Poylunun gənc çobanı (Sənədli hekayələr və öçerklər)
- Ana Səhifə
- Poylunun gənc çobanı (Sənədli hekayələr və öçerklər)
Poylunun gənc çobanı (Sənədli hekayələr və öçerklər)
– Müəllim, görüş altıda olacaq?
– Bəli, bu saat rayon komsomol komitəsindən gəlirəm. Katiblə danışdım. O
da kəndə zəng elədi. Vaxtında gələcəklər. Siz çalışın gecikməyin, hər şeyi
sahmana salın. Qonaqların yanında xəcalətli qalmayaq.
– Arxayın olun, müəllim, - şagirdlər bir ağızdan cavab verdilər.
– Di onda işinizdə olun.
Müəllim zalı gəzə-gəzə şagirdlərin işinə göz yetirib çatışmayan şeyləri
onların yadına saldı. Bundan sonra şagirdlər bir neçə çiçək dibçəyi də gətirib
qırmızı məxmərlə örtülmüş stolun üstünə qoydular.
– Müəllim, deyirlər o elə biz yaşdadır – doqquzuncu sinif şagirdlərindən
ucaboylu bir oğlan soruşdu.
– Darıxmayın, bir azdan hər şeyi özünüz görərsiniz.
Bir şagird qaçaraq içəri girdi:
– Müəllim, gəlirlər, gəlirlər!.. – dedi.
Müəllim gələnləri qarşılamaq üçün getdi.
Bir azdan qonaqlar direktorun və ədəbiyyat müəlliminin müşayiəti ilə
içəri daxil oldular. Şagirdlər ayağa durub onları alqışlarla qarşıladılar.
Qonaqlar – rayon komsomol komitəsinin katibi İnqilab Vəliyev, Poylu komsomol
təşkitalı katibi, kolxozun sürücüsü Revomir Kərimov və bayaqdan şagirdlərin
səbirsizliklə gözlədikləri Tanrıverdi Ramazanov üstünə qırmızı məxmər salınmış
stolun dalına keçdilər.
Zalda tam sakitlik yaranandan sonra direktor ayağa durub Tanrıverdi
haqqında danışmaq üçün İnqilab Vəliyevə söz verdi. İnqilab xitabət kürsüsünə
doğru yeridi, sağ əlini kürsüyə söykəyib dedi:
– Hörmətli müəllimlər, əziz şagirdlər, bu axşam görüşünə yığışdığımız
adlı-sanlı zəhmət adamı Tanrıverdi Ramazanovun on altı yaşı hələ indi tamam
olur. On altı! O qədər də böyük yaş deyil! Yenicə pasport almağa hazırlaşan bir
oğlanın yaşı! Lakin Tanrıverdi bu yaşında təkcə pasport almağa qədər
böyüməmişdir. O, az yaşı ilə elə bir yol keçmişdir ki, indi onu nəinki Poyluda,
nəinki Ağstafada, hətta respublikamızın hər yerində, neft şəhəri Bakıda da
tanıyırlar. Siz hərgah: «Bu hansı yoldur ki, on altı yaşlı bir oğlanı
respublikada məşhur etmişdir?» soruşsanız cavab verib deyərəm: faydalı əmək,
zəhmət yolu...
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının XXI qurultayında bizim
rayondan beş nümayəndə iştirak edirdi. Qurultayın Rəyasət heyəti seçiləndə
Tanrıverdi Ramazanovun da adı çəkildi. Bu, buizim hədsiz sevincimizə səbəb
oldu. Rəyasət heyətinə seçilən adamlar yerlərini tutmağa gedəndə hamının
nəzərini cəlb edən bizim bu balaca çoban oldu.
Qurultayın ikinci günü Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının
Mərkəzi Komitəsinə üzv seçilənlər içərisində Tanrıverdinin də adı vardı. İnanın
ki, bizim uçmağa yalnız qanadımız yox idi…
Sonra İnqilab Vəliyev bala çobanın həyatı haqqında ətraflı danışdı.
Məruzəsinin sonunda dedi:
– İndi gəlin sizinlə birlikdə Tanrıverdiyə, Poyluda böyüklü-kiçikli
hamının Tanqulu çağırdığı bu adlı-sanlı çobana gələcək işində yeni-yeni
nailiyyətlər arzu edək!
İnqilabın son sözlərini şagirdlər alqışlarla qarşıladılar. O, keçib
yerində oturanda direktor ayağa durdu və dedi:
– İndi sözü bizim əziz qonağımız adlı-sanlı çoban Tanrıverdi Ramazanova
verək.
Tanrıverdi üçün iclasda, yığıncaqda, adamlar qarşısında danışmaqdan
çətin bir iş təsəvvürünüzə gəlməsin. «Mənə nə iş tapşırırlar tapşırsanlar, nə
buyuruq buyururlar buyursan, istəyirlər məni bir sürü canavarın qabağına
göndərsinlər, ancaq danışmağı deməsinlər. İllah da ki, adamlar qabağında
danışmağı. Ancaq indi neyləyim?! Camaat xətrimi istəyib çağırıb… Danışmasam
ayıb olar».
Tanrıverdi ürəyi döyünə-döyünə kürsüyə qalxdı. Az danışdı, şirin, məzəli
danışdı. Sözünün axırında dedi:
– Arzu eləyirəm siz də mənim kimi çoban olasız!
Onun bu sözləri oturanların gülüşünə səbəb oldu. Lakin hamı da Tanrıverdinin bu sözlərlə bz işini necə hərarətlə sevdiyini, ona necə qəlbən bağlandığını demək istədiyini başa düşdü. Ürəkdən əl vurdular…
***
Tanrverdinin atası Əbdülrəhman Ramazanov 1930-cu ildən kolkozda baş
çobandır. O, üç oğul, iki qız atasıdır. Tanrıverdi onun dördüncü uşağıdır.
Böyük Vətən müharibəsinin ilk aylarında anadan olmuşdur.
Əbdülrəhman Ceyrançöldən evə dincəlməyə gələndə uşaqlarına uzun illərdən
bəri təsadüf etdiyi maraqlı əhvalatlar danışardı. Uşaqları da həvəslə
dinlərdilər. Ailə yatmağa hazırlaşanda Tanrıverdi uman nəzərlərlə atasına
deyərdi:
– Dədə, ay dədə, məni də özünlə apar da.
