Qayğı (Sənədli hekayələr və öçerklər)

Qayğı (Sənədli hekayələr və öçerklər)

Image

«Yox, adamlar cürbəcür imiş. Cürbəcür. Pisi də varmış, yaxşısı da... Bəli yaxşısı da! İşin çətini də elə bu yaxşı adamları tapmaqda, tanımaqda imiş!.. Məni bu fikrə gətirib çıxaran sizsiz, siz – yaxşı adamlar! Sizə tuş olandan bəri gözümü açmısız... Məni ömürlük özüzə minnətdar eləmisiz. Yox, səhv elədim, siz elə-belə, əvəz almadan yaxşılıq eləyən adamlarsız! Bu sizin xasiyyətizdi. Bəli, xasiyyətiz. Yoxsa sizi nə vadar eləmişdi ki...»

– Bıy, Sədaqət, çayın soyuyub ki! Qəzeti əlində bərk-bərk tutuban nə yaman fikrə cummusan? Bəs kinoya getməyəcəyik? Sora, bax, o günkü təkin tələm-tələsiyə düşərik aaa!..

Arvadının bir nəfəsə verdiyi suallar Sədaqəti düşüncədən ayırdı. Əvvəlcə nə edəcəyini bilməyib key-key arvadının üzünə baxdı. Bu, olsa-olsa ancaq bir an çəkdi. Sonra qəzeti bir yana qoydu, çayı qabağına çəkdi və mehribanlıqla, arxayın-arxayın dedi:

– Çayı da içəcəm, qəzeti də oxuyacam, hələ ürəyin istəyən kinoya da gedəcəyik. O ki qaldı tələm-tələsikliyə, hə, belə billəm bu, sənnən asılıdı.

– Ginə mənnən?! – arvad ərköyüncəsinə ərinə baxdı, giley-güzarını baxışları ilə bildirmək istədi.

Əri də eyni ərköyünlüklə, ancaq zarafata yaxın bir tərzdə:

– Bəs kimdən? Hökmən sənnən! – dedi – İstəyirsən gecikməyək, sən indidən hazırlaşmaqda ol... Bax, çayı içib qurtaranacan, qəzeti oxuyub başa çıxanacan hazır olsan, mən təslim. Sözsüz-sovsuz, əlli-ayaqlı sənin ixtiyarında. Nə qədər ki, şeytan gəlib əl-qolunu bağlamayıb hara deyirsən gedək!

Arvadın yanaqlarına xəfif qızartı çökdü. O, hamilə olandan bəri əri bu sözlərdən ona çox deyir və öz gələcək uşaqlarını gah «şeytan», gah «oğlum»!, gah «balaca» adlandırır, yarızafat, yarıciddi arvadından oğul doğmasını xahiş edirdi. Elə ki, görürdü sözləri arvadına toxunur, onda tez könlünü almağa çalışırdı:

– Əh, dodağın ginə bir çərək sallandı ki... Canım, mən elə-belə, söz gəlişi dedim, nə fərqi varmış ki, oğlan olmur, qız olsun, qız olmur oğlan olsun, belə canın sağ olsun, səfərin uğurlu olsun!..

O, indi də ağzından «şeytan» sözünü çıxardıqda arvadının yenə ərklə qaşqabağını salladığını görüb qolundan tutdu, mehribanlıqla:

– Şeytan deyəndə başa düş, mən qızı oğlandan, oğlanı qızdan ayırmıram ki... – dedi. – Elə ikisini də fikrimdə tutub deyirəm. İkisini də. Bəs necə?! Birdən olmadı belə, oldu elə, ikisi də birdən gəldi, hə?! Onda ikimizin də keyfi kökəlir: oğlan mənim, qız sənin, üstəlik ikisi də mənim. Yaxşı, üz-gözünü turşutma, həm də sənin... Amma bilirsən, əkiz balalardan necə xoşum gəlir... Yaxşı, yaxşı, hirslənmə, işində ol, hazır olanda mənə deyərsən...

Ər çay içməkdə, qəzet oxumaqda olsun, arvad hazırlaşmaqda olsun, mən də sizə onların barəsində bildiyimi, eşitdiyimi danışım.

*** 

– «Sədaqət yenə işə gecikib. Adətkərdədir də, tərgitsə naxoşlayar».

– «Ə, ondan neftçi-meftçi olan deyil, nahaq mədəndə saxlayıb özünə də, bizə də əziyyət verirlər».

– «Gədənin elə bil heç huşu-zadı yoxdur ey... Dindirəndə də deyir ki, canım-başım ağrıyır, məndən nə istəyirsiz?»

