Qənizadənin, M.Hüseynin, N.Rəfibəylinin, Mir Cəlalın və b.) yaradıcılığına həsr olunmuş məqalləəri G.Hüseynoğlunun tədqiqatçı-ədəbiyyatşünas üslubunu müəyyən edir. Bu üslub sərtdir, güzəştsizdir, boğazdan yuxarı mühakimələrdən, saxta təriflərdən uzaqdır, eyni zamanda səmimidir.

G.Hüseynoğlu, artıq qeyd etdiyimiz kimi, M.Müşfiqi sadəcə tədqiq etmir, ruhən onunla yaşayır, onunla nəfəs alır... Və hər il şairin doğma kəndində, yurdunda onun xatirə günlərinin keçirilməsinə rəhbərlik edir. G.Hüseynoğlu müşfiqləşir, ölkə ictimaiyyətinə də «Müşfiqli günlər» bəxş edir.

Müşfiqi xatırlamaq, heç olmasa ildə iki dəfə «Müşfiqli günlər» yaşamaq yalnız həyatdan vaxtsız getmiş böyük bir sənətkara hörmət, ehtiram deyil, həm də (və bəlkə də, daha çox!) Azərbaycan ədəbi-ictimai mühitinin, ümumən cəmiyyətinin mənən sağlamlaşması, ruhən güclü olması üçün lazımdır. Çünki Müşfiq Azərbaycan xalqının yaddaşında saf, qaynar (və gənc!) bir enerji kimi formalaşıb qalmışdır. Bu enerji eyni zamanda azərbaycanlıların şərə, irticaya, düşmənə müqavimət qabiliyyətini təcəssüm etdirir. Və sübut edir ki, Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi naminə qurban verməyə həmişə hazır olmuş, «bir gün azad yaşamağı, yüz il əsirlikdə qalmaqdan» üstün tutmuşdur.

G.Hüseynoğlu son müsahibələrinin birində qeyd edir ki, «yaradıcılıqdan heç vaxt uzaq düşmürəm. Məni yaşadan həm də qələmlə dostluğumdur. Repressiya illərində Şərqi Sibirin Tayşet rayonunda siyasi düşərgədə məhbus olarkən azadlıq naminə yaratdığımız «İldırım» təşkilatının məramı, fəaliyyəti, əqidə yoldaşlarım barədə kitab üzərində düşünürəm... Düşünürəm ki, cəsurların birləşdiyi «İldırım» təşkilatının salnaməsini yazmaq bir borcdur və mənim taleyimə düşüb».

Xüsusi olaraq sübut etməyə ehtiyac yoxdur ki, G.Hüseynoğlu həyatını, o cümlədən də yaradıcılıq həyatını olduqca mənalı yaşamış insanlardandır – o nə iş görmüşdürsə, özündən çox millətini, xalqını, vətənini düşünüb görmüşdür. Ona görə də G.Hüseynoğlunun, sadəcə, adını çəkmək kifayətdir ki, eşidənlərin üzünə xoş bir təbəssüm yayılsın, ürəkləri açılsın, ruhları təzələnsin... Etiraf edirik ki, bu mürəkkəb, müxtəlif maraqların toqquşduğu münaqişələrlə zəngin dünyada G.Hüseynoğlu düzlüyü, prinsipiallığı böyük bir iş görməyə, yəqin ki, qadir deyil, lakin bu da bir kişilikdir ki, qaraya ağ, ağa qara deməyəsən, mübarizə aparmağa gücün çatmayan yerdə də özündə güc tapıb etirazını bildirə biləsən... Və başlıcası, bir an belə mənən, ruhən məğlub olmayasan. Gülhüseyn Hüseynoğlu kimi!..

 

MÜNDƏRİCAT


Ön söz 3

Həyatı 5

Yaradıcılığı 14


       Nəşriyyatın direktorru: Balakişi Ağayev

Baş redaktor: Məmməd Əlizadə

Mətbəə üzrə direktor müavini: Ələs Qasımov

Kompüter tərtibçisi: Aytən Ramazanova

Yığılmağa verilmişdir: 05.XI.2001. Çapa imzalanmışdır: 15.XI.2001

Formatı 60x84 1/16. Həcmi 2, 25

Sifariş 65 Tirajı 300

Bakı Universiteti nəşriyyatı,

Bakı – 370148, Z.Xəlilov küçəsi, 23

BDU Nəşriyyatının mətbəəsi