– Hələ tezdi, bala, tezdi! Vaxtı gələndə apararam! İndi sənə oxumaq
lazımdı, - Əbdülrəhman kişi iri barmaqlarını oğlunun cod saçında gəzdirərdi.
– Elə həmişə deyirsən tezdi, mən ki, böyümüşəm, evdə hər işi görürəm, -
uşaq incidiyini bildirərdi, - inanmırsan nənəmdən soruş!
– İnanıram, bala, inanıram! Get yat. Səhər danışarıq.
Səhər Tanrıverdi duranda atasını evdə görməzdi. Əbdülrəhman kişi sübhdən
gedər, bir də on, on beş, bəzən də iyirmi gündən sonra gələrdi. Onun
gəlişini Tanrıverdi səbirsizliklə
gözlərdi. Gələndə ona çobanlıq, qızı otarmaq barəsində suallar verərdi. Aldığı
cavablardan bir az da həvəslənərdi, yenə atasından onu da özü ilə aparmasını
xahiş edərdi. Atası da həmişəki kimi Tanrıverdini sakit edər və sübhdən çıxıb
gedərdi…
Bir dəfə Əbdülrəhman kişi dediyi sözün üstündə durdu. Bu zaman
Tanrıverdinin on bir yaşı tamam olmuşdu. Ancaq o yaşına uyğun olmayaraq bədənli
və qüvvətli idi. Yanaqları çiyələk təki yanırdı. Bir səhər odun doğrayarkən,
onun baltanı necə qüvvətlə və böyüklərə məxsus bir tərzdə qaldırıb endirməsini
görəndə atası gizli bir fərəh hissi duymuş və oğlunun zəhmətə olan bu sonsuz
həvəsini ürəkdən bəyənmişdi. Öz-özlüyündə düşünmüşdü: «Belə uşaq heç də
çörəksiz qalmaz. Bir dəqiqə dincliyi yoxdu bunun. Özü də başqa uşaqlar kimi
boş-boşuna atılıb düşmür. Neyləyirsə eləsin, nə iş tutursa, tutsun, havayı
olmur. İndi də baltanı gör necə qaldırıb endirir. Elə bil yekə kişidi. Yox,
deyəsən, bu uşaqdan bir şey çıxacaq!..»
Əbdülrəhman oğlunun hərəkətlərinə diqqət edəndən sonra ona heç bir söz
deməyib öz işi ilə məşğul olmağa getdi. Axşam isə oğlu yanına gəlib, sabah onu
da özü ilə qoyuna aparmasını xahiş eləyəndə, o, bu dəfə qəti razı olduğunu
bildirdi və arvadı Fatmaya tapşırdı ki, uşağın da şeylərini indidən hazır
eləsin.
Səhər erkən gedəcəyindən yatmağa tez uzandılar. Əbdülrəhman kişi gözünü
yuman kimi də yuxuladı. Şadlığından həyəcanlanmış və buna görə də yuxusu qaçmış
Tanrıverdi isə ancaq gecədən xeyli keçmiş yata bildi. Səhər anası onu güclə
oyatdı. Yuxu şirin olduğundan o, gözünü aça bilmirdi. Anası bir neçə dəfə
«Tanqulu! Tanqulu!» deyib onu bərk silkələdi.
– Nənə, qoy bir az da yatım! – Tanqulu o biri böyrü üstə aşdı.
– Dədən gedir, a bala!.. Sonra demə ki səni oyatmadım. – Anasının
sözlərini eşidən Tanrıverdi yerindən dik qalxdı...
Ata-bala evdən çıxanda hava işıqlanmamışdı. Onlar kolxoz idarəsinin
qabağına gəldilər. Bir yük maşınının yanında beş-altı adam dayanmışdı.
Əbdülrəhman kişini görəndə ona ədəblə salam verdilər.
– Əleykümssalam, - Əbdülrəhman salamın cavabında dedi, - Sizin də
hamılıqnan sabahınız xeyir olsun!
– Əbdülrəhman kişi, bu balacanı nə əcəb belə səhər tezdən yuxudan
eləmisən? – onlardan birisi maraqla soruşdu.
– Çoban olmaq fikrinə düşüb, ağrın alem! Qışlağımızı, qoyun yataqlarını
görmək istəyir, - Əbdülrəhman kişi cavab verdi.
– Deyinən dədəsinin oğludur da. Sənin sənətini yaşatmaq istəyir!..
Əbdülrəhman kişi sürücünün yanına gəlib soruşdu:
– Bala, indicə gün çırtlayacaq, yola düşmürsən?
– Əbdülrəhman kişi, Ramizi, zootexnikimi gözləyirəm. Deyib mənsiz
getməyin. Ceyrançöldə vacib işi var, - sürücü gözünü Əbdülrəhman kişinin
neçə-neçə boran, qar görmüş, qızmar günəş altında yanmış mis rəngli üzünə
zillədi.
Bu zaman təxminən iyirmi altı-iyirmi yeddi yaşlarında ortaboylu,
girdəsifət, çox da dolu olmayan bir gənc onlara yaxınlaşıb salam verdi. Bu,
zootexnik Ramiz Şirinov idi. Ramiz əl verib bir-bir hamı ilə görüşdü. Növbə
Tanrıverdiyə çatanca təəccüblə soruşdu:
– Tanqulu, sən hara?
– Dədəmnən gedirəm! – Tanrıverdi sıxıla-sıxıla cavab verdi.
– Çoban olmaq fikrinə düşüb, Ramiz qağa! – Əbdülrəhman kişi dilləndi. –
Çoxdandır elə hey baş-beynimi aparırdı: «Dədə, məni də özünlə apar! Quzu
otarmaq istəyirəm». Budu, mən də aparıram. Görək indi neyləyəcək?
