Nə xoşdur bir hiss kimi qəlblərə girmək... (Sənədli hekayələr və öçerklər)
- Ana Səhifə
- Nə xoşdur bir hiss kimi qəlblərə girmək... (Sənədli hekayələr və öçerklər)
Nə xoşdur bir hiss kimi qəlblərə girmək... (Sənədli hekayələr və öçerklər)
İllər külək yürüşlü,
Qartal qanatlı illər.
Yaşayış yollarında
Yəhərli atlı illər.
Nə gözəl demisən!... Nə tez gəlib gedəndi illər! Nə tez!..
Srağagün əlli illiyini qeyd eləmişdik. Dünən təntənəli altmış illiyindi,
bu gün də yetmiş illiyini keçiririk. «Külək yürüşlü, qartal qanadlı illər»in nə
tez gətirdi onu, sənin yetmiş illiyini! Nə tez gətirdi!
Yetmiş il! Heç kəs səni bu yaşda təsəvvür eləmir, eləmək istəmir. Axı sən heç otuz yaşına çatmamış həyata göz yummusan. Yaradıcılığının kamil, qızğın çağında, «söz atı»nın, köhlən atının «göyün qatlarını titrətdiyi» bir zamanda, qollarını var gücünlə geniş açıb ana yurdunu, «dili diləkli Azərbaycan»ı, onun gur şəlaləli dağlarını, zümzüməli, dərin dərələrini, xan Arazı, dəli Kürü, şıltaq Xəzəri, bərəkətli çölləri, ruh oxşayan yaşıllıqları, sadə, zəhmətsevər insanları, dost-aşnanı, qaragözlü, ürəyi sözlü gözəllri bağrına basıb daha gur səslə, daha sənətkarlıqla, daha incəliklə, daha emosionallıqla tərənnüm elədiyin bir vaxtda göz yummusan.
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dotsdan, aşinadan necə əl çəkim?
Sən dünyaya göz açanda iyirmi üç yaşlı anan Züleyxa necə də sevincək
olmuşdu...
Ancaq sən saydığını say, gör fələk nə sayır... Sevinci çox az olmuşdu
yazıq qadının, sənin cavan, mehriban, xoşrəftar ananın. Çox az olmuşdu! Yatağa
düşmüşdü, necə düşmüşdüsə daha qalxa bilməmişdi... Ayyarımlıq körpə ikən
səninki də həyatda beləcə gətirməmişdi.
Anasız böyümək asandır məgər?! Sən uzun zaman ana dərdi çəkmiş, ana kəlməsi həmişə qəlbində giziltiyə çevrilmişdi. Nəhayət, elə bir gün də gəlmişdi ki, sən bu hisslərini, ana həsrətli, övlad məhəbbətli hisslərini şeirə çevirmişdin, misralarla dilə gətirmişdin. Müşfiq misraları ilə!
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı.
Ana dedim, fəqət onu görməz oldum yanımda.
Müşfiq misralaraı. Müşfiq!.. Ədəbiyyatımızda ilk dəfə 1926-cı ildə
eşidilən, rəhmdil, nazik ürəkli, mehriban insan mənasını verən bu sözü sən
özünə təxəllüs götürmüşdün. Şəxsiyyətinlə necə də uyuşurdu bu ad!
Müşfiq!.. Azərbaycan poeziyasının təzə ulduzu, sən bu adla daxil oldun düşüncələrə, duyğulara, könüllərə. Bu adla! «Qaşlardan qaşlara süz»dün, «könül sularında uz»dün, «küləklərlə həmzəban olmaq» istədin, «çaxıb şimşəklərə könlünü verdin», «hər bağdan bir çiçək dərdin», «Oxu, tar!» sədası, «Yenə o bağ olaydı!» nidası, «Necə əl çəkim?! Harayı qartal qanadlarını ənginlərə səslədi... Yazdın, yaratdın! Nifrətin də böyük oldu, məhəbbətin də!
