Ağ kəlağayı - Hekayə
- Ana Səhifə
- Ağ kəlağayı - Hekayə
Ağ kəlağayı - Hekayə
Bahar xala yenicə almış olduğu məktubu oxutmaq üçün qonşuya getmək istəyirdi
ki, qapını döydülər. O, tələsik yaylığını başına örtüb qapını açdı. Qapı ağzında
qarabuğdayı, dolğun, iyirminci baharına yenicə qədəm qoymuş, ağ kəlağayılı uzunhörüklü
bir qız durmuşdu.
Bir anlıq onların hər ikisi təəccüb və sualdolu nəzərlərlə bir-birinə baxdılar.
Lakin bu çox çəkmidi. Uzunhörüklü qız əlindəki kiçik kağız parçasına gözucu baxıb:
– Xala can, Bahar İbrahim qızı sizsinizmi? – soruşdu və iri, qara gözlərini
onun mehriban, gülər üzünə zillədi.
– Mənəm, qızım, içəri gəlsənə, qapıda niyə dayanmısan?! – deyib Bahar xala
onu evə dəvət etdi.
Əyləşdilər. Mahiyyə institutunda oxuduğunu və buraya komsomol komitəsi tərəfindən
oğlu ilə yazışmasında ona kömək eləmək üçün göndərildiyini qısaca Bahar dalaya danışda.
Bahar xala onun bu gəlişinə çox sevindi, dil-ağız elədi, ürəkdən razılığını bildirdi.
Dedi:
– Qızım, amma necə də vaxtında gəlmisən, elə indicə kağız almışdım, oxutmaq
üçün qonşuya getmək istəyirdim... Ala, bir oxusana görüm sağ olmuş nə yazır, - məktubu
ona uzatdı.
Mahiyyə üçkünc məktubu alıb açdı, oxudu...
Rövşən məktubunda sağ-salamat olmasından, döyüşçülərin düşmənlə necə igidliklə
vuruşduqlarından, öz yaxın dostlarının səmimiyyət və mehribanlığından yazmış, sonra
ona tez-tez məktub göndəməyən anasını bir azca məzəmmət etməyi də unutmamışdı.
Baha xala ayağa durub rəfdən fincan-nəlbəki götürdü, gətirib stolun üstünə
qoydu, sonra da mətbəxə keçib çaydanı, dəm çaynikini gətirdi, fincanlara çay töküb
birini Mahiyyənin, birini də öz qabağına qoydu.
Mahiyyə çaya işarə ilə:
– Bu nədir, xala, nə zəhmət çəkirsiniz? – dedi.
– Qızım, heç bir zəhməti-filanı yoxdur, əsl zəhmət sənindir, gəlib xalanı
axtarmısan, tapmısan.
– Bu bizim borcumuzdur.
– Çox sağ ol, qızım!
– Dəyməz, xala can!
– Qızım, di çayını soyutma, götür iç, - deyən Bahar xala özü də qabağındakı
fincanı götürüb, içməyə başladı, bir qədər içəndən sonra fincanı yerə qoyub dedi:
- Sonra da, qızım, əgər mümkün olsa, mənim dilimdən Rövşənə bir parça kağız yazarsan.
– Mümkün olsa nədir, xala?! Mütləq yazacağam. Məgər bundan ötrü gəlməmişəm?!.
– Di çayını götür iç.
Mahiyyə utancaqlıqla əlini fincana apardı, çay hələ isti idi. Dedi:
– Xala, bu ki lap qaynardı, gəl əvvəlcə məktubu yazaq, çayı sonra içərəm.
Bahar xala mürəkkəb, qələm gətirdi. Mahiyyə yazmağa başladı. O, ağ vərəqləri
qaraladıqca, Bahar xala arabir onu saxlayır və:
– Qızım, burasını, bax, lap elə mən dediyim kimi yaz, qoy oxuyanda sevinsin,
şad olsun, - deyirdi.