– Hə olar, həvəsi var apar, baxsın, görsün çobanlırımız necə işləyirlər,
- Ramiz sınayıcı nəzərlərlə Tanrıverdinin üzünə baxdı, sonra nə fikirləşdisə
tez Əbdülrəhmana sarı dönüb dedi: - Ancaq Əbdülrəhman kişi, Tanquluya demisənmi
ki, çobanlıq o qədər də asan iş deyil. Çöldə, yağışın, dolunun altında, günəşin
yandırıcı istisində hər cür çətinliklərlə qarşılaşmaq lazım gəlir. Hələ mən
qurdu-murdu demirəm.
– Demişəm, bala, demişəm. Hər çətinliyi danışmışam ki, bəlkə bunlardan
qorxub həvəsdən düşə, yaxamdan əl götürə. Ancaq, ağrın alem, gördüm ki, mən
danışdıqca o, nə həvəsdən düşdü, nə də yaxamdan əl çəkdi. Axırı indi budu,
görürsən, özümlə aparmağa məcbur oldum.
Əbdülrəhman kişi bu sözləri deyib maşına mindi. Əlini uzadıb oğlunun da
minməsinə kömək etmək istədi. Lakin Tanrıverdi ayağını bir göz qırpımında dal
təkərin üstünə qoyub cəld maşına dırmaşdı. Onun ardınca adamların hamısı
bir-bir maşına mindi. Sürücü kabinənin arxa pəncərəsindən maşındakılara baxdı.
Hamının oturduğunu görəndə motoru işə saldı.
Şaumyan adına kolxozun qoyun qışlağı Ceyrançöldə İlanlıca adlanan yerdə
idi. Kənddən buraya təxminən otuz-otuz beş kilometrlik bir məsafə vardı. Sürücü
bu məsafəni tez qət eləmək üçün maşını sürətlə sürürdü.
Yol boyunca irili-xırdalı təpələr gözə çarpırdı. Tanrıverdi bu yerlərə
maraqla baxırdı. Budur, qarşıda görünən böyük bir təpənin arxasındja səma
qırmızı rəngə boyanmışdır. Maşın bu təpəyə yaxınlaşdıqca günəş də yavaş-yavaş
təpənin arxasından boylanırdı…
Maşın İlanlıcaya çatanda günəş artıq öz şüalarını Ceyrançölün hər
tərəfinə yaymışdı. Əbdülrəhman kişi maşından düşüb oğlu ilə birlikdə çoban
yoldaşlarının yanına gəldi.
Onun başçılıq etdiyi qoyunçuluq briqadası özü ilə birlikdə beş nəfərdən
ibarətdir. Çobanlar Tanrıverdinin gəlişinin məqsədini biləndə ürəkaçıqlığıyla
dedilər:
– Təki Tanquluda həvəs olsun, ay Əbdülrəhman kişi, öyrətmək bizim
boynumuza!.. Bildiyimizi ki, ondan əsirgəməyəcəyik!..
Ceyrançöldə hər çoban briqadasının ayrıca qoyun yatağı vardır. Qoyun
yatağı beş hissədən ibarətdir. Birinci – bala hissə qoyunların «doğum evi»
sayılır. İkinci hissədə körpə quzular saxlanılır. Buraya çobanlar «küz»
deyirlər. Dördüncü və beşinci hissələr «qoyun damı» adlanır. Bunların hər
birisində üç yüz-üə yüz əlli qoyun saxlanılır. Üçüncü hissədə isə çobanlar
yaşayırlar…
Axşam çobanlar qoyun və quzuları yataqlarına haylayanda Əbdülrəhman kişi
Tanrıverdini qoyun yatağı ilə tanış etdi.
Qoyun və quzular mələşə-mələşə öz yataqlarına doluşurdular.
Qoyunlar bir-bir içəri keçdikcə əlində böyük dəyənək tutmuş ucaboylu,
enlikürəkli bir çoban onların adlarını da deyirdi:
– Ay gözünə dönüm, Qumral qoyun, Kərə qoyun, Kürə qoyun, Sarı qoyun,
Təpəl qoyun. Ağ kəlin, Boz kəlin…
Tanrıverdi eşitdiyi bu adları yadında saxlamağa çalışır və çobanın hər
bir qoyunu öz adı ilə tanımasına heyrətlənirdi…
Tanrıverdi yatmağa uzananda bu barədə atasından soruşdu. Əbdülrəhman
kişi gülümsüyüb dedi:
– Bəs sən bilirsən, bala, o çoban ki, sürüsündəki qoyunları bir-bir
tanımadı, daha onun harası çobandı? Çoban gərək otardığı qoyunların hamısını
beş barmağı kimi bir-birindən ayırd edə bilsin. Bir də görürsən ki, bizim sürü
ilə başqa bir sürünün qoyunları qarışdı. Kənardan baxana elə gəlir ki, indi bu
qoyunları, görəsən, bir-birindən necə ayıracaqlar. Ancaq burada bizim üçün
çətin iş yoxdu. Çobanlarımız öz qoyunlarını lap on sürünün içindən də olsa
seçib ayıra bilərlər. Bunlar sənə çətin gəlməsin, bala! Öyrənərsən, darıxma,
yavaş-yavaş sənin də gözün alışar, adətkərdə olarsan…
***
Tanrıverdi üç ildi ki, atasının başçılıq etdiyi briqadanın ən yaxın
köməkçisi idi…
Bir gün onu Ağstafa rayon komsomol komitəsinin bürosuna çağırdılar. Bir
sıra sual-cavabdan sonra büronun üzvləri Tanrıverdinin komsomola üzv qəbul
etdilər və Poylu kəndindəki Şaumyan adına kolxozun fermasında çoban işləmək
üçün ona komsomol putyovkası verdilər.
Axşamüstü kolkoz idarəsinin qabağında zootexnik Ramiz Şirinov ona dedi:
– Hə, Tanqulu, daha sənin köməkçilik, şagirdlik dövrün qurtardı.
Sabahdan Əbdülrəhman kişinin brriqadasının ən cavan üzvü kimi işə
başlayacaqsan…
Kolxoz sədri Fəxrəddin Osmanov da əlavə etdi:
– Həm də komsomol putyovkası ilə, Gülməmməd, sənin Tanquluya
sualın-zadın yoxdur ki?! – sədr qoyunçuluq fermasının müdiri Gülməmməd
Mehdiyevə müraciət etdi.
