Ömrün uzun olsun həkim... (Sənədli hekayələr və öçerklər)
- Ana Səhifə
- Ömrün uzun olsun həkim... (Sənədli hekayələr və öçerklər)
Ömrün uzun olsun həkim... (Sənədli hekayələr və öçerklər)
– Məmi, ay Məmi... Dur ayağa! Uşağın halı xarabdı...
Arvadının təlaş dolu titrək səsinə Məmi kişi hövlnak yerindən qalxdı.
Yarıyuxulu gözlər yuxusuzluqdan qızarmış gözlərə tuşlananda alındı, həyəcanla
soruşdu:
– Arvad, nə dedin? Uşağın halı xarabdı?..
– Xarabdı, Məmi... Qorxuram əlimizdən gedə... Başımı yaman itirmişəm,
kişi!..
Körpənin yanına gəldilər. Məmi kişi əlini uşağın alnına, sinəsinə qoydu,
qaşları düyümləndi, üzünün əzələləri atdı. Əli uşağın sinəsində başını qovzayıb
arvadına baxdı: «Arvad, uşaq odun içində yanır ki!..» sözlərini lap dilinin
ucundan qaytardı. Arvadının onsuz da gözlərindən selləmə yaş gəlirdi. Dərdin
üstünə dərd yükləmək istəmədi. Məmi kişinin ürəyi sıxıldı. Yaman sıxıldı. Heç
olmasa arvadını bir anlıq sakit eləmək üçün söz axtardı, təsəlliverici, ürək
sakitləşdirən söz! Tapa bilmədi. Susmağı, daxilində baş qaldıran təlatümü aşkar
eləməməyi lazım bildi. Düşündü ki, belə gərgin dəqiqələrdə anaya təsəlli yalnız
bu ola bilər.
Körpənin vəziyyəti pisləşirdi... Bunu arvad da, ər də görür, ürəklərinin
sızıltısı ilə duyurdular. Daha dayanmaq vaxtı deyildi.
– Yaxşı, bəs indi biz nə edək?
Ərlə arvadın intizar baxışları bir-birinə sancıldı: «İki daşın arasında
da olsa çarə tapmalı, uşağın halını yaxşılaşdırmalı, nigarançılığa son
qoymalı!»
Ana qəlbinin, ata qəlbinin aramsız çırpıntıları da sanki bu sözlərin
musiqisi imiş kimi onları müşayiət edirdi.
– Məmi, hara?
– Gedim küçədəki avtomat telefondan təcili yardıma zəng vurum...
– O telfon işləmir...
– Onda özüm gedərəm təcili yardıma!..
– Gecənin bu vaxtı, payi-piyada... Qorxuram gec ola, Məmi, gedib
gələnəcən...
– Bəs onda neyləmək istəyirsən, Suğra?
– Qonşu blokda, Məmi, bir gəlin yaşayır, yaxşı uşaq həkimi deyirlər.
Qonşular danışanda qulağım alıb. Gedim onu çağırım, nə olar, adam adamın bəs nə
gündə karına gələr?!
– Arvad, üə on dəqiqə qalır... Bu vaxtı heç düşmən düşmənin yuxusuna
haram qatmaz.
– Amma bərk ayaqda yaxşı adamın qapısını ərk eləyib döymək olar.
Gedəcəyəm. Sora uşağın başına, allah eləməmiş, bir iş gələr, onda qəbir
evinəcən özümü bağışlamaram: niyə getmədim, niyə çağırmadım? Sən uşağın yanında
dur, mən bu saat...
Suğra yun şalına büründü, qapını tələsik arxasınca örtdü.
O öz pilləkənlərini necə qətiyyətlə düşmüşdüsə, qonşunun pilləkənlərini
də o qədər tərəddüdlə çıxırdı. Axırıncı pilləni çıxanda ayağı getmədi: «Yox,
deyirəm qayıdım, yaxşı düşməz, gecənin bu vaxtı cavan zənən xeylağını mən necə
oyadım?! Qohum deyil, tanış deyil... Demək ki, ay arvad, məscidin qapısı açıq
oldu, bəs... Yox, kişinin qızına şər ata bilmərəm. O, belə deməz. Deyə bilməz.