O öz ürək parçasına ürək sözlərini göndərməyə çalışır, Mahiyyə də onları
ürəklə kağıza köçürürdü... Nəhayət, ana sözlərini deyib qurtarandan sonra qız oraya
öz dilindən bu sözləri də qeyd elədi:
«Rövşən, mən sizi tanımıram, yənin ki, siz də məni tanımırsınız. Ancaq siz
kim olursunuzsa-olun, mən sizi bir döyüşçü kimi tanıyır və bu məktubu yazdıran ananızla
birlikdə sizə öz səmimi salamlarımı göndərirəm».
Çay soyumuşdu. Bahar xala onu təzələmək istədi. Mahiyyə mane oldu.
– Eybi yoxdur, xala, elə bu cür yaxşıdır. – Götürüb içdi.
– Qızım, qoy birini də gətirim.
– Yox, xala, bəsdir, instituta getməliyəm. Tələsirəm.
Mahiyyə qalxdı, məktubu yolda poçta vermək üçün özü ilə götürdü və Bahar xalaya həmişə baş çəkəcəyini söyləyib, əlini ona uzatdı. Bahar xala ona razılıq edib, üzündən öpdü.
***
Bu görüşdən bir neçə gün keçmişdi. Bahar xala əllərini qoynuna qoyub, oğlunun
nə vaxt qayıdacağı haqqında fikirləşirdi ki, Mahiyyə gəldi, onun halını pərişan
görüb tez yanına yüyürdü, kefini soruşdu. Baha xala kədərli olduğunu Mahiyyəyə bildirməməyə
çalışaraq:
– Niyə, qızım, pis deyiləm, - dedi. – Ancaq hərdənbir... heç özüm də bilmirəm...
Ürəyim sıxılır. Darıxıram!
– Yox, xala, mən görürəm, siz nəyisə məndən gizlədirsiniz. Ancaq nahaq! Elə
bilin mən də sizin qızınız. Söyləyin, ürəyinizi sıxan nədir? Nə olmuşdur?
– Heç bir şey yoxdur, qızım! Mən doğrusunu deyirəm. Heç bir şey... Ancaq
bu axır zamanlar, bilirsən, çox qatmqarışıq yuxular görürəm. Əhvalım pis olur, deyirəm
uşağın başında bir xəta-zad olmasın.
– Elə buna görə yəqin kefsiz olursunuz. Amma lap nahaq yerə, - Mahiyyə ona
təsəlli verməyə başladı. – Rövşənə nə olub ki?! Sağ-salamatdır, özündən də tez-tez
məktub gəlir. Tezliklə müharibə də qurtarar, onda daha məktubu yox, öz gəlib çıxar.
Elə deyilmi xala?
– Eh... nə bilim, qızım, allah ağzından eşitsin, mənim əziz balam... – Bahar
xala bir qədər fikrə getdi, sonra qoynundan bir əks çıxarıb Mahiyyəyə uzatdı: -
Təsəllimi, bax, bundan alıram!..
Mahiyyə şəklə baxdı, gözlərinə inanmaq istəmədi. Bu o idimi? Bəlkə yanılırdı?
Adam da adama bu qədər oxşayarmı? Yox? Mahiyyə səhv eləməmişdi, bu o idi.
O, şəklə bir də, bir də baxdı, çırpınan qəlbinin gözü ilə baxdı, iki il bundan
əvvəl həyatından silinməz izlər buraxmış bir hadisə gəlib gözləri önündə dayandı
və bunu o, çəkinə-çəkinə Bahar xalaya danışdı...
...Susuzluqlan bağrı yarılmış geniş düzləri geridə buraxaraq «Bakı-Buzovna»
elektrik qatarı yerl kimi irəli cumur, əzəmətli şəhərin istisindən baş götürüb qaçan
adamları vaxtında bağlara, dəniz sahillərinə çatdırmağa tələsirdi. Hər iki yandan
pəncərələri açıq olsa da, vaqonların içi od tutub yanır, yaxalar açılır, yelpiklər
ara vermədən işləyirdi...