Gülməmməd yarızarafat, yarıciddi dedi:
– Balam, Tanqulu, atası Əbdülrəhman kişinin məktəbini keçib. Əlində də
komsomolun o boyda kağızı. Mənim ona nə sualım ola bilər?!
– Mənim isə var, zootexnik özünü irəli verdi.
Sədr dedi:
– Zootexnik sualsız olmaz. Buyur, Ramiz.
Ramiz sorğusuna izahla başladı:
– Tanqulu, bilirsən ki, quzuları küzlərdə saxlayırıq. Yerləri nəm
olmamaq üçün küzlərə şax, onun üstündən isə nəm saxlamayan çubuq-cığ döşəyirik.
Bunları neçə gündən bir dəyişdirmək lazımdır?
Tanqulu fikirləşmədən cavab verdi:
– Yeddi günnən on gün arasında dəyişmək lazımdı, Ramiz qağa.
Sədr dedi:
– Bərəkəllah.
Ramiz soruşdu:
– Çobanlar qoyunları otaranda otlaqların fərqini nəzərə alırlarmı?
Tanqulu cavab verdi:
– Bəs necə, Ramiz qağa? Otlaqların da yaxşısı var, lap yaxşısı var,
babatı var... Doğar qoyunları lap yaxşısında otarırlar...
– Zəif qoyunlara çobanlarımız necə baxırlar?
– Onlara qayğıyla baxırlar, onlara arpa yarması verirlər, yumşaq ot
verirlər.
Ramiz üzünü sədrə tutdu:
– Mənim daha sualım yoxdur.
Gülməmməd gülə-gülə dedi:
– Ramiz, demədinmi ki, Tanqulu Əbdülrəhman kişinin məktəbini keçib...
Ramiz də özünü o yerə qoymadı:
– Dedin. Mən də istədim ki, bu məktəbin yetirməsilə yaxından tanış
olasız.
...Bu əhvalatdan iki il keçməmiş doxsan nəfərə qədər komsomolçu oğlan və qızı birləşdirən Poylu kənd komsomol təşkilatı yaxşı işinə görə Tanrıverdini Ağstafa rayon XV komsomol konransına öz nümayəndəsi kimi göndərdi.
***
Günortadan xeyli keçmişdi. İlanlıcada ortaboylu, iyirmi səkkiz-iyirmi
doqquz yaşlarında, qarabuğdayı gənc bir qadın baytar məntəqəsinin qabağında
dayanıb sağıcılarla, baytar işçiləri ilə söhbət edirdi. Bu kolxozun ilk partiya
təşkilatı katibi Fəridə Şirinova idi. O, bu yaxınlarda açıq partiya iclası çağırmaq
və heyvandarlığın vəziyyətini müzakirə etmək istəyirdi. Elə buna görə də
qabaqcadan özü hər bir şeylə yaxından tanış olmaq fikrində idi.
Fəridə ferma işçiləri ilə ətraflı söhbət elədi, dəftərçəsinə bir sıra
qeydlər götürdü. Quzularını yatağına haylayan Tanrıverdini yanına gəldi,
soruşdu:
– Tanqulu, quzuların işi şuluqdur, deyəsən ağız yarası onlarda da
vardır, eləmi?
– Elədi, Fəridə bajı, elədi. Zootexnikimizə də göstərmişəm. Quzular
burada qalsalar gec sağalarlar. Fəridə bajı, indi ki, siz də gəlmisiz, özüz bu
məsələylə məşğul olun. Bir qərardan-zaddan çıxardın, aparaq bu yazıqları bir az
aşağılara – xəsilliklərə. Çətini ağızları göy arpaya dəyənəcəndir.
Fəridə Şirinova Tanrıverdinin quzularının çoxusu özü bir-bir gözdən
keçirdi. «Bala çoban düz deyir».
Fəridə Tanrıverdi ilə söhbət eləyə-eləyə onu gözləyən «Pobeda»nın yanına gəldi. Sürücü Revomir Kərimov irəli çıxıb Tanrıverdi ilə görüşdü. Sonra hər üçü baytar məntəqəsinə girdilər.
***
Adamlar çoxdan dağılışıb getmişdilər. Lakin mədəniyyəi veinin salonunda
iki nəfər hələ də dururdu.
Fəridə bir az bundan qabaq olmuş açıq partiya iclasının protokolunu
sahmana salırdı. Ondan bir az aralı dayanmış Ramiz isə pəncərədən kəndin
yollarına baxırdı.
Fəridə kağızlarını qovluğa yığıb dəmir kassaya qoydu. Sonra ayağa durub
Ramizin yanına gəldi.
– Gedək – dedi.
Onlar küçəyə çıxdılar. Səs-səmir çoxdan kəsilmişdi. Lakin hərdəndir it
hürüşməsinin səsi eşidilirdi. Evlərdən işıq gəlmirdisə də, ancaq kənd işıqlı
idi. Küçədə bir-birindən otuz-qırx metr aralı basdırılmış şalbanlarda elektrik
lampaları yanırdı. Qadın bu lampalara baxa-baxa deyirdi:
– Ramiz, buraya gəldiyim on bir il içərisində kənd necə də dəyişib.
Bayaq iclas keçirdiyimiz mədəniyyət evi... bu gördüyümüz elektrik lampaları
onda yox idi. Ancaq bunlar hələ çox azdır, ramiz, çox azdır.
Fəridə Ramizin gözlərinə baxdı. İti baxışları onun düşüncəli gözlərinə
dikiləndə ürəyinə nəsə gəldi. O, tez əlini Ramizin çiyninə qoyub tələsik və
mehribanlıqla soruşdu:
– Çox fikirlisən, Ramiz!... Birdən mənim çıxışımızdan inciyərsən ha!..