O cür ki, mən onu tanıyıram, deməz...»
Son pilləni də qalxıb qapıya yaxınlaşdı, «Ya mədəd» deyib sağ əlini
qaldırdı, şəhadət barmağını zəngin düyməsinə basmaq istəyirdi ki, qolu
sustaldı. Ona elə gəldi ki, ayaqları da əsir: «Birdən əri ağır söz deyər...
birdən...» Hələ qırxı çıxmamış dilsiz-ağızsız çağanın vəziyyəti gözləri
qabağına gəldi, ürəyi gizildədi: «Yox, tab edə bilmərəm, uzaqbaşı sözüm yerə
düşəcək. Bala üçün dözərəm, analar nəyə dözmürlər... Yazıq analar!.. Yaxşı
yadıma düşdü, axı o da anadır, iki qız uşağı var. Ana! Ana ananı eşidər,
eşitməyə borcludur!..» Qoluna sanki güc gəldi. Zəngin düyməsini iki dəfə basdı,
gözlədi. Həyəcan və nigarançılıq içərisində gözlədi. Hər ötən saniyə
həyəcanlarını daha da artırırdı.
Zəngin səsinə birinci oyanan Lətifə oldu. Qəribədir, axı indicə o, zəng
səsini yuxuda eşitmirdimi? Elmi şurada onun dissertaisya müdafiəsi gedirdi.
Opponentlər, şura üzvləri arasında mübahisə düşmüşdü. Sədr mübahisə edənləri
sakitləşdirmək üçün qabağındakı zəngi tez-tez götürüb çalırdı... Lətifə hövlnak
gözlərini açanda yuxuda eşitdiyi zəng səsilə qapı zəngini birdən-birə ayırd edə
bilmədi. Lakin zəng ikinci dəfə cingildəyəndə o, ərini çağırdı.
Əri durub ağır addımlarla qapıya sarı getdi.
Suğra ayaq səslərini eşidəndə özünü yığışdırdı.
– Kimdir?
– Mənəm, ay qardaş, bu həyətin süpürgəçisi, qonşu blokda yaşayanam...
Uşağım...
Qapı açıldı.
– Əleyküməssalam, gəlin içəri.
Qapı örtüldü.
– Bağışlayın, qardaş, sizi yuxudan elədim, yanınızda hörmətsizlik
edirəm, uşağın halı xarabdır...
Lətifə gəldi. Suğranın üstündə elə bir ağır yük götürüldü, ürəkləndi:
– Başına dönüm, balam əldən gedir, sizə pənah...
Həkim onu axıracan dinləmədi. «Bu ssat» deyib o biri otağa keçdi, əlüstü
də hazır vəziyyətdə qayıtdı:
– Gedək, suğra xala, yaxşı eləyib gəlmisən!..
***
Xəstənin huşu özündə deyildi. Gözləri bir nöqtəyə dirənib qalmışdı.
Ağzından köpük gəlirdi. Dodaqları, burununun ucu göyərmişdi. Ağır nəfəs alırdı.
Cəngolma əlamətləri göz qabağında idi. Həkim dərhal pəncərələri açdırdı, ayaz
gecənin soyuq havası içəri doldu:
– Bax, belə... Uşağa hava çatışmır. Streptomisin, penisilin lazımdır,
sizdə yoxdur ki?..
– Xeyir, başına dönüm...
– Narahat olmayın, məndə var, bu saat...
Həkim pillərəi sürətlə düşdü, sürətlə çıxdı. Gətirdiyi sterilizatoru qaz
pilətəsinin üstünə qoydu, şaqqaşaq qaynayanda götürdü, streptomisinin
penisillinlə qatışdırıb şprisə yığdı, çağanın qılçasına yeritdi. Sonra qoluna
kamfora vurdu... Bir saatdan çox xəstənin yanında qaldı. Yalnız zəhmətinin
bəhrəsi aşkara çıxanda rahat oldu.
