Əmək və şərəf (Sənədli hekayələr və öçerklər)

  • Ana Səhifə
  • Əmək və şərəf (Sənədli hekayələr və öçerklər)

Əmək və şərəf (Sənədli hekayələr və öçerklər)

Image

Onun haqqında eşitmişdim, özünü görməmişdim. İncil yetişdirən isti avqust günəşinin yandırıcı şüaları altında onun iş yerinə gedərkən kiminsə arxadan məni çağırdığını eşitdim. Çevrilib baxdım: qəzetlərin birində işləyən jurnalsit tanışımdı. Ayaq saxladım. Yaxınlaşdı. Əl verib görüşdük. Sonra məndən:

– Hara belə? – soruşdu.

– Depoya, - dedim.

– Bakı paravoz deposuna?

– Bəli, bəs sən?

– Yolumuz birdir, mən də oraya gedirəm. Yaxşı, xeyir ola?

– Xeyirdir, Firidun Ağayevi görəcəyəm.

– Sosialist Əməyi Qəhrəmanını?

– Bəli.

– Azərbaycan SSR Ali Sovetinin deputatını?

– Hə.

– Pah atonnan, indi deyəcəm ki, mənə də o lazımdır, inanmayacaqsan.

– Bəlkə inandım, bəlkə yox.

Gülüşdük.

Söhbətləşə-söhbətləşə Bakı dəmir yol stansiyasına gəldik. Dəmir yolu boyunca bir qədər getdikdən sonra diponun qapısına yaxınlaşdıq. Növbətçi məqsədimizi biləndə bizi içəri buraxdı. Köhnə bir vaqonun içərisindən keçib həyətə daxil olduq.

Həyətdə bir neçə paravoz nəzərimizi cəlb elədi. Lap yaxınımızdakı nəhəng bir paravozu yuyurdular. Bir nəfər də bütün işə diqqət yetirirdi. Müxbir ona yaxınlaşdı, köhnə tanış kimi görüşdü və üzünü mənə tutaraq dedi:

– Tanış ol, paravoz briqadalarının təlimatçı-maşinistlərindəndi, Yaqub Fərzəli, Firudun Ağayevin iş yoldaşıdı.

Tanış olduq. Müxbir gəlişimizin səbəbini Yaqub Fərzəliyə bildirəndən sonra üçümüz Bakı paravoz deposunun rəis müavini Yunus Həsənovun kabinəsinə gəldik. İçəridə Həsənovdan başqa üç nəfər də vardı. Yaqub bizi onlarla tanış etdi. Öyrəndik ki, ikisi paravozsürən, biri isə paravoz brriqadalarının partiya təşkilatçısı Qabrieoovdur. Paravozsürənlər Firidun Ağayevin briqadasındadı. Bunlar Azərbaycan SSR Ali Sovetinin deputatı Aleksyev və adlı-sanlı gənc paravozsürən Məmməd Qasımovdu.

Rəis müavini Ağayevin dalınca adam göndərəndən sonra bizə:

– Firidun dayı depomuzun ürəyidi, - dedi. – Depoda onun iştirakı olmayan bir iş təsəvvür eləmək çətindi. Onun qiymətli təklifləri, göstərişləri işimizi qabağa salır...

– O təkliflərdən bir-ikisini deyə bilərsiniz? – soruşdum.

– Əlbəttə. Bax götürək elə onun aprel ayında olan bir təklifini, - Yunus həvəslə cavab verdi. – Depoda paravozların təmiri yubadıldığı bir vaxtda Ağayev təklif elədi ki, hər maşinist özü öz paravozunu təmir eləsin. Çilingərlərə ümid olub özünü bir yana çəkməklə ölkənin dəmiryolçular qarşısında qoyduğu vəzifələri yerinə yetirmək olmaz. Maşinst gərək öz paravozunun ustası olsun. İnsafla deyim ki, maşinstlərimiz də, kişinin dediyinə səs verdilər... Təklifin yaxşı da səmərəsi oldu. Maşinstlərdən Əzizov və Medvedev 88303 nömrəli paravozu, Sobolev və Mkrtıçev 9637 nömrəli paravozu yaxşıca təmir elədilər.

– Başqa bir misalı da mən demək istəyirəm, - Alekseyev sözə qarışdı. – Biz bu yaxınlarda Firidunun təklifilə üç paravozu mədəni şəklə salmışıq, onları əməlli-başla rəngləmiş və nikkelləmişik. İndi bu paravozlar Azərbaycan dəmir yolunda məşhurdur. Bu paravozların maşinistləri Məmməd Qasımov, Məcidov və sizin qulbeçəniz bunun üçün yalnız Ağayevə minnətdarıq. İndi bizim paravozlarımız sazdır, köhlən at kimidir.