Bir az bundan qabaq açıq partiya iclasında heyvandarlığın vəziyyəti
barəsində Ramizin bir zootexnik kimi izahatı dinlənilmişdi. O öz izahatında qış
aylarının quraqlıq keçməsinə baxmayaraq, ferma işçilərinin, çobanların yaxşı
çalışdığından, hər yüz doğar qoyundan yüz bir quzu əldə edilməsindən keçən ilin
müvafiq aylarına nisbətən bu il süd sağımının bir qədər artırılmasından bəhs
etmiş və sonra nöqsanlar üzərində dayanmışdı. Göstərmişdi ki, heyvanlar
arasında xəstəliklərə qarşı mübarizə ilə nədənsə az məşğul olunur. Baytarların
işi qənaətbəxş sayıla bilməz. Quzuları ağız yarası tutmuş, mal-qaranın bir
qisminə gənə daraşmışdır.
Ramiz sonra bu xəstəliklərin aradan qaldırılması üçün müvafiq təkliflər
irəli sürmüş və keçib yerində oturmuşdu. Onun izahatından sonra çıxışlar
başlanmışdı. Kolxozun qoyunçuluq fermasının müdiri Gülməmməd Mehdiyev,
süd-əmtəə fermasının müdiri Kamal hacıyev, yemçilik briqadiri Tapdıq Namazov,
kolxozun sədri Fəxrəddin Osmanov və başqaları öz çıxışlarında mal-qaranın vəziyyətindən,
zootexniki, baytarların işindəki nöqsanlardan danışmış, yeni təkliflər irəli
sürmüşdülər. Sonra iclasa sədrlik edən Fəridə üzünü birinci cərgədə oturmuş
Tanrıverdiyə tutub demişdi:
– Tanqulu, bəlkə sən bir-iki kəlmə deyəsən. Ağız yarası axı sənin də
quzularında var.
Tanrıverdi qısa çıxışında göstərmişdi ki, quzularda ağız yarasının əmələ
gəlməsində hamının: zootexnikin də, baytarların da, çobanların da, xülasə bütün
kolxoz üzvlərinin günahı vardır. O öz çıxışını bu sözlərlə qurtarmışdı:
– Zootexnikimizlə mən də şərikəm. Quzuları, sözsüz xəsilliklərə aparaq
gərək. Bunsuz işimiz çətin olar. Mən bir aya quzularımı ağız yarasından
sağaltmağa söz verirəm.
Tanrıverdidən sonra Fəridə danışmış və kəskin çxışında nöqsanlar
üzərində dayanaraq, zootexnikin, baytarların işini tənqid etmişdi. Bundan sonra
isə heyvandarlığın vəziyyətini yaxşılaşdırmaq haqqında partiya iclasının qərarı
çıxarılmışdı. Bu qərardakı maddələrin birində deyilirdi: «Kolxozun zootexniki
Ramiz Şirinov yoldaşa tapşırılsın ki, quzu və buzovlarda ağız yarası,
mal-qarada gənə xəstəliyinə qarşı mübarizəni gücləndirsin; heyvanların
müalicəsini düzgün aparılmasından ötrü baytar işçiləri üzərində nəzarəti
artırsın... heyvandarlığın vəziyyəti az bir zamanda əsaslı surətdə
yaxşılaşdırılsın...»
Fəridənin: «Birdən mənim çıxışımdan inciyərsən ha!..» deyərək Ramizə
müraciət etməsi onu elə bil yuxudan ayıltdı.
– Yox, yox, Fəridə, nə danışırsan?.. Çıxışın, əksinə mənim yadıma çox
şeylər saldı. Bayaqdan fikirləşirəm: necə olursa-olsun iki ay ərzində nöqsanlarımızı
gərək aradan götürək. Bunun üçün bizim imkanımız var. Ancaq hərəkət lazımdır,
hərəkət!.. O ki, qaldı səndən inciməyimə, mənə elə gəlir ki, heç vaxt, heç vaxt
səndən inciməyəcəm!
– Bəlkə incidin! – Fəridə ərköyünlüklə Ramizə baxdı.
– Yox, Fəridə, incimərəm, çünki sənin məni incidəcək bir hərəkət
edəcəyinə inanmıram. İnanmıram, mənim ömür çiçəyim!
Ömür çiçəyi! Bu iki kəlmədə nələr ifadə olunmamışdı. Bunun qəribə bir
tarixi vardı...
Ramiz Şirinov cəbhədə yaralandıqdan sonra kəndə qayıtdı. Bir qədər dincələndən
sonra dostları ona Qazax kənd təsərrüfatı texnikumuna girməyi məsləhət
gördülər. Texnikumda iki şöbə vardı: aqronomluq və zootexniklik. Ramiz imtahan
verib zootexniklik şöbəsində oxumağa başladı.
Bir dəfə texnikumun həyətində Ramiz bir neçə yoldaşı ilə dayanmışdı. O,
artıq ikinci kursda oxuyurdu. Bu vaxt onların qarşısından aqronomluq şöbəsində
oxuyan bir neçə qız keçirdi. Oğlanların diqqəti onlarda idi. Ramizin gözləri
qızların arasında öz balacalığı, arıqlığı ilə seçilən qarabuğdayı bir qıza dikilmişdi.
Qızlar düz onların qabağından keçəndə Ramizin yoldaşları da onun həmin
qarabuğdayı, balaca qıza çox baxdığını hiss etdilər. Hələ birisi zarafatla
dedi:
– Aşna, yaman müştəri gözü ilə baxırsan ha!..
Ramiz birdən-birə özü də fərqinə varmadan, lakin inam və qətiyyətlə:
– Uşaqlar, mən o qızı alacağam! – dedi.
Ramizin sözlərinə uşaqlardan çoxu güldü. Kim isə dedi:
– Sən elə deyirsən ki, guya qızla danışıb hər şeyi qurtarmısan, qalıb
təkcə evlənməyiniz.
Bir başqası əlavə etdi:
– Bənd olma, ə! Adam xam xəyala düşəndə ağzına nə gəldi deyər.
– Balam o qızı ki, mən tanıyıram onunla bircə əklmə alıb vermək olmur. O
ki, qaldı gedib ona evlənməyi təklif edəsən.
Üçüncü bir gənc də yoldaşlarının fikrinə şərik çıxdı.