Qorxulu dəqiqələr sovuşdu. Uşağın hərarəti bir qədər enmişdi. Huşu da
yavaş-yavaş özünə qayıdırdı. Qayıtdıqca ata-ananın da kədəri dağılırdı. Həkim
uzun qara kirpiklərini qırpa-qırpa gah çağaya, gah anaya, gah da ataya baxır,
fərəhlənirdi...
Məmi qonşu otağa keçəndə Suğra həkimə dedi:
– Qızım, heç bilmirəm, xəcalətindən necə çıxacağıq!..
Həkimin qaşları dartıldı:
– Nə xəcalət, xala?
Suğra həkimin qəlbinə toxunduğunu onun iri, ala gözlərindən də hiss
elədi:
– Yaxşı qızım, yaxşı daha demərəm...
– Suğra xala, bu neçənci uşağınızdır?
– On üçüncüdür, qızım!
– Ay maşallah! Qəhrəman anasınız, heç xəbərimiz yox...
– Qızım, qismətdi də, neyliyim.
– Əriniz nə iş görür?
– Maştağaya, Buzovnaya gedib-gələn elektrik qatarında pravadnikdir...
Balaca adamlarıq.
– Zəhmət adamlarısınız. Zəhmət çəkən hər bir kəs hörmətə layiqdir, xala.
Sən ki, həyəti tərtəmiz saxlayırsan, bunun özü nəyə desən dəyər.
– Əlimizdən gələn odur, onu da eləyirik.
Həkim çağanı bir də yoxlayıb ayağa durdu:
– Böhranlı dəqiqələr ötüşdü, dediklərimi vaxtlı-vaxtında eləyərsən,
qorxma saxalacaq!
Suğra arvad da şalını başına atdı.
– Zəhmət çəkməyin, mən özüm gedərəm!
– Əsil zəhmət səninkidir, qızım, qapınızacan ötürəcəyəm.
Lətifə qapılarından girəndə arxasında bu sözləri eşitdi:
– Ömrün uzun olsun, həkim! Balalarının toyunu görəsən, nəvə-nəticə
sahibi olasan!
Qapını astaca çəkdi, pəncəsi üstə yeriyib yataq otağına keçdi. Əri,
uşaqları yatmışdılar. Gəlib uşaqlarını başı üstündə dayandı. Onların
mışıltısını dinlədi. Xeyli dinlədi. Suğranın sözləri qulaqlarında cingildədi:
«...Balalarının toyunu görəsən!..» Ananın ürəyi riqqətə gəldi: «Balalarıma belə
mən qurban olum, onların qadasın alım, dünyadan xəbərsix yatan balalarımın!»
Lətifə yatağına uzananda sübhə az qalırdı. Saat əqrəbinin yeknəsək
çıqqıltısını, uşaqlarının ahəngdar mışıltısını dinləyə-dinləyə xəyal onu çəkib
keçmişlərə apardı. Uşaq çağlarını xatırladı... İyirmi iki iyun, qırx birinci
il. Ötənlərə xəyalən nəzər salarkən Lətifə nədənsə bu günün üstündən keçə
bilmir. Səkkizincidə oxuyurdu. Hamı məktəbdə idi. Hamı narahat idi. Hamı
müharibədən danışırdı.
– Yəqin məktəblər də bağlanacaq! – Şagirdlərdən kiminsə dediyi bu sözlər
oradan keçən ağsaçlı müəllimi dayandırdı:
– Məktəblər bağlanmayacaq! Siz oxuyacaqsınız.
Lətifə də oxumuşdu. Dəhşətli müharibənin çətinliklərinə dözə-dözə
oxumuşdu. Məktəbi fərqlənmə attestatı ilə bitirib qırx dördüncü ildə Azərbaycan
Tibb İnstitutunun pediatriya fakültəsinə girmişdi... Müharibə!.. Onun bu sözdən
lap zəhləsi getmişdi. «Bircə bəşəriyyət bu sözü lüğətdən birdəfəlik pozsaydı!»