– Firidun dayı mənim ustam olub. – deyərək Məmməd Alekseyevin sözünə qüvvət verdi. – Maşinstliyin sirrini mənə o kişi öyrədib. Həmişə özümü onun yetirməsi hesab etməklə fərəhlənmişəm.

Yunus:

– O da səninlə həmişə fəxr eləyir, Məmməd. Boş yerə deyildi ki, 1943-cü ildə onu maşinstlikdən təlimatçı-maşinst vəzifəsinə keçirərkən öz paravozunu ancaq sənə etibar elədi.

Yaqub Fərzəli özünü saxlaya bilmədi:

– Çünki Məmməd onun yetişdirmələri içərisində birinci idi. Ustasının paravozuna ancaq o minə bilərdi.

Yunus:

– Yaxşı yadıma düşdü, bayaqdan Yaqubu niyə danışdırmırıq, Fİridun haqqında o, çox şeylər deyə bilər. Kişini 1919-cu ildən tanıyır. Yaxın dostdular. Hər şeyin təzəsi, dostun köhnəsi, deyiblər.

Yaqubdan xahiş etdik. O, azacıq duruxdu, dərindən nəfəs alıb sözə belə başladı:

– Yaxşı yadımdadır, birinci dəfə depoda işə girərkən Firidunu çilingər köməkçiliyinə qəbul eləmişdilər. Ancaq Firidun üçün işin böyüyü-kiçiyi var idi məgər?! O, əsl iş adamıydı, işinə can yandırırdı. Tez-tez təkrar elədiyi məsəl də buydu: «İşləyən dəmir parıldar, işləməyən dəmir pas tutar». Özü də bunu ən yorğun vaxtlarında təkrar eləyərdi. Az keçmədi ki, dostumu ocaqçı təyin elədilər. Altı ay da bu işin qulpundan yapışdı, sonra maşinst köməkçisi oldu. Onda dayi Azərbaycan şuralaşmışdı. Firidun, deyə billəm ki, dörd iləcən bu vəzifədə işlədi, gündüz bilmədi, gecə bilmədi, işlədi; savadsızlığını ləğv etməliydi, gecə kurslarını havayı ötürmədi, o ki var oxudu. Depo müdiriyyəti Firidunun qabiliyyətini gördü. 1924-cü ildə onu Tiflisə maşinst kursuna göndərdi. Səkkiz ay kursda oxuyub bilikli maşinst kimi öz doğma yuvasına qayıtdı... Elə o işləyən 1943-cü ilə kimi maşinst vəzifəsində işlədi...

Bayaqdan bəri yazı yazmaqla məşğul olan Qabrielov başını qaldırıb bizə baxdı, yəqin ki, o da Firidun barəsində danışmaq istəyirdi.

Bunu hiss edən Yunus:

– Hə. Qabrielov, - dedi, - bəs sən bizim qəhrəman haqqında yoldaşlara nə deyə bilərsən?

Qabrielov qələmi əlindən yerə qoyaraq dedi:

– Mən ondan danışmağa başlasam gərək işinizi buraxıb elə mənə qulaq asasız. Ona görə mən ancaq bir faktı deyəcəyəm burda. İndicə paravoz briqadalarının ilin əvvəlindən bu yana yanacağa etdikləri qənaət cədvəlini gözdən keçirirdim. Ağayevin paravoz briqadası yeddi ay ərzinjə 140 ton yanacağa qənaət eləyib.

Qapı birdən açıldı, otağa iki nəfər daxil oldu. Onlardan təqribən qırx yeddi-yırq doqquz yaşlarında olanı irəli gəlib bizimlə görüşdü. Mən sövqi-təbii olaraq bunun Firidun olduğunu hiss elədim.

Yunus dedi:

– Qəhrəmanımız gəlib çıxdı, indi istədiyiz qədər onunla söhbət edə bilərsiniz.

Məni indi ən çox Ağayevin xasiyyəti, ailə başçısı kimi sifətləri, məişəti, yaşayışı maraqlandırırdı. Əmək qəhrəmanı kimi haqqında çox şey eşitdiyimiz Firidunu indi də uşaqlarının əhatəsində, ocağının başında görmək istəyirdim. Fikrimi ona bildirəndə razı qaldı, işin axırında bizi evinə aparacağına söz verdi və xahiş etdi ki, əgər darıxmasaq oturub onu gözləyək.

Onu bir saat gözləməliydik. Bu vaxtı biz depoyla tanışlığa həsr elədik, paravozsürənlərin işiylə yaxından tanış olmağa çalışdıq...