Ramiz həmin qızla bir neçə dəfə qarşılaşmış və hər dəfə də ürəyi
döyünmüş, qızın arxasınca xeyli baxmışdı. İndi onun hökmlə dediyi: «Mən bu qızı
alacağam!» sözlərini yoldaşlarının qəribliyə salmaları Ramizin bu fikrin
üzərində daha inadla durmağa sövq etdi. Odur ki, o tay-tuşlarının tikanlı
sözlərinə ancaq bir kəlmə ilə cavab verdi:
– Baxarıq!
Lakin onlardan bir qədər aralanmışdı ki, Ramizi fikir götürdü. Birdən
dediyinə nail ola bilmədi? Onda necə olsun? Yoldaşları onu lağa qoymazlarmı?
Ramiz ağzından qaçırdığı sözlərə özü belə təəccübləndi: axı necə oldu ki, o,
qızla bir kəlmə kəsməmiş tay-tuşlarının yanında qətiyyətlə onunla
evlənəcəyindən söz saldı? Bəlkə bu iş heç... Yox, yox, Ramiz bunun baş
tutmayacağını heç xəyalına belə gətirmirdi. Gətirmək istəmirdi.
O, balaca, qarabuğdayı qıza məktub yazdı. Məktubu taytuşları ilə olan söhbətindən başladı. Bunun ardınca ürəyini dolduran sevgisini, arzusunu bacardığı kimi qələmə aldı. Sonra isə qeyd elədi ki, əgər qız eşqinə rədd cavabı versə, o, dünyanın bədbəxt adamı olacaq. Səməd Vurğun demişkən:
Məhəbbət yaranmış ən byöük əsər,
Nə qədər bədbəxtdir sevilməyənlər!
Ramizin məktubuna cavab gəlmədi. O, təşvişə düşdü. İkinci, üçüncü
məktubunu yazıb göndərdi. Yenə cavab gəlmədi. Nəhayət, qızın özü ilə danışmaq
qərarına gəldi. Qız texnikumdan çıxarkən ona yaxınlaşdı. Salam verdi, qız
salamı çox soyuq aldı, hisrli-hirsli ona baxdı. Ramiz bu baxışları indi də
yadından çıxara bilmir. Bu baxışlarda həm qəzəb, həm də məhəbbət ifadə
olunmuşdu.
Qız ona baxmadan dedi:
– Həyatda cəsarətli olmaq yaxşıdır, ancaq bunun yerini bilmək ondan da
yaxşıdır. Qızla bir kəlmə danışmamış, onu «Ömür çiçəyi» adlandıran, onunla
evlənəcəyi haqqında yoldaşlarına söz verən oğlanı mən heç təsəvvür edə
bilmirəm.
Ramiz danışmaq istədi. Lakin boğazının quruduğunu hiss etdi. Ona elə
gəldi ki, dilini də bağladılar, nə desin, hansı sözlərlə öz hərəkətlərinə
bəraət qazandırsın? Qəlbini, gələcək haqqında olan niyyətlərini ona necə açıb
söyləsin? Haçandan-haçana o, qıza ancaq bu sözləri deyə bildi:
– Fəridə, axı mən sənə çoxdan göz qoyuram. Sənsiz... səni görmədiyim
dəqiqələr mənim üçün bir il keçir, niyə bunu başa düşmək istəmirsən?
Görünür, Fəridə Ramizi doğrudan da başa düşmək istəmirdi.
– Məktublarınıza cavab yazmayacağam. Xahiş edirəm onlardan bir də mənə
göndərməyin. Mənim sizə ancaq bir sözüm var. Bundan sonra qızın ürəyini
öyrənməmiş, onun evlənəcəyiniz haqqında heç vaxt lovğalanmayın!
Fəridə bu sözləri deyib getdi. Ramiz sanki mıxlanıö yerində qaldı.
Baxışları qızın getdiyi yola dikildi və birdən-birə hardansa qəlbini bir inam
hissi doldurdu, bütün iradəsi ilə öz-özünə:
– Sən mənim... Ancaq mənim olacaqsan, Fəridə! – dedi:
Aradan bir il də keçdi. Bir ildə Ramiz fikrindən dönmədi. Fəridəyə
məktub göndərməsə də, onunla söhbət eləməsə də, lakin həmişə, hər yerdə onu
qəlbində gördü, onunla söhbət elədi.
Ramizə acıqlı cavab verməsinə baxmayaraq, Fəridə də bu bir ildə ona
biganə qalmadı; uzaqdan-uzağa onun hərəkətlərinə göz qoydu...
Bir gün texnikumda ədəbi-bədii gecə keçirildi. Gecədə Ramizə elə
gəlmişdi ki, Fəridə onu çağırır.
Gecə qurtaranda Ramiz Fəridəni gözlədi. Fəridə qızlarla çıxdığından
Ramiz ona yaxınlaşa bilmədi. Bir xeyli getdikdən sonra qızlar Fəridəni tək
buraxdılar. Onda Ramiz ürəklənib Fəridəyə yaxınlaşdı. Onlar dinməz-söyləməz
yavaş-yavaş addımlayıb iri qovaq ağacının altına gəldilər... Könüllər
bir-birini başa düşdü... Əhd-peyman bağlandı.
Ayrılarkən Fəridə razılıq verdi ki, Ramiz onun ailəsinə elçi
göndərsin...
Bu söhbətdən bir neçə gün sonra texnikum tələbələri tətilə çıxdılar.
Evdə Ramiz Qazax Dəmirçilər kəndindən qız sevdiyini anasına dedi. Anası
bunu atasına çatdırdı. Elçi göndərmək qərarına gəldilər. Ramizin kənddə
təxminən yüz beş-yüz on yaşlarında Əhməd adında, bütün ömrünü çobanlıqda
keçirmiş gümrah bir əmisi vardı. O, qardaşı oğlunun qonşu rayondan qıç
seçdiyini eşidəndə ürəyi atlandı. Hamıya bildirdi ki, elçiliyinə özü tək
gedəcəkdir.