– «Əşi, hamısının başı tənbəllikdi. Tənbəllik onun qanına elə işləməyib ki, asanlıqla çəkib çıxarasan».

İşçilər arasında danışılan bu sözlər iyirmi ildən çox mədən müdiri işləyən Musa Bayramovun da qulağına çatmamış deyildi. Lakin o, səbr edirdi, dözürdü. O, bir-iki dəfə Sədaqəti yanına çağırmışdı, onunla söhbət eləmişdi; onun həyatını, xasiyyətini öyrənməyə çalışmışdı. Sədaqət işinin ağırlığından, ayaqlarında bərk ağrılar olmasından şikayətlənmişdi...

Musa Bayramov Sədaqətin operator köməkçisi işlədiyi yeraltı təmir briqadası üzvrlərinin də onun barəsində fikirlərinə qulaq asmışdı. Hərə bir söz demişdi... Eşitdikləri, söz yox, təcrübəli müdiri çox düşündürürdü. O, bu fikirdə idi ki, yeraltı təmir briqadası üzvlərinin də bu işdə günahı az deyil. Onlardan bəziləri Sədaqəti bir yolluq tənbəl kimi tanımışlar, halbuki ona kömək eləmək, nöqsanlarını vaxtında başa salmaq lazım idi. Bunu eləməyiblər, ya da eləmək istəməyiblər. «Mənə nə var. Başımı mən niyə ağrıdım... Bunlar deyilmi evimizi yıxan... Bizi hər sahədə geri qoyan...»

Mədən müdiri bu gün işə gələndə yenə Sədaqət barəsində qulağına bəzi sözlər dəydi. Çox götür-qoydan sonra, o, bu qərara gəldi ki, Sədaqətin iş yerini dəyişdirsin. Lakin haraya, hansı sahəyə, hansı briqadaya? Musa Bayramov briqadaları, sahə rəislərini, təcrübəli neftçiləri bir-bir xəyalından keçirməyə başladı. Beşinci sahəyə çatanda dayandı. Briqada üzvlərini bir-bir gözləri önündən keçirdi. Sahə risi İmranla göz-gözə dayandı. Onun bütün işini xəyalında canlandırdı. «İmran!.. Yaxşı tapdım. Keçirəcəyəm İmranın sahəsinə... İmran öhdəsindən gələr. İmrana bələdəm... Bir işdən ki, yapışdı, nəticəsiz buraxan deyil...»

Sədaqət beşinci sahədə neftçıxarma operatoru kimi işə başlamışdı. İlk günlər çətinlikləri çox olurdu. Ancaq briqada üzvləri onun yarımçıq gördüyü işlərindən hisrlənmir, əksinə, səbirlə öyrədirdilər. Bu işdə, ələlxüsus baş operator Məmmədcan, operator Raya canıyananlıq göstərirdilər.

Məmmədcan İmamcanov sahənin köhnə işçilərindəndi. Zəngin həyat müşahidəsi, iş təcrübəsi vardı. O, qırx-qırx beş yaşlarında arıq, uzun bir kişi idi; yumşaq və şirin danışığı vardı. İşdə tələsməyi sevməz, hər bir işi aramla, səbirlə görər, ancan elə görərdi ki, ikinci dəfə bu işin üstünə qayıtmaq lazım gəlməzdi. Məmmədcanın bir xüsusiyyəti də öz təcrübəsini cavanlara öyrətməkdə həvəskar olması idi. Elə buna görə idi ki, İmran Sədaqti ən çox onunla bir növbəyə salırdı.

Bir dəfə səhər növbəsində (artıq Sədaqət bir ay idi ki, İmranın sahəsinə keçirilmişdi) belə bir hadisə baş verdi:

2638 nömrəli quyunu qum tıxacından yumalı idilər. Yeraltı təmir briqadasının adamları boruları buraxıb aqreqatın atqı xəttinin bağlanmasını gözləyirdilər. Operator Məmmədcan özü aqreqatın atqı xəttindəki flyans birləşməsini bağlamaqla məşğul ikən Sədaqətə də göstəriş verir ki, gedib su nasosunu işə salsın. Sədaqət də gedib lazımi quyunun sürgüsünü açmaq əvəzinə başqa bir quyununkunu açır. Usta gözləyir ki, su gələcək. Ancaq su gəlmir. Sədaqət özü gələndə usta ucadan həyəcanla soruşur:

– Su niyə gəlmir?

Elə bu zaman usta gurultu eşidib qaçır. O, manometrdə təzyiqin qalxdığını görəndə məsələnin nə yerdə olduğunu anlayır, tez Sədaqətin açdığı quyunun sürgüsünü bağlayır, lazım olan quyununkunu açır. Təzyiq normaya düşür... Briqada quyunu yumağa başlayır.