Vaxt yetişdi, Ağayev gəldi. Birlikdə yola düşdük. Mən indi fürsətdən istifadə edərək onu diqqətlə gözdən keçirdim. Orta boylu, enlikürək bir adamdı. Bizə çox sadə və mülayim insan təsiri bağışlayırdı. Danışanda üzü gülürdü...

Çox çəkmədi ki, vağzalın qarşısındakı iri binalardan birisinin önündə dayandıq:

– Üçüecü mərtəbəyə çıxacağıq, - Firidun bizə müraciət etdi.

O, qabaqda, biz də onun dalınca yuxarıya qalxdıq. Qapını bir gənc açdı. Üç otaqdan ibarət səliqəli mənzilə daxil olduq. Ağayev bizi əvvəlcə qapını açan oğlu Ağa ilə tanış etdi.

Öyrəndik ki, Ağa Tbilisi Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutunun Bakı filialının istismar fakültəsində oxuyur.

Bizə oturmaq üçün yer göstərdilər. Əyləşdik. Ağayev o biri uşaqları haqqında da məlumat verdi. Onun Ağadan başqa üç uşağı vardı. Ağadan kiçiyi Kamal Ix sinifdə, Kamaldan kiçiyi Şövkət VI sinifdə oxuyurdular.

Uşaqlarını oxutmaq barəsində danışarkən o deyirdi:

– Bilirsiz, mən özüm yetim böyümüşəm. İki yaşında ikən atam ölmüş, anamın himayəsində yarıac, yarıtox yaşamışam, vəziyyətimiz ağır olub, oxuya bilməmişəm. Savadsızlığımı sonralar ləğv etmişəm. Odu ki, özümə söz vermişəm: övladlarımı gərək oxudam. Məni oxudan olmayıb. Amman mən oxudacağam.

– Firidun dayı, siz bu evdə çoxdan olursuz? – jurnalist soruşdu.

– Xeyr, burya son illərdə köçmüşük. Bundan əvvəl bir ev var, Telfonnı küçəsində, orda olurduq. O evin də qəribə tarixçəsi var. Danışsam yəqin ki, inanmayacaqsız. Canım, inanmalı da deyil. Hər kəs olsa inanmaz.

Bizi maraq götürdü, təkidlə danışmasını xahiş etdik. O, sözə belə başladı:

– İndiki kimi yadımdadı, depoda təzəcə işə girmişdim. 1919-cu ilin soyuq ayları başlanmışdı. Deponun yaxınlığında bir zirzəmi vardı. Orda bir yoldaşımla qalırdıq. Zirzəmi çox rütubətliydi, soyuqdu. Gecələr soyuqdun yata bilmirdik. Bir dəfə Telfonnı küçəsindən yoldaşımla keçirdim. Gözəl bir imarətin qabağında ikimiz də birdən dayandıq. Mən imarətin pəncərələrini gözdən keçirə-keçirə yoldaşıma dedim: «Gör nə qəşəngdir. Bizə burda mənzil versələr qiyamət olar? Balam, biz insan deyilik?!» Yoldaşımsa dodağını büzüb dedi: «Gözlə, Firudun, boğazında qalar. Bizim gərək canımız elə o padvalda çıxa». Mən də kirimişcə qaldım, yoldaşıma ayrı söz-zad demədim.

Bu əhvalatdan bir neçə il keçdi...bir gün depoda işləyirdim. Bir də onu eşitdim ki, məni çağırırlar. Getdim. Dedilər ki, gedək sənə mənzil verəcəyik. İnanmadım, qərəz ki, nə başınızı ağrıdım, məni zor-gün götürüb gəldilər həmin imarətin qabağına. O imarətin ki, orada yoldaşımla bir hovur durub zəmanədən şikayətlənmişdik. Yuxarı çıxdıq. 3-cü mərtəbədə mənə bir otaq verdilər və çıxıb getdilər. Sonradan bu hadisədən xəbər tutan dostum əvvəlcə inanmaq istəmədi, onu təzə otağıma aparıb çaya qonaq elədim. Dostum yalnız çay içəndən sonra dedi: «Firudun, atalar doğru deyiblər: niyyətin hara, mənzilin də ora».

Biz Firidun dayıya hey suallar verir, onu daha çox dindirməyə çalışırdıq.

– Firidun dayı, sizin adlı-sanlı paravozsürən olmağınızın əsas sirri nədədir? – Bu sualı tanışım verdi.