Yazmaram ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa,
Burdaca el durub məndən sordu ki,
Gözdən yaş çıxarmı ürək yanmasa?
Ürək yanğısı! Bu deyildimi nəhəng Füzulini «əsrlərin fövqünə» qaldıran,
Koroğlunun biləklərinə, diləklərinə güc verən, Babəkin inadını kəskinləşdirən,
mətinləşdirən, Dədə Qorqudu müdrikləşdirən, əbədiləşdirən, Sabiri, Üzeyirbəyi
məşhuricahan edən ulu qüvvə?!
Səndə belə bir ürək vardı. O ürəkdə od vardı. Odlar ölkəsinin, Səbayelin
odu vardı. Yanır, yanırdı. Yana-yana od salırdı oxucularının, dinləyicilərinin
qəlbinə! Od! Hörmətini çox saxladığın, xətri yanında həmişə əziz Hüseyn Cavid
nahaq deməmişdi: «Müşfiq bir od ki, axırda öz-özünü yandıracaq!..»
Sən lap kiçik yaşlarından şeir vurğunuydun. Atan Mirzə Əbdülqədirin
oxuduğu şeirləri elə yadında saxlayar, elə məharətlə əzbərdən söyləyərdin ki?!.
Altı yaşı tamam olmamış uşağın çoxlu şeir bilməsi təəccüblü olsa da ata bunu
bildirməz, sadəcə sənin başına əl çəkərdi. Ah, bu əlin saçlarında gəzməsini sən
necə gözlər, necə gözlərdin!.. Axı bu əldə sən həm ana nəvazişinin, həm ata
qayğısının hərarətini duyardın. Taleyin bunu da sənə çox gördü... Altı yaşında
ikən ata itkisinin də dəhşətini duydun. Bu ağır, fəci halı yaşamaq gərəkdi.
Yaşamaqçın dözüm gərəkdi. Dözdün də. Dözməz ağır olsa da. Sənin «çocuq dərdin
heç əksilmədi».
Atan azərbaycanlı uşaqların oxuması üçün can yandıran, xalq maarifi
yolunda şölə saçan bir müəllimdi. Vicdanlı, fədakar bir müəllim!
Axı, sən də müəllim olmusan, müəllim! Atan kimi azərbaycanlı balaların
savadlanması, bədii zövqlərinin inkişafı üçün əlindən gələni əsirgəməmisən.
Əsirgəyə bilməmisən. İndi vaxtilə çalışdığın 18 nömrəli məktəb, Bakının ən
gözəl, ən böyük məktəblərindən biri sənin adını daşıyır!
Məktəb, müəllim, tərbiyə mövzusu poeziyanda bədii əksini tapan mövzulardandır. «Qaya», «Mənim dostum» poemaları, «Məktəbli şərqisi», «Pedtexnikum» şeirində məktəbin bilavasitə sənin öz üzərində oynadığı roldan söhbət açmış, öz yetimlik çağlarını xatırlamış, minnətdarlıq hissilə dolu qəlbinin nidalarını ağ vərəqlərə həkk eləmisən:
Ömrüm səxavətlərin dərin çuxurlarında
Ölgün vərəqlə kimi sürünən bir zamanda,
Dərs alıb bir çırpınan qartal qanadlı quşdan
Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan.
Hər bir dövrdə, hər bir zamanda olduğu kimi sənin vaxtında da ağzına gələni yazan, şairlik eşqinə düşən çoxdu. Hay-küy qoparan, gözə kül üfürən o qədərdi ki?! İstedad yox, qışqırıq çox.
Şairə ilhamdan maya gərəkdir!
Anasız çocuğa daya gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə haya gərəkdir!