Sonuncu vaqonda açıq pəncərəyə yaxın oturmuş Mahiyyə, sərin olsun deyə, boğazı
altından bağladığı ağ kəlağayısının uclarını açdı, dərindən nəfəs aldı, nəzərləri
bayaqdan bəri ona dikilən qara gözlərə sataşdıqda qızardı, gözlərini yerə zillədi.
Mahiyyə bir neçə dəfə idi ki, indi onunla üz-üzə ooturmuş qaragözlü oğlana
beləcə təsadüf edir və onun çox mənalı, cazibəli nəzərlərindən utanır, başını aşağı
salırdı. Bilsəniz, Mahiyyə bu baxışları oğrun-oğrun süzərkən mənasını bilməyə nə
qədər can atmış, oğlan isə danışmadığından, bu, onunçün bir sirr olaraq qalmışdı...
İndi də Mahiyyə hələlik ona müəmmalı görünən, lakin xoşu gəldiyi bu baxışların
nüfuzedici təsiri altında sıxılır, özü də hiss etmədən yanaqları allanırdı. O, gəncə
baxmağa çalışsa da, qəribə bir hissin sövqi ilə hərdənbir yenə başını qaldırır və
utancaq baxışları oğlanın odlu baxışları ilə toqquşanda, tez gözlərini yana çevirirdi.
Baxmaq ürəyindən olsa da, bunu biruzə verməyi qızlıq mənliyinə sığışdıra bilmirdi.
Ancaq bu dəfə onların baxışması uzun sürmədi. Birdən-birə cövlana qalxmış
dəlisov Bakı küləyi qızın kəlağayısını başından alıb, havada oynada-oynada apardı.
Mahiyyə təəssüf və həyəcanla kəlağayısının dalında baxdı, sonra nəzərlərini
oğlana çevirdikdə, onun ayağa durduğunu gördü. Elə bu zaman elektrik qatarı qarşıdan
gələn başqa elektrik qatarına yol vermək üçün azacıq nəfəs alıb dayandı. Oğlan bu
təsadüfə sevindi və tez üzünü qıza tutub:
– Siz narahat olmayın, mən bu saat kəlağayınızı gətirərəm, - dedi.
Mahiyyə etiraz edərək:
– Yox, yox, zəhmət çəkməyin, sizə əziyyət olar, - dedisə də, o buna əhəmiyyət
vermədi, sürətli addımlarla qapıya sarı yönəldi, tez özünü yerə atıb kəlağayının
dalınca qaçdı və onu küləyin ağzından alıb geri döndü. Gətirib qıza uzatdı. Mahiyyə
kəlağayını alıb:
– Çox sağ olun, sizə böyük əziyyət oldu, - dedi.
– Dəyməz, - gəncin cavabı eşidildi, - sonra da, bu mənim üçün əziyyət deyil,
xoşdur.
Onlar bir-iki kəlmə güclə danışdılar. Elektrik qatarı artıq Sabunçuya çatıb
dayanmışdı. Oğlan burada düşməli idi. O, qızla xudahafizləşib vaqondan enərkən qəlbi
güclü və əsrarəngiz bir hisslə titrədi...
Həftələr, aylar keçdi, Mahiyyə bu qəribə təsadüfü unuda bilmədi. Təsadüf
elədiyi gənc xəyalından bir an belə silinmədi. Hər zaman, hər yerdə onu düşündü,
onu axtardı, fəqət tapa bilmədi.
Mahiyyə onu sevmişdimi? Bilmirdi. Onun bu iki ildə bildiyi yalnız bu olmuşdu:
onu bir daha görmək, onunla ürəkdən-ürəyə danışmaq arzusu.
Nəhayət, o bü gün özünü xoşbəxt saydı; bayaqdan bəri əlində tutduğu əksə
bir daha diqqətli nəzərlərlə baxdı, orada gülümsəyən qara gözlərin seyrinə daldı.