Lətifə institutut həyatının necə gəlib keçdiyini hiss eləməməmişdi. Bir
də onu görmüşdü ki, buranı da fərqlənmə diplomu ilə başa vurub. Tələbəlik
illəri, müstəqil həyata atılmaq, öyrənib bildiyini təcrübədə tətbiq eləmək,
qollarını çırmayıb amansız xəstəliklərlə ləbəyaxa olmaq, dilsiz-ağızsız
körpələrə şəfa vermək, müalicə edə-edə müşahidə aparmaq, axtarmaq, yaratmaq
illəri ilə əvəz olunub... Əllinci ildən instiututun qospital pediatriyası
kafedrasında ordinator kimi işə başlayan Lətifə üç il sonra baş laborant,
sonralar isə assistent vəzifəsinə keçirilmişdi... Kafedranın əməkdaşları
xəstəxana şəraitində uşaqları müalicə edir, elmi iş yazır, gələcək uşaq
həkimlərinə dərs deyirdilər. Bu cür iş Lətifənin ürəyincə olmuşdu.
Çətinliklərsiz də keçməmişdi. Ancaq o büdrəməmiş, öyrənə-öyrənə yürümüş, min
cür təlaş və həyəcan içərisində ürəkləri əsim-əsim əsən ata-anaları sevindirə-sevindirə
çoxdan üzərində işlədiyi dissertaisyasının son nöqtəsini bu gecə qoymuşdu.
***
Səhər işə gedərkən o, Suğranın uşağını bir də müayinə etdi. İndi
yan-yörəsinə o qədər uşaq yığışmışdı ki... Hamısının da nəzərləri ona, körpə
bacılarını xilas edən həkimə zillənmişdi. Lətifə onlardan bir-ikisini
danışdırdı, lap balacasının başına əl çəkdi:
– Nə qəşəng qızdır, - dedi.
Tələsirdi. Yoxsa oturub onlarla çoxlu-çoxlu söhbət edərdi.
Qapıdan çıxanda böyük bir dəstə onu yola saldı.
İşdən qayıdanda da o, Güləranı yoluxdu. Vəziyyətini yaxşı gördü,
tapşırdı ki, bir şey olsa, xəbər eləyin.
Axşamüstü əri gəldi. Teatra bilet almışdı. Lətifə sevindi, «gedərik» dedi. Yeyib içdilər. Geyindilər. Çıxmaq istəyirdilər qapının zəngi çalındı. Açanda Suğra arvadın oğlunu gördülər. Həkim tərəddüd etmədən paltosunu çıxarıb xalatını çiyninə saldı, redikulunu qoyub fonendoskopu götürdü, ərinə «məni bağışla, tək getməli oldun!» deyib uşağın ardınca çıxdı...
***
«Məktəblər bağlanmayacaq! Siz oxuyacaqsınız...»
Düz iyirmi il sonra, altmış birinci ilin iyirmi iki iyununda Gürcüstan
Tibb İnstitutunun Elmi şurasının xitabət kürsüsünə tərəf gedərkən Lətifə bu
sözləri eşidər kimi oldu. Ağsaçlı müəllim sanki qolundan tutub onu kürsüyə
qaldırdı. Çətini elə bil buraya qədər imiş. Buraya kimi o nə qədər yuxusuz
gecələr, həyəcanlar keçirmişdi.
Lətifə «Uşaqların bakterial dizenteriya xəstəliyində qanın bəzi bioxomik
dəyişiklikləri» mövzusunda yazdığı dissertasiyanın əsas müddəalarını söylədi,
nəticələrindən danışdı. Rəyasət heyətində oturanda gürcü alimlərinin mehriban,
qayğıkeş baxışlarını hiss elədi, demək işi bəyənmişdilər.
Rəsmi opponentlər, şura üzvləri danışdılar. Dissertantın işinə yüksək
qiymət verilirdi. Mübahisə yox idi. Zalda sakitlikdi. Lətifə qeyri-ixtiyari
vaxtilə yuxunu xatırladı. Gülümsədi...
Lətifə Hüseynovaya bir səslə tibb elmləri namizədi alimlik dərəcəsi adı verildi.