Sən belələrinə amansız idin. Başabəla cızmaqaçılara nahaq şairlik
iddiasında olduqlarını deməkdən çəkinməzdin, onların böhtan və iftiralarından
qorxmazdın, ürəyindəkini dilinə gətirməkdən çəkminməzdin. Sənin təbiilik, səmimilik
aləmində ikiüzlülüyə, riyakarlığa, oxu atıb yayı gizlətməyə yer yox idi. Hər
şey açıq idi, mərdi-mərdanə idi, kişi-kişiyanə idi sənin aləmində. Bunun
üstündə başın ağrısa da, ağrımasa da sən belə idin. Belə yaranmışdın, belə də
öləcəkdin. Səni dəyişdirmək mahaldı, səni dəyişdirmək səni öldürmək deməkdi.
Sən ölərdin, Müşfiqliyini dəyişməzdin!
Sənin odlu, həssas ürəyin böyük arzuların yuvasıydı. Bu arzulardan biriylə «Sənətkar» şeirində tanış oluruq:
Ah, nə böyük şərəfdir sənətkar olmaq,
Könüllər dünyasından xəbərdar olmaq
Nə xoşdur bir hiss kimi qəlblərə girmək,
Səssiz-sorğusuz;
Bütün fənalıqları yıxıb devirmək
Qara-qorxusuz.
Sənətkarın cəmiyyətdəki mövqeyindən, şerin, sənətin bədii təsir
gücündən, saflaşdırıcı, durulaşdırıcı, dəyişdirici qüvvəyə malik olmasından
bəhs edilən bu şeirdə həm də bir arzu, bütün sənətkarlara xas olan gözəl, şirin
bir arzu var: yaratdıqlarıyla qəlblərə girmək, qəlblərdə həmişəlik qalmaq,
əbədi yurd salmaq. Arzulamağına hamı arzulayır bunu, ancaq bu hamıya nəsib
olurmu? Ölməzlik qazanır buna nail olanlar, könüllərdə əbədi yurd salanlar.
Ölməzlik!
Sən belə ölməzliyə çatan sənətkarlardansan.
***
Altmış illiyində çox sevdiyin Bakıda sənin büstün qoyuldu.
Mübarəkdarlığa o qədər adam yığışmışdı ki!.. Mitinq keçirildi. Mənə söz
veriləndə dedim: «Sənə odlar diyarının nəğməkarı deyirik, Müşfiq! Axı
torpağımızın hər bir şəhərinə, hər bir kəndinə, hər bir küçəsinə qədəm qoyan,
yurdumuzun təbii mənzərələrinə, çaylarına, meşə və çöllərinə tamaşa edən hər
bir oxucu, sənin oxucun orada səndən mütləq yerinə düşən bir şeyi xatırlayır və
sənin öz doğma xalqınla necə qaynayıb-qarışdığını bir daha şahidi olur.
Bəli, Xəzərin xırçın sualırnda, ləpələrin ütü çəkdiyi kəhraba
qumlarında, füsunkar Göy gölün sahillərində sənin izin var. Kürün, Arazın,
Tərtərin axışında, gur şəlalələrin tökülüşündə nəfəsin duyulur...
Ən nəcib hisslərimizdən olan məhəbbətii həmişə uca tutan, onu əzizləyə-əzizləyə, şairanəliklə yüksəkliyə qaldıran müqtədir sənətkarımızdan biri də sənsən, Müşfiq! Sənin aşiqanə lirik şerlərini oxuyanda, yaxud bu şerlərə bəstələnmiş mahnıları dinləyəndə kimin ürək telləri ehtizaza gəlmir, dillənmir, kimin?!
Mən ki, bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?!
Dünyaya sığmayan şair könlümü,
Köksümdə çıxarıb oynatmadınmı?!
Var olsun belə məhəbbət! Əbədi yaşasın belə məhəbbətin incəliklərini
duymağa kömək edən sənin birbaşa könüllərə yol alan misraların!