Həmin gözlərdi; onu heç vaxt rahat buraxmayan, min bir gecə nağılları tək cazibədar,
qəlbinin dərinliklərinə nüfuz edən qara gözlər!
***
Kəlağayı əhvalatı Mahiyyəni Bahar xalaya daha ürəkdən bağladığından, tez-tez
onun yanına gəlib-gedər, Rövşənin məktublarını oxuyar və bir-bir onlara cavab yazardı.
Bəzən də o, boş vaxtlarında saatlarca Bahar xala ilə oturar, onun ürəyinə yatan
söhbətlər edərdi. Bu söhbətlər zamanı Bahar xala, ondan ailələri, qohumları haqqında
sorğu-sual edər, aldığı cavablardan xoşlanardı. Hətta bir dəfə Mahiyyənin təkidilə
onların kəndinə getmiş, ailələri ilə tanış olmuşdu. Bahar xalanın Mahiyyəgilin ailəsindən
aldığı təəssürat, bir oğul anası kimi onu razı salmışdı.
Bahar xala ilə Mahiyyə arasında yaranan bu ülfət və mehribanlıq getdikcə
Rövşənə də öz təsirini göstərirdi. Artıq o, məktublarını başqa ruhda yazır, anası
ilə Mahiyyənin bir yerdə adını çəkir, sevinirdi; çünki anası artıq tək deyildi,
onun halını soruşan, qeydinə qalan vardı.
Mahiyyə bir gün onlara gələndə Bahar xalanı üzəri zərlə işlənmiş məxmər boğça
ilə məşğul olan görüb yanına yüyürdü:
– Bunlar nədir, ay xala, gör necə də parıldayırlar, elə bir indicə dükandan
alınmışdılar, - deyərək Mahiyyə gözlərini boğçadakı rəngarəng yaylıqlara zillədi.
Bahar xala onu bağrına basdı:
– Eh... qızım... Bunlar oğlumun nişan şeyləridir. Həmişə bağlı qalmasın deyə,
çıxarıb tez-tez havaya verirəm.
O, bir-bir yaylıqları boğçadan çıxartdı, qatlarını açmağa başladı. Mahiyyə
onların adlarını ürəyində pıçıldadı:
– Zəkiyyə yaylıq, əsmə şal, gecə-gündüz...
Birdən «gecə-gündüz»ün içindən bir üzük sürüşüb yerə düşdü. Mahiyyə tez əyilib
onu götürdü, işıqda belə parıldayan üzüyün qaşı onun çox xoşuna gəldi və o:
– Bu da ki, xala, yəqin nişan üzüyüdür, - dedi.
Bahar xala dərindən köksünü ötürə-ötürə:
– Elədir, qızım, elədir, - dedi. – Düşmənin görüm anası mələm qalsın. Axı
hərənin özünə görə bir arzusu, bir dərdi vardı...
– Xala can, bəs onun istədiyi qız kimdir?
Bahar xala böyük ürək çırpıntısı ilə verilən bu sualın əsl mənasını başa
düşməyə bilməzdi. Odur ki, tələsik:
– Heç kim, qızım, - dedi, - özü burdaykən, kimi almaq istədimssə, bəyənmədi.
Ana, mənim hələ evlənən vaxtım deyil, dedi. Sonra da davaş düşdü... O getdi. Başladığım
iş yarımçıq qaldı...
Rövşənin nişan üzüyü gəlib Mahiyyənin gözləri önündə durdu, ürəyində çırpınan bir arzu daha da böyüdü: «Bahar xala, görəsən oğlun cəbhədən döndüyü zaman sən mənə istədiyim muştuluğu verəcəksənmi?..»
***
Rövşən məktublarının birində anasının Mahiyyə ilə şəklini çəkdirib ona göndərməsini
və bu şəkli həmişə qoynunda gəzdirəcəyini yazmışdı. Bahar xala oğlunun istədiyini
həyata keçirmək üçün Mahiyyəni tələsdirdi. Onlar əksxanaya getdilər. Şəkilçəkən
onları yan-yana əyləşdirdi. Mahiyyənin ağ kəlağayısını başından götürmək istədi.