Məmmədcan Sədaqətin üz-gözündən nə vəziyyətə düşdüyünü görüb ona daha bir söz demir...

Başqa bir vaxtda da Məmmədcan Sədaqətin özgə bir diqqətsizliyinin şahidi olur və yenə də qışqırmaqla yox, zövsələ, təmkinlə köməkçisini başa salır. Həmin hadisə də budur:1744 nömrəli quyunun altı xəttinin flyansları bir-birindən aralı dayanırdı. Usta bunların sıxılmasını Sədaqətə tapşırır. Özü isə bu zaman vakkum kəmərinin xəttini yoxlamaqla məşğul idi. Sədaqət flyansın bir tərəfini çox sıxır, ikinci boltu keçirərkən o sıradan çıxır. Operator Sədaqətə başa salır ki, birinci boltu bir qədər boşaltmaq və ayrı bolt tapıb onları paralel surətdə bağlamaq lazımdır. Sədaqət belə də edir və onun gördüyü bu iş iki saakt vaxt aparır (ehtiyat bolt olsaydı yarım saata da qurtarmaq olardı). Söz yox, burada borunun yivləri xarab olduğundan və quyunu saxlamaq mümkün olmadığından o, neft çölə tökülə-tökülə təmir olunur.

*** 

Sədaqət Hüseynquliyev ata-anasını lap erkən itirdiyindən uşaqlığı Şamaxı uşaq evində keçmişdi. Oradan Sabunçu sənət məktəbinə göndərilmiş, iki il oxuyandan sonra neftçi ixtisasını qazanmışdı. Yeddillik təhsili vardı...

Sədaqət briqadanın məsləhətilə axşam fəhlə-gənclər məktəbində təhsilini davam etdirməyə başladı. O, həmçinin, iş yoldaşlarının təkidi ilə ayaqlarını müalicə etdirirdi.

Günlər keçir, gecəli-gündüzlü öz üzərində çalışan Sədaqət əvvəllər də havayı keçən vaxtlarının yerini indi doldurmaq istəyirdi... Vaxtilə Sədaqətdən əllərini üzmüş adamlar indi onun müvəffəqiyyətini 5-ci sahənin ayağına yazır, briqadanın adına çıxırdılar. Beşinci sahənin adamlarında min cür zəhmətlə əkib-becərdiyi ağacın ilk meyvəsini dadan bağbanın sevinci var idi.

Mədən müdiri Musa Bayramovun da kefi kök idi. «Sosialist Əməyi Qəhrəmanı» adını almışdı. Onu təbrik edirdilər. Sədaqət də gəldi, yaxınlaşmağa cəsarət eləmirdi. Mədən müdiri onu gördü, özü çağırdı. Sədaqət yaxınlaşıb dedi:

– Musa dayı, təbrik eləyirəm. Sağlığuza qismət olsun.

Musa Bayramov onun əlini bərk-bərk sıxdı, sonra sağ əlini ərklə onun kürəyinə vurdu:

– Sağ ol, - dedi. – Səndən razıyam. Umudumuzu puç eləmədin, sağ ol.

Sədaqət elə aralanmışdı ki, mədənin quyuları tədqiqat üzrə operatoru Şamama Musa Bayramova yaxınlaşdı:

– Musa dayı, təbrik eləyirəm, - dedi. – Xoşbəxt olun!

Mədən müdiri:

– Sən də çox sağ ol, ay şəkli həmişə mədənimizin «Şərəf lövhəsi»ni bəzəyən qız. Sizin hamıza aiddi mənim bu adım. Hamıza.

*** 

Sədaqətə Birinci Zabratda mənzil vermişdilər. Mənzili yaxşıca təmir etmək lazım idi. Bunu briqada öz öhdəsinə götürdü. İstirahət günündə başda sahə rəisi İmran Hüseynov olmaqla Raya Smirnova, bədəl Allahverdiyev və başqaları yığışıb Sədaqətin mənzilinə gəldilər; qollarını çirməyib təmir işlərinə başladılar. Mənzili tamam-kamal səliqə-sahmana saldılar. Raya zarafatla Sədaqətə dedi:

– İndi qızların qəlbini ovsunlaya bilərsən. Ancaq gözlə, özün tələyə düşməyəsən.

Sahə rəisi Sədaqətin rayonlarından qız sevdiyini bildiyindən Rayanın zarafatının müqabilində tez dilləndi:

– Elə bilirəm, Sədaqətin tələyə düşmək qorxusu yoxdur, necə ki, islanmışın yağışdan qorxusu olmur, Raya. Sədaqətin sevdiyi qız çoxdan onun yolunu gözləyir.