Bu, qəzetçilərin ənənvi sualıdır. Suala Firidun Ağayevin cavabı belə oldu:

– Burada, məncə elə böyük bir sirr yoxdu. Hər kəsin öz işində usta olması üçün, zənnimcə, üç əsas şey lazımdı: birincisi, həvəsdi, ikincisi, iradə möhkəmliyidi, üçüncüsü də, zəhmətə qatlaşmaqdı, işdən qorxmamaqdı. Bunlar ki, oldu ha, daha sənin üçün öz işində heç bir çətinlik olmaz. Mən belə başa düşürəm, depomuzda da cavanlara həmişə deyirəm: yaxşı maşinst olmaq istəyirsiz işinizi sevin, ondan bərk yapışın. Vaxt ikən fürsətdən istifadə eləyin, axı sizin əsl öyrənmək vaxtınız indidi. İndidi, başa düşüz. Sonra da böyük Nizaminin bu kəlamını onların yadına salıram:


Dünyada keçməsin boş cavan çağın,

Yol get ki, güclüdür indi ayağın.


Mən hələ Bayıl neft mədənlərində işlərkən yoldaşlarımla tez-tez vağzala gedərdim. Paravozlara tamaşa edərdim. Dəmiryolçu olmağa böyük həvəs oyanmışdı məndə. Elə bu həvəs də məni apardı. Söz yox, bu, asan da olmuyub. Bunun üçün çox çətin əziyyətli, ancaq mənim üçün şərəfli sayılan bir yol keçmişəm. Zəhmət yolu keçmişəm...

İçəriyə əlində padnos bir qadın girdi, bizə xoş gəldin elədi, qabağımıza çay qoydu və getdi. Bu, Firidun dayının arvadı Ballı xanım idi. Ev sahibi birinci olaraq əlini stəkana apardı, ətkidlə bizdən də içməyi xahiş elədi. Çay içə-içə söhbətini də davam etdirdi:

– Elə hey çalışardım ki, paravozum saz olsun, onun hər bir hissəsi düz işləsin. Tez-tez silərdim ki, təmiz olsun, parıldasın paravozum. Arvadı evdə parça-marça qırıntılarına həsrət qoymuşdum. Əlimə nə düşərdisə aparıb paravozumu silərdim. Belədi də, paravoz da istəyir ki, həmişə qulluğunda dursan, ona yaxşı baxasan. Onda o da sənin sözünə yaxşı baxar, el yanında üzünü ağ elər.

Ballı xanım boşalmış stəkanları aparmaq üçün gələndə mən zarafatyana soruşdum:

– Ballı xanım, Firidun dayı yenə sizin parça qırıntılarını yığışdırıb depoya aparırmı?

– Yaxşıdı ki, indi boynuna alır, Ballı xanım gözucu Firiduna baxdı. – Onda heç boynuna qoya bilmirdim ki?! Deyirdi xəbərim yoxdu ki, yoxdu, məni qaralamısan, arvad.

Gülüşdük.

Firidun dayı bizi evin yuxarı başında qoyulmuş tikiş maşınının yanına apardı:

– Xalq Yollar Komissarlığından hədiyyədir, - dedi. Vaxt keçirdi, biz Firidunla, onun ailə üzvlərilə görüşüb çıxdıq. Pillələri enərkən fikirliydik. Görünür, hər birimiz öz aləminə dalmışdı. Küçəyə çıxanda jurnalist dedi:

– O uzun zaman zəhmət çəkib, indi də bala-bala bəhrəsini görür.

Mən də dedim:

– Bir buğda əkməsən, min buğda biçməzsən.

– Yaxşı dedin bunu.

– Atalar deyiblər bunu, atalar!..

– Orasını bilirəm, ancaq sən burda o atalar sözünü yerinə salıb işlətdin. Etiraz eləməsən reportajım üçün bu atalar sözünü sərlövhə götürərəm.

– qurbandır! Ümumiyyçtlə, qəzetçilər atalar sözü və məsəllərə tez-tez müraciət etsələr uduzmazlar.

– Yaxşı, sən yəqin ki, oçerk yazacaqsan, hə?

– Görək də... İstəyirəm. Baş tutsa... adını da sadəcə belə qoyacağam: «Əmək və şərəf». Bir az quru səslənsə də Firidun dayının keçdiyi həyat yolunu, elə bilirəm, düz fiadə edər. O, özü danışanda fikir verdin, Nizamidən gözəl bir beyt misal gətirdi. Xoşuma gəldi. Ona görə mən də istəyirəm yazım üçün böyük Nizaminin bu misralarını epiqraf götürüm6


Gecəni, gündüzü çox vermə bada,

Yaxşı ad uğrunda çalış dünyada!


1947