Nizaminin dostu - Hekayə
- Ana Səhifə
- Nizaminin dostu - Hekayə
Nizaminin dostu - Hekayə
Tofiq sinif yoldaşları ilə Nizami muzeyinə getmişdi. Muzey yaman xoşuna gəlmişdi.
Oradakı rəngbərəng şəkillər hələ də gözlərinin qabağında idi. Axşam yeməyindən sonra
gördüklərini anasına danışır, özü sevindiyi kimi onu da fərəhləndirirdi... Birdən
yadına düşdü ki, ana dilində sabahkı dərsini hələ hazırlamamışdır («Oğlum Məhəmmədə
nəsihət» şeirin əzbərləməli idi).
Tofiq ayağa durub öz kiçik stolunun arxasına keçdi, dərs cədvəlini gözdən
keçirəndə yolddaşı Nəbiylə sinifdəki mübahisəsi yadına düşdü. Ona elə gəldi ki,
Nəbi indi də onunla üz-üzə dayanıb kinayə ilə deyir:
– Hə, Tofiq, şeiri əzbərlədin? Səhər çox döşünə döydü ki, hamımızdan yaxşı
hazırlayacaqsan. Nizaminin, guya bizdən çox istəyirsən. Amma, bil ki, Nizamini mən
də çox sevirəm... Səndən də çox.
– Yox, yox, Nəbi! – Tofiq düşüncəli halda öz-özünə dilləndi: - Bilirəm, Nizamini
sən də istəyirsən. Ancaq heç vaxt məndən çox istəyə bilməzsən!.. Heç vaxt!
O, stolun siyirtməsini çəkib, qiraət kitabını götürdü, fikirləşdi ki, Nizaminin
çox sevdiyi şeiri yaxşı əzbərləməklə sübut edə bilər.
Tofiq şeiri bir dəfə diqqətlə oxudu. Elə ürəyinə yatdı ki... Sonra da hissə-hissə
oxuyub əzbərlədi...
Soyunub yerinə girəndə özündən razı qaldı, ürəyində şeiri təkrar edə-edə onu yuxu apardı.
***
...Qapı yavaş-yavaş döyülürdü. Tofiq gözlərini ovuşdura-ovuşdura durub açdı.
Qapı ağzında ağsaqqal bir qoca dayanmışdı. Qocanın mehriban sifəti Tofiqə tanış
gəlirdisə də ancaq onu harada gördüyünü yadına sala bilmirdi. Onun iri, mənalı nəzərinə
baxır, kiprik belə tərpətmirdi. Birdən sifətini təəccüb və heyrət bürüdü: «Vay məni...
bu ki Nizamidir!.. Gör kimi tanımırdım, a!..»
O, şairi hörmətlə içəri dəvət etdi:
– Buyurun, baba can, xoş gəlmisiniz!
Nizami asta addımlarla keçib əyləşdi. Böyük razılıqla Tofiqə baxdı. Tofiq
heç bilmirdi nə etsin, nə desin, sevincini hansı sözlərlə bildirsin. Nəhayət dilləndi:
– Baba can, nə yaxşı oldu, bizə gəldiniz!.. İndi Nəbi qoy görsün...
– Nəbi kimdir, oğlum? – deyə şair maraqlandı.
– Sinif yoldaşımdır.
– Siz neçənci sinifdə oxuyursunuz?
– Beşincidə. Hə, demək istəyirdim, baba can, sizin üstünüzdə Nəbiylə sözləşmişik.
Nəbi deyir sizi o çox istəyir, mən deyirəm yox, mən çox istəyirəm...
Nizaminin dodaqları qaçdı, ancaq bir söz demədi. Sonra nəzərləri divardan
asılmış iri şəklə zilləndi. Tofiq də gah şəklə baxırdı, gah Nizamiyə. Özlüyündə
şəkillə qonağı tutuşdururdu. Birdən fikrinə nə gəldisə rəngi ağardı, gözləri alacalandı.
Şair, Tofiqin keçirdiyi həyəcanların səbəbini o saat başa düşdü. Bəs necə?!
Axı o, insan qəlbinin bilicisi idi. Böyük bilicisi! Əlini Tofiqin çiyninə qoyub
təmkinlə dedi:
– Oğlum, yəqin mənim öldüyümü, zənn nlədin, eləmi? YOx, yox, mən ölməmişəm, oğlum! Kim buqu deyirsə səhv edir. Mən sizində birlikdə həmişə yaşayıram. «Gələcək nəslə kitab» şeirimdə ki, bunu aydın demişəm. Yadında deyil?! Bir qulaq as:
Özüntək diri bil məni cahanda,
Mən də canlanıram, sən canlananda.
Uzaq tutma məni dost məclisindən,
Mən səni görərəm, görməsən də sən!
Nizami danışdıqca Tofiqin ürəyinə dolan şübhə yox olurdu...
Şair sözünü qurtaranda o dedi:
– Baba can, məktəbimizdə xatirinizi çox istəyirlər. Eh... İndi uşaqlar sizi
görsələr o qədər sevinəcəklər, o qədər sevinəcəklər ki... Baba can, sabah mənimlə
bizim məktəbə gedərsiz?
Nizami:
– Gedərəm, oğlum, niyə getmirəm, - dedi və sonra bir şey xatırlayırmış kimi
tələsik soruşdu: - Sən axı, deyəsən, mənim şeirimi əzbərləyirdin, elədir?
– Bəli, baba can, mən onu indi əzbər bilirəm. İstəyirsiz deyim?
– Həvəslə qulaq asaram, oğlum!
Anasının səsinə oyanan Tofiq yuxu gördüyünü başa düşdü, ancaq halını pozmadı.
Yuxusunda nə görmüşdüsə hamısını anasına danışdı, hələ üstəlik axşamdan əzbərlədiyi
şeiri də onun üçün ucadan söylədi.
Anası sevinclə əlini onun kürəyinə vurdu:
– Sən Nizamini, doğrudan da çox sevirsən, oğlum! – dedi.
Anasının sözlərindən ruhlanan Tofiq onu divardan asılmış şəklin yanına gətirdi. Şəklin altında yaşıl rəngli karandaşla, iri hərflərlə yazılmışdı:
Özüntək diri bil məni cahanda,
Mən də canlanaram, sən canlananda...