Sən şeir üçün doğulmuş bir insan, həddindən artıq özünə tələbkar olan bir şair, bizim poeziyamızın səmasında ulduz kimi aprlamış, bu poeziyanın yaradıcılarından və banilərindən biri kimi şöhrət tapmış bir şair idi. Sənin şeirin onda da, indi də ürəklərə qonur, bahar təravəti gətirir, həmişə də gətirəcək, Müşfiq!..
Xalqilə titrəyən, xalqilə gülən,
Vətənçin yaşayan, Vətənçin ölən
Səmimi bir insan nə bəxtiyardır»
Bu misralar sənindir, sən özün də belə səmimi insanlardan olmusan! Odur ki, xalqımız, canından artıq sevdiyin, sevinci ilə sevindiyin, kədəri ilə kədərləndiyin xalqımız, ana yurdumuz, odlar diyarı, onun paytaxtı Bakı, əziz Bakımız sənə qoynunda, öz qəlbində yer verir. Adını əbədiləşdirir.
***
– Salam.
Sən əlini çənəndən çəkib şairanə düşüncələrindən bir an ayrılacaq,
hüzuruna gəlmiş adama mehribancasına deyəcəksən:
– Əleyküməssalam!
Bu tez-tez təkrar olunacaq. Hər səhər, hər axşam, hər axşam, hər səhər.
Təkrar olunacaq, Müşfiq! Günəşli günlərdə, tutqun havalarda da, qar lopa-lopa
töküləndə, yağış narın-narın yağanda, ağaclar çiçək açanda, yarpaq xəzəl olub
yerə töküləndə, xəzri havanı soyudanda, gilavar isidəndə, ilin-günün hər
vaxtında, hər anında təkrar olunacaq, müşfiq!
Axı sən əbədiyyətə gedirsən, yolun uğurlu olsun, Müşfiq! Uğurlu olsun!»
O vaxtdan on il keçir. On il! Əbədiyyətə gedən adam üçün bu, bəlkə də
bir andır, saniyənin mində biri qədər ömrü olan an.
Bu on ildə sənin poeziyana xalq məhəbbətinin, oxucu pərəstişkarlığının
mütəmadiyən artığının şahidiyəm. Bəstəkarlarımız şeirlərinə yeni-yeni mahnılar
bəstələyirlər. Sənin xalqımızın ən çox sevdiyi şairlərdən biri kimi mövqeyini
getdikcə artır. Sən artıq klassikə dönmüsən. Sənin şeirlərin hamını riqqətə
gətirir. Kitablarına tələbat gündən-günə artır.
Yetmiş yaşlı, qara saçlı cavan Müşfiqimiz! Xalqımızın doğma oğlu,
istiqanlı, igid oğlu! Sən həyatda izi qalan, sözü qalan bir ömür yaşamısan,
ürək qanınla yaratdığın əsərlərinlə, sənə bala əvəzi, övlad əvəzi əsərlərinlə
qısa keçən ömrünü uzatmısan, uzadırsan, uzadacaqsan.
Sən yoldasan!.. Bitib tükənməyən, nəhayəti olmayan, sonu görünməyən
yoldasan. Gedir, hey gedirsən! Qurtarmaq bilməz bu yol. Əbədiyyət yoludur, hara
qurtarır. Bu yolun bütün başqa yollardan ən böyük fərqi odur ki, onun yolçuları
bizdən uzaqlaşdıqca bizə daha da yaxınlaşırlar.
İndi sənin yetmiş illiyindir. Sən bizim canlı müasirimizsən. Səksən
illiyini də, doxsan illiyini də, yüz, iki yüz, beş yüz, min illiyin də gələcək.
Sən onda da həmvətənlərinin, yer üzündə yaşayanların, bəşəriyyətin müasiri
olacaqsan. «Oxu tar!» sədası, «Yenə o bağ olaydı» nidası, «Necə əl çəkim?!»
harayı həmişə səni müasirləşdirəcəkdir.
Əbədiyyət yolçusuna zaval yoxdur. Sən yoldasan, gedir, gedirsən!..
1978