Səhərisi Əhməd kişi gözəl bir ağ ata minib birbaş Dəmirçilər kəndinə
gəldi. Fəridəgilin yaşadığı evi soraqlaşıb tapdı. Heç kəsə bir söz demədən
darvazadan içəri girdi. Evə məhrəm adam kimi atını yaxındakı tut ağacına
bağladı. Həyətdə üzüm tənəkləri vardı. Çoban Əhməd bir sadxım üzüm qoparıb
yeməyə başladı. Bu zaman Fəridəgilin qohumlarından kim isə həyətdə nabələd bir
adamın durduğunu gördü. Yaxına gələndə çoban Əhmədi tanıdı. Xoş-beşdən sonra
soruşdu:
– Xeyir ola, əmican?
– Mal itirmişəm, bala! Sorağını sizin kənddən veriblər. Onu axtarıram.
Evinizin qabağından keçirdim. Üzümü gördüm, xoşuma gəldi. İçəri girdim ki, bir
salxım qoparıb yeyim. Məni qovlamayacaqsınız za?! – Çoban Əhməd xırda gözlərini
müsahibinə dikdi.
– Öz evindir, Əhməd kişi, yaxşı eləyib gəlmisən. Ancaq daha burda niyə,
yuxarı çıxaq, yol gəlmisən çörəkdən-zaddan ye!
Çoban Əhməd təklifi qəbul etdi. Eyvana çıxdı, əl-üzünü yudu. Bu zaman
qarabuğdayı bir qız yaxına gəlib ona əl-üzünü qurulamaq üçün dəsmal uzatdı.
Əhməd kişi dəsmalı alanda qıza diqqətlə baxdı. «Ramizin gözaltısı bu olmaya?!
Dəsmalı qaytaranda qıza bir də baxdı... Bəyəndi.
Bir az keçməmiş süfrə açıldı. Ortaya yemək gətirildi. Lakin çoban Əhməd
yeməyə əlini vurmadı, dedi:
– Mən axtardığımı tapmışam heç bir şey yemərəm. Boğazımdan da getməz.
Zarafat deyil, kişilərə söz vermişəm. Əliboş qayıtmayacağam.
– Əhməd kişi, mal inşallah tapılar. Bir də burda süfrəmizin nə günahı!
Biz ki, onun itməsində suçlu deyilik. Çörəyini ye, sonra bir yerdə axtararıq, -
ondan xahiş etdilər.
Əhməd kişi sözü açmağın vaxtı yetişdiyini hiss etdi. Üzünü ev yiyəsinə
tutub təmkinlə:
– Mənim axtardığım elə sizin evdədir, bala! – deyib məsələni açdı, nə
məqsədlə gəldiyini söylədi.
Əhməd kişini Dəmirçilər kəndində hamı tanıyırdı. O, bir əsrlik ömründə
çox evlərə elçi getmiş, heç yerdə bir sözünü iki eləməmişdilər. Əhməd kişinin
fikrini Fəridənin anasına bildirdilər və ona başa saldılar ki, o, əliboş
qaytarılası kişilərdən deyil. Ana qızı ilə danışdı. Sonra ananın fikrini Əhməd
kişiyə bildirdilər.
Əhməd kişi böyük həvəslə qolunu çırmayıb:
– İndi hünəriniz var məni doyurun! – dedi və iştahla yeməyə başladı.
Günlər, aylar keçdi. Ramiz toy edib Fəridə ilə evləndi. Bir ildən sonra
hər ikisi texnikumu qurtardı. Təyinat vaxtı Ramizgilin kəndinə düşdülər.
Fəridə Şirinova 1947-ci ildən 1955-ci ilin noyabr ayına kimi kənddə
aqronom oldu, bacarığı, mehriban rəftarı sayəsində kolxozçuların rəğbətini
qazandı. 1955-ci ilin noyabr ayında isə kəndin kommunistləri onu kolxoz partiya
təşkilatı katibi seçdilər.
Ramiz texnikumu qurtarandan indiyə kimi kənddə zootexnik vəzifəsin
çalışır.
...Ramiz Fəridə evlərinə çatanda hamı yatmışdı. Onlar səssizcə otağa
girdilər. Övladları, saf məhəbbətlərinin qol-qanadları mışıl-mışıl yatırdılar.
Fəridə pəncəsi üstə astaca yeriyib, əvvəlcə oğlunun, sonra qızının
üzündən öpdü ki, onlar yuxudan ayılmadılar. O, ərinə tərəf gəldi, başını onun
döşünə sıxıb pıçıltı ilə:
– Mənim əzizim! – dedi.
***
Xəsilliklərə birinci Tanrıverdinin quzuları aparıldı. Sonra da başqa
çobanların sürüləri gətirildi.
Zootexnik baytar işçilərini, çobanları səfərbərliyə almışdı. Çox vaxt
belə olurdu ki, Ramiz gecəni də çobanların yanında qalırdı...
Bir ay keçər-keçməz bu gərgin zəhmətin səmərəsi özünü göstərdi.
Quzuların ağız yarası sağaldı. Quzular kökəlməyə başladı. Gənələrdən də
əsər-əlamət qalmadı.
Ramiz Tanrıverdiyə dedi:
– Hə, Tanqulu, indi rahatca nəfəs ala bilərik.
Tanrıverdi quzularından birin başını tumarlaya-tumarlaya:
– Heylədi, Ramiz qağa, heylədi, - dedi. – Amma siz də yamanca əldən
düşdüz, ha!
– İşimiz belədi, Tanqulu. Yox, sağ olsunlar, bu işdə elə bütün kolxoz
bizə kömək eləyirdi. Böyükdən tutmuş kiçiyə kimi.
– Heç Fəridə bajını demirsən, Ramiz qağa, Fəridə bajı. – Tanrıverdi
söylədi.
– Elə Fəridə bacın deyil bizi evdən-eşikdən didərgin salan. O irəli
kəndə getmişəm. İdarənin qabağında sədr məni tutub deyir ki, ə, Ramiz kənddən
qaçaq düşmüsən, birdən bizdən inciyib eləyərsən ha? Mən də dedim: elə bir qərar
çıxarmamısınız ki, evimizdə-eşiyimizdə rahat otura bilək. Gördüm Fəridə bajın
da altdan-altdan özü üçün gülür.