O mane oldu...
Şəkil hazır olan kimi onu məktubla bərabər cəbhəyə yola saldılar...
Bu, onların Rövşənlə son yazışmaları oldu. Ondan daha məktub gəlmədi, ünvanı
bilinmədi.
Bahar xala hər səhər, qulaqları səksədə, pəncərə önündə dayandı, bala həsrəti
ilə vuran qəlbi çırpınırdı; gözlərindən səssiz-səssiz yaş axıdaraq onun yolunu gözlədi,
lakin soraq olmadı.
O, Rövşənin şəkillərini yanaqlarından süzülən gümüş damcılarla islatdı, zəkiyyə
yaylığı bağrına basdı, əsmə şalla qarşı-qarşıya durub söhbət elədi. Mahiyyənin təsəllilərinin
uzun-uzadıya dinlədi, məktub gəlmədi.
Ananın səbri tükəndi; Mahiyyə, ürəyində min həsrət gizlin-gizlin Rövşənin
nişan üzüyünü gözdən keçirtdi, dərin-dərin köks ötürdü, məktub gəlmədi.
Aylar bir-birini adlayıb keçdi. Bahar xala dolaşıq-dolaşıq yuxular gördü,
il tamam oldu, məktub gəlmədi.
Bu intizar Mahiyyənin bakir qəlbini əzdi, incitdi, lakin onu ümidsizliyə düçar edə bilmədi. O, Bahar xalaya ümidsizlik anlarında ümidverən çıraq oldu...
***
Gözəl bir yaz səhəri idi.
Çiçəklər çətir kimi ağacların budaqlarını örtmüşdü.
Mahiyyə bu gün çox erkən oyandı. Bahar xalaya dəymək üçün tələsdi. Lakin
qapıya yetişər-yetişməz poçtalyonla qabaqlaşdı. Poçtalyonun əlində məktub vardı.
Mahiyyə ünvanına baxdı. Sevinci yerə-göyə sığmadı, zərfi alıb evə qaçdı. İçəri girən
kimi:– Bahar xala, məktub... Rövşəndən!.. Muştuluğumu ver! – deyərək onun boynuna
sarıldı, dodaqlarından öpdü.
Baha xala şadlığından özünü itirdi, nə edəcəyini bilməyərək, bütün varlığı
ilə məktuba əsir kəsildi, sevincdən gözləri doldu, ağladı. Sonra isə yalnız:
– Şad xəbər olasan, qızım, oxu, tez oxu, nə istəsən verəcəyəm – deyə bildi...
Məktub çox qısa idi. Rövşən yazırdı:
«Ana can, bilirəm, kağız göndərməmək üstündə məni danlayacaqsan, ancaq, ana,
başıma gələn macəraları bilsən, görəcəksən ki, mən haqlıymışam! Ana, bu məktubu
sizə dünən böyük hücumla aldığımız Berlin şəhərindən yazıram. Tezliklə görüşənə
gələcəyəm... Ana, Mahiyyəni möhkəm qoru, ondan muğayat ol. Axı mən onu...
Mahiyyə son kəlməni oxuya bilmədi. Baxışları yerə zilləndi. Bahar xala onun
saçlarını tumarladı. Mahiyyə başını qaldırıb Bahar xalanın gülümsəyən çöhrəsində
eyni sözü oxudu: sevirəm!!!
Bahar xala:
– Axı, qızım, mən sənə muştuluq verəcəkdim, - deyərək azacıq durdu, sonra
nə fikirləşdisə, gedib boğçasını gətirdi, ordan bir üzük çıxardıb qızın barmağını
taxdı.
Mahiyyə utana-utana üzüyə baxdı, ürəyi çırpınırdı...
Bu, Rövşənin nişan üzüyü idi.
1945