Əməyin bəhrəsi (Sənədli hekayələr və öçerklər)
- Ana Səhifə
- Əməyin bəhrəsi (Sənədli hekayələr və öçerklər)
Əməyin bəhrəsi (Sənədli hekayələr və öçerklər)
Onun atası evində də, ər evində də gördüyü işə, səliqə-sahmana söz yox
idi. Özü də deyərdi ki, tənbəl arvad, suyu dağıdar, deyər: - Aydınlıqdır!
Məncə, aydınlıq onda olur ki, arvad olan ev həmişə təmizliyiynən,
səliqə-sahmanıynan par-par parıldayır.
Oğlu böyüdükcə atasının vaxtilə dediyi sözü xatırlayırdı: işə getməyən
oğlun olunca, cütə gedən öküzün olsun!
Düşünürdü, ürəyi açılırdı: «Maşallah, uşaq əməyə möhkəm bağlanır. Elə
oğuldur ki, durub».
Övladın zəhmətsevərliyi valideynə sevinc gətirir həmişə. Sevinirdi o da. «İlahi, kaş axıracan belə olaydı... Axıracan!..»
***
Evdə hamı səbirsizliklə onu gözləyirdi. Hərəsi onu birinci təbrik
eləməyi ürəyindən keçirir, tez-tez qapıya baxırdı. O bu ailənin nəyiydi ki?
Ailə onun anasından, arvadından, bacısından və üç uşağından ibarətdi.
Böyüklərdən çox uşaqlar həyəcan keçirirdilər. Bəs necə? İndicə ataları gələcək,
onu salamlayacaq, təbrik edəcəkdilər.
Birdən qapı döyüldü. Ailə üzvləri qapıya axışdı. Gələn o idi. Hamı ona
doğru yeridi...
Anası Rövşən xala qollarını onun boynuna doladı, bütün ailənin fikrini
ifadə edirmiş kimi dedi:
– Sağ ol, oğul, sağ ol... Oğulsan ki, oğul!
O, işarəni başa düşdü. Babasının anasına dediyi sözü o da bilirdi: işə
getməyən oğlun olunca, cütə gedən öküzün olsun!
Anasına baxdı, əməyə alqış yağırdı anasının gözlərindən.
Fikrət, Fərhad və Sevil atalarına sarıldılar...
Ailədə bu şadlığın səbəbi nəydi ki?
***
O, Hikmət Əfəndizadə 1926-cı ildə Şamaxı şəhərində müəllim ailəsində
anadan olub. Şamaxıda yeddillik məktəbi qurtarandan sonra 6 nömrəli üzümçülük
sovxozunda işləməyə başlayıb. Böyük Vətən müharibəsi illərində hər kəs əlindən
gləni cəbhə üçün edirdi. Hikmət də öz borcunu yerinə yetirməyə çalışırdı.
Dəfələrlə təşəkkür almışdı.
1944-cü ildi, müharibə yeyirdi adamları. Neft Bakısının fəhləyə ehtiyacı
vardı. Rayondan bir dəstə gənc neft sənayesində işləməyə göndərilirdi. Hikmət
də o dəstədəydi. Anası onu yola salanda demişdi ki, oğul, boğazından kəsib bizə
yollama. Necə olsa, biz birtəhər dolanırıq. Təki sən bir yana çıxasan. Özündən
muğayat ol, gözümün işığı.
Hikmət Kirovneftin qazma kontorunda işə başlamışdı. Pillə-pillə dərəcəsi
artırdı. 1947-ci ildə artıq yeddinci dərəcəli qazmaçı idi. 1949-cu ildə onu
Suraxanıdakı 6 aylıq təkmilləşdirmə kursuna göndərdilər. 1951-ci ildən o,
Stalinneftin qazma kontorunda çalışmağa başladı. 1955-ci ilin martından isə
M.İ.Kalinin adına Bakı Bakı mexaniki-cihazqayırma zavodunda çilingərdir.
Özünün əməksevərliyi, bacarığı ilə fərqlənən Hikmətə nə var ki?! Üç
«Əməkdə fərqlənməyə görə» medalı var, dəfələrlə tərifnamə, pul mükafatı alıb.
Alacaq da. 1958-ci ilin istehsalat tapşırığını layiqincə yerinə yetirib. 59-cu
ilin yanvar və fevral aylarının tapşırıqlarını artıqlaması ilə ödəyib. 6
nömrəli Fioletov seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputatlığa
namizəd göstərilib...
Əməyin bəhrəsi!.. Zəhmət batmayanda sevincini yığıb-yığışdırmaq olmur.
Rövşən xala demişkən, əməyə baş əyənin başı uca olur.
Mart, 1959