– Ramiz qağa, çoxdandı bizə söz vermisən ki, Fəridə bajı ilə necə
evləndiyini danışasan. Ancaq həmişə bir bəhanə ilə başımızı qatırsan,
danışmırsan. – Tanrıverdi üzünü yanındakı çoban yoldaşına tutdu: - Dədəm evdə
Ramiz qağanın əmisi rəhmətlik çoban Əhmədin...
Əhmədin adını eşidən kimi çobanlar «Allah rəhmət eləsin!» dedilər, Ramiz
də:
– Allah sizin də ölünlərüzə rəhmət eləsin!
Tanrıverdi davam etdi:
– Hə, onu deyirdim ki, çoban Əhmədin necə elçiliyə getdiyini danışanda
eşitmişəm. Çox məzəli əhvalatdır.
Başqa çobanlar da Ramizdən danışmasını ürək xahiş etdilər. O isə:
– Bir başqa vaxtda danışaram, - deyib yenə boyun qaçırtdı.
M Səhv eləmirəmsə çoban Əhməd gərək ki, dörd il olar, rəhmətə gedib,
heylədir?
Ramiz dedi:
– Hə, 1953-cü ildə, yüz on yaşında ikən vəfat etmişdir.
– Eh, rəhmətlik yaxşı kişi idi. Bizim hamımızın boynunda o kişinin haqq-sayı çoxdur. Çobanlar onu heç vaxt yaddan çıxarmırlar, - orta yaşlı çobanlardan biri dilləndi.
***
«Pobeda» Ceyrançölə doğru süzürdü. Revomir Kərimov sükan arxasında idi.
Yanında Fəridə oturmuşdu. Fəxrəddin, Ramiz arxada əyləşmişdilər. İlanlıcaya
gedirdilər. Fəxrəddin demişkən, Ramizin təsərrüfatına baş çəkməyə. Fəridə
dirçəlişi gözləri ilə görmək istəyirdi. Fəxrəddin su ehtiyatı ilə maraqlanırdı.
– Ramiz, Tanqulu necə birqadirlik eləyir? – Fəxrəddin soruşdu:
– Ürəyin istəyən kimi.
Əbdülrəhman xəstə yatırdı. Onu Tanrıverdi əvəz eləyirdi.
– Yaşda hamıdan kiçikdir. Amma hamı ona hörmət edir, - Revomir sözə
qarışdı.
Fəxrəddin:
– Səni bilmirəm, Fəridə, mən bu il çobanlardan, ümumən maldarlarımızdan
razıyam.
Fəridə:
– Tərifləmə bu maldarları.
Fəxrəddin:
– Faktı dana bilmərik, Fəridə, fermamızda qoyunların sayı artıb.
Yarım saatdan sonra İlanlıcada idilər. Tanrıverdigil hələ gəlməmişdilər.
Qoyun yataqlarını gəzməyə başladılar. Söhbət edə-edə İlanlıca bulağının yanına
gəldilər. Bulaqdan çox yavaş-yavaş su sızılırdı. Bulağın axıb gəldiyi yerdən
dik sıldırım başlayırdı. Keçən il bu bulağın yanında su anbarı düzəltmişdilər.
Anbardan su xüsusi borularla kəhrizlərə axırdı.
Fəxrəddin düşünürdü: «Ceyrançöldə su sarıdan gərək ehtiyatlı olasan.
Gərək həmişə su ehtiyatın olsun. Yoxsa qoyun-quzu, mal-qaranı susuzluqdan qıra
bilərsən...»
Ceyrançöldə bir sıra balaca süni gölməçələr düzəldilib. Bu gölməçələr
çobanların su ehtiyatıdır.
Yaxındakı kiçik bir gölməçənin yanına çatdıqda Fəridə ayaq saxladı. O
birilər də dayandılar. Gölməçədə lap az su qalmışdı.
Zootexnik öz-özünə pıçıldayırmış kimi dedi:
– Su sarıdan qorxumuz aradan qalxmamışdır hələ...
Fəxrəddinin nəzərləri uzaqlara zillənmişdi.
– Fəxrəddin, yaman fikrə cummusan, bax, bu da fatkdır. – Fəridə əlilə
gölməçənin dibini göstərdi.
Fəxrəddin dedi:
– Düzdür, Fəridə, Ramiz düz deyir... Lakin çox çəkməz ki, bizim bu
yerlərdə su sarıdan qorxumuz aradan qalxar. Ceyrançöl tikinti idarəsi İori
çayından bütün bu gördüyümüz yamaclara xüsusi borularla su gətirəcəkdir. Ondan
gəlib Ceyrançölə baxarsan.
– Onda da gələrik, - Fəridə mənalı-mənalı Fəxrəddinə və Ramizə baxdı.
Göyün üzü getdikcə qaralmağa başlayırdı. Ramiz başını qaldırıb səmaya
baxanda dedi:
– Yağmağa hazırlaşır!..
Bir azdan qara buludlar sıxlaşdı, elə bil hər tərəfə qaranlıq çökdü. Az
çəkmədi göy guruldadı. İldırım çaxdı. İti yağış başlayanda onlar qaçıb baytar
məntəqəsinin eyvanına çıxdılar. Yağış getdikcə daha da şiddətlənirdi. Üç-dörd
dəqiqədən sonra dolu tökməyə başladı.
Onlar baytar məntəqəsinin eyvanında dayanıb noxud iriliyində dolunun
necə sürətlə yer düşməsinə tamaşa edirdilər.
Yarım saata qədər güclü yağış yağdı. Sonra yenə hava açılmağa başladı.
Axşam düşürdü. Qoyun-quzu, mal-qara otlaqdan qayıdırdı.
Bu vaxt onlara sarı bir neçə çobanın gəldiyini gördülər. Çobanlar
yaxınlaşanda mehribancasına görüşdülər.
Tanrıverdi dedi:
– Yağışa düşdük. Bir az islanmışıq, paltarımızı dəyişək, bu saat
gəlirik...
Çobanlar gəldilər. Birlikdə Ceyrançölü yenidən gəzməyə başladılar.
Yağışdan sonra hava çox yaxşılaşmışdı. Göydə ulduzlar sayrışırdı. Aypara
onların başı üzərində asta-asta hərəkət edirdi...
Ağstafa –
Bakı, 1958