***
O, palatasında xəstələri müayinə edərkən birini evə yazdı. Tamam-kamal
sağalmışdıö uşağını aparanda anası xəstəxananın şikayət və təkliflər kitabını
alıb, əli titrəyə-titrəyə övladına nicat verən adamlar barədə ürək sözlərini
yazdı. Lətifənin əlini sıxıb:
– Ömrün uzun olsun, həkim! – dedi.
Lətifə kafedraya gəldi. Müdirilə salamlaşdı. Ona xəstələrinin
vəziyyətini danışdı.
Xeyli söhbətdən sonra müdir dedi:
– İndi də, Lətifə xanım, doktorluq dissertasiyası mövzusu üzərində
düşünmək lazımdır...
Lətifə təvazökarlıqla:
– Tez deyilmi?! – dedi.
Müdirin sözü qəti oldu:
– Yox, tez deyil!
Kafedranın həkimləri həftədə bir dəfə Bakının rayon xəstəxanalırına
gedirlər. Lətifə hər çərşənbə Patamdar qəsəbəsindəki 15 nömrəli xəstəxananın
uşaq kabinetinə gəlir, çətin anlaşılan xəstəliklərin diaqnozunu
müəyyənləşdirməkdə uşaq həkimlərinə kömək edir, ağır xəstələrə bəzən özü
baxır... Buradakı uşaq həkimlərindən Rahilə Əliyeva Lətifənin tələbəsi
olmuşdur. Rəhilə nə çətinliyi oldu Lətifəyə müraciət edir. Lətifə də özü nə
bilirsə tələbəsinə öyrədir, öyrədir...
Lətifə həkimlər briqadasının heyətində ildə iki dəfə respublikanın
rayonlarına gedir.
O deyir:
– Yoldaşlarım kimi mən də kolxoz və sovxozlarda oluram, xəstələri
müayinə edirəm, uşaq həkimlərinə məsləhətlər verirəm, camaat üçün uşaq
xəstəliklərinə dair mühazirələr oxuyuram.
Lətifə rayona getdimi, gündüzün, gecənin nə olduğunu bilmir, hara çağırırlar, nə vaxt çağırırlar gedir, baxır, məsləhət verir, müalicə edir. Nigaran ürəklər təskinlik tapır. Bakıdan gələn həkimə təşəkkürlər söylənilir. Uzaq kəndlərdə nicat verdiyi körpələn gülüşü deyir: «Ömrün uzun olsun, həkim!»
***
Otuz dörd-otuz altı yaşlarında, ortayoblu, girdəsifət, ağbəniz bir qadın
gəlib axırıncını soruşdu. Qulağı tanış səs alan kassir Kübra başını qaldıranda
sifəti işıqlandı.
– Lətifə xanım, xoş gördük, necəsiniz?
– Sağ olun, yaxşıyam. Qızınız necədir?
– Sizin sayənizdə çox yaxşıdır, həkim!.. Buyurun, qabağa gəlin, sizi tez
buraxım...
Kübra iltifat göstərdisə də həkim qabağa keçmədi. Növbəsində gəlib
pulunu verdi. Gedəndə kassir camaata:
– Qızıl kimi adamdır, - dedi, qızımı pulsuz-parasız ayaq üstə soydu,
evdə müalicə elədiyi ilə kifayətlənməyib, işlədiyi xəstəxanaya apardı. Sağaldıb
özümə qaytardı. Beləsinə adam canını qurban eləsə də uf deməz.
Lətifə mağazadan aldığı şeylər qucağında yaşadığı həyətə girərkən Suğra
arvadla qızı Gülara qabağına çıxdılar. Gülara təzəcə ayaq açmışdı. Salamlaşıb
görüşdülər. Gülara anasına qısıldı. Həkim ona bir ovuc kofet verdi. Qızının
əvəzinə ana «sağ olun» dedi. Həkim onlardan aralanar-aralanmaz Suğranın tanış
sözləri qulaqlarında səsləndi:
– Ömrün uzun olsun, həkim!
Dönüb baxdı. Sol əlilə anasının əlindən tutub asta-asta yeriyən Gülara
da tez-tez dönüb baxır, sağ əli ilə ona «sağ ol» eləyirdi.
Yanvar, 1962