Raya ciddiləşdi:

– Onda Sədaqət, qızı niyə nigarançılıq içində saxlayırsan?!

Sahə rəisinin kefi kökəldi:

– Bax, bu sözüvə varam, Raya. Sədaqət, gl, indi sən çıx məzuniyyətə, get Ağsuya, seçdiyin, sevdiyin qızı götür gəl, sizə bir keyfin istəyən fəhlə toyu eləyək, Zabrat tamaşasına çıxsın...

*** 

«Əziz bacım Səkinə, salam!

Məni unutmadığına görə sizə təşəkkür eliyirəm. İstəkli bacım, yazırsan ki, mənim deputatlığa namizəd göstərilməm səni çox sevindirib. Sağ ol! Mən buna ürəkdən inanıram. Axı biz yaxın rəfiqələr olmuşuq. Bir yerdə böyümüş, oxumuş, işləmişik. Bir-birimizin uğuru ilə həmişə sevinmişik. Fermada neçə il birgə inək, qoyun sağmışıq. Səhər-axşam qollarımızı çirməyib vedrələri südlə doldurmuşuq. Sağdığımız süd kimi həmişə də üzümüz ağ olub.

İndi sən yenə də sağıcısan. Öz işindən yazmasan da mən sənin barəndə Bakıya gələn tanış-bilişindən həmişə soruşmuşam. Onlar da mənə deyiblər ki, sən kənddə adlı-sanlı sağıcılardan birisən. Mən bununla ancaq fərəhlənirəm, əziz bacım!

Mehriban bacım! Bu sətirləri yazmamışdan bir az əvvəl seçicilərimlə görüşdə idim. Eh, əzizim, mən indi başa düşdüm ki, xalqın etimadını qazanmaq nə deməkdir!.. Haqqımda çox danışırdılar. Tərcümeyi-halımdan, işimdən dedilər. Vaxtilə sağıcı olduğumu da yaddan çıxartmadılar... Sonra mənə söz verdilər. Ayağa durub danışmaq istəyəndə əlim-ayağım əsdi. Sən yaxşı bilirsən ki, mən danışmaqda o qədər də pərgar deyiləm. Nə isə, bir təhər özüiü yığışdırıb sözə başladım. Çox danışmadım. Dedim ki, siz məni özüzün vəkili seçirsiz, mən də əlimdən gələni sizin üçün əsirgəməyəcəm, çalışacam, əlimdən gələni eliyim. Elə bunları deyib qurtarmışdım ki, əl vurdular, doğrusu, məni tər basdı.

Əziz bacım, məndən bütün sağıcı qadınlara, qızlara salam de.

Mənə tez-tez kağız yaz, mən də sənə yazacam. Gələn məktubunda işindən yaz. «Qaragöz»dan yaz. Yadındadı, sən birinci dəfə onu sağmaq istəyəndə nə qədər çətinlik çəkdin. Səni heç yaxına buraxmaq istəmirdi. Onda mən sənə kömək elədim, sonra sən tədbirlə hərəkət elədin, inəyi sağdın. Sən yavaş-yavaş «Qaragöz»ə, «Qaragöz» də sənə alışdı, dostlaşdız.

Görürsənmi, Səkinə yaddaşım necə yaxşıdır, amma sən, sizi unudacağımdan qorxursan. Gör necə insafsızsan... Nə isə səbirsizliklə cavab gözləyirəm.

Bacın Şamama». 

Şamam məktubu zərfin içinə qoyub yapışdırdı. Üstünü yazdı:

Naxçıvan MSSR, Şahbuz rayonu, Nurs kəndi. Səkinə Bağırovaya.

Bir az aşağıdan isə öz ünvanını yazanda beşikdən körpə çığırtısı eşidildi. Şamama o dəqiqə beşiyə sarı gəldi, əyilib uşağı götürdü, «mənim əziz balam, Elxan» deyib üz-gözündən öpdü, sonra uşağı əmizdirməyə başladı.

Şamama 1944-cı ildə yeddillik kənd məktəbini qurtaranda onun on dörd yaşı vardı. Kolxoz sədrinin yanına gəldi, işləmək istədiyini bildirdi. Sədr soruşdu:

– Qızım, nə iş görə bilərsən?

– Sağıcı olmaq istəyirəm!...

Söhbət uzun çəkmədi...

Səhərisi tezdən Şamama anası ilə birlikdə fermaya gəldi. İlk günlər, ilk aylar, əlbəttə, Şamama üçün ağır keçirdi. Lakin kənddə təcrübəli sağıcılar çoxdu. Onlar Şamamanın müəllimi oldular. Şamama əməksevərdi. Bilmədiyini öyrənməyə çalışırdı. İşə başladığının ikinci ilində hamı onun işindən danışdı. Elə bu zaman Səkinə də fermaya işə gəldi. Səkinə Şamamadan iki-üç yaş kiçik olsa da yaxın rəfiqə idilər. Şamama dostuna hamilik etdi, bildiklərini ona öyrətdi.

Şamamanın atası Şahmərdan 1949-cu ildən Bakıya gəlib Leninneft mədənləri idarəsinin 8-ci mədənində quyuları yeraltı təmir işində operator vəziyəsində işləməyə başladı. O, işi barəsində, neftçi yoldaşları barəsində evə tez-tez məktublar yazırdı. Bu məktubları evdə hamıdan əvvəl oxuyan, əlbəttə, Şamama olurdu.

1951-ci ildə Şahmərdana işlədiyi yerdən ev verdilər. Ailəsini Bakıya gətirdi. Şamama dostlarından ayrılmalı oldu. Ayrılıq zamanı Səkinə köksünü ötürüb dedi:

– Elə deyirdin neft, neft, indi də get ol neftçi. Ancaq bura bax, bizi unutma ha!..

– Heç elə şey olar! Adam öz rəfiqəsini unuda bilər!

Şamama Bakıya gələn kimi bir gün də işsiz durmaq istəmədi. Şahmərdan qızını özünün işlədiyi mədənə gətirdi, onu məmnuniyyətlə işə qəbul etdilər. Əvvəlcə. Quyuları tədqiqat üzrə operator şagirdi kimi işlədi, ancaq bu çox az çəkdi. Şamama qabiliyyətini, bacarığını göstərdi. İki ay keçməmiş ona dərəcə verdilər və quyuları tədqiqat üzrə operator təyin elədilər. O vaxtdan Leninneft mədənləri idarəsində bu sadə, təvazökar qızı hamı tanıyır.

Şamamanın əri Hacəli Əbdülov da neftçidir. Bakıya 1950-ci ildə Xaçmaz rayonunun Çılqır kəndindən gəlib. Sabunçuda birillik sənət məktəbində oxuyub. Sonra 8-ci mədənə göndəriblər, indi burada yeraltı təmir briqadasında 6-cı dərəcəli operatordur.

Onlar 1952-ci ildə evlənmişlər...

*** 

Sədaqət düşünür, dünəni ilə bu gününü müqayisə edirdi...

– Sədaqət, mən hazıram, gedək? – deyən Güldəstə yenə ərini düşüncələrdən ayırdı.

– Gedək, əzizim, gedək! Nə qədər ki, şeytan gəlib əl-qolunu bağlamayıb, səni hər gün kinoya aparacam...

Bir azdan onlar mədəniyyət evinə doğru gedən küçədə idilər.

Kinonun başlanmasına hələ qalırdı. Şamama əri ilə kinoteatrın qabağına yetişəndə Sədaqətgilə rast gəldilər. Görüşdülər. Sədaqət də, yoldaşı da Şamamanı ürəkdən təbrik elədilər. Şamama da istədi Sədaqəti işdəki dəyişikliklərinə, ona münasibətin yaxşılaşmasına görə təbrik eləsin, ancaq düşündü ki, bunu ağartmamaq daha yaxşıdır. Qoy arvadı bilməsin ki, əvvəllər ondan narazılıq olub.

Şamamanın fikrə getdiyini görən Sədaqət soruşdu:

– Şamama bacı, bəs Elxan kişi hardadı, kimə tapşırmısuz onu?

– Kimə olacaq, Sədaqət, əlbəttə, nənəsinə, - bunu deyib o, üzünü Sədaqətin yoldaşına tutdu, - nə qədər ki, gəlib əl-ayağızu bağlamayıb gəzin özüzçün...

Heç gözləmədikləri halda Musa Bayramov onlara yaxınlaşdı. Onlarla ən əziz adamı kimi görüşdü, sonra üzünü Şamamaya tutub dedi:

– Ramana dairəsinin seçiciləri səni Azərbaycanımızın Ali Sovetinə deputatlığa namizəd göstərməkdə heç də yanılmayıblar. Əminəm ki, sən onların etimadını doğruldacaqsan. Çünki sən xalqımızın zəhmətsevən, təvazökar, ağıllı qızısan! Düzdü, Sədaqət?!

– Düzdü, Musa dayı, Şamama mədənimizin gülüdü.

Kinonun başlanmasına az qalmışdı. Onlar içəri girdilər